Azərbaycanlının Rusiyada böyük vəzifə alması xoş hadisədir

Ekspertlər Azər Talıbovu kifayət qədər yetişmiş bir kadr sayırlar




Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev Azər Mütəllim oğlu Talıbovu Rusiyanın İqtisadi inkişaf nazirinin müavini təyin edib. Məlumat hökumət saytında dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Şərq”ə verilən məlumata görə, Azər Talıbov bu vəzifəyə təyin olunana qədər Rusiya Mərkəzi Bankı sədrinin katibliyinin rəhbəri olub. İqtisadi İnkişaf Nazirliyində isə soydaşımız bu vəzifədən yenicə getmiş İqor Revanı əvəz edəcək.

Qeyd edək ki, 1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya Prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.

Soydaşımız Rusiya Prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.

Həmyerlimizin Rusiyada yüksək vəzifəyə təyin olunmasına münasibət bildirən Cümşüd Nuriyev "Şərq”ə açıqlamasında bu halın Rusiyada yaşayan soydaşlarımız üçün olduqca əlverişli olduğunu deyib: 

"Son illər Rusiyada yaşayan azərbaycanlıların dövlət strukturlarına cəlb olunması hallarına tez-tez rast gəlirik. Bundan əvvəl də bir həmyerlimiz Başqırdıstanda Baş nazirin müavini vəzifəsinə təyin olunmuşdu. Amma Azər Talıbovun təyinatı daha böyük uğurdu. Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini vəzifəsi Azərbaycan kimi 20 dövlətin İqtisadiyyat naziri vəzifəsindən daha yüksəkdir. Bu şəxs Rusiyada doğulsa da, damarlarında azərbaycanlı qanı axır. Həm də ki o, öz vəzifəsi üzrə kifayət qədər yetişmiş bir kadrdır”.

A.Talıbovun Rusiyanın İqtisadi inkişaf nazirinin müavini təyin olunmasının Azərbaycanla Rusiya münasibətlərində əhəmiyyətli bir rol oynayacağını deyən C.Nuriyevə görə, strateji tərəfdaş olan hər iki ölkə arasında ciddi iqtisadi əlaqələr də qurmaq olar. 

Bilirsiniz ki, artıq Rusiya böhrandan çıxmaq üzrədir. Özünün yeni ödəniş sistemi var, kart sistemi də dəyişdirilib. Azərbaycan bu sistemlərin ölkəmizdə tətbiqi üçün Rusiya təcrübəsindən yararlana bilər.

C.Nuriyev hər şeydən əvvəl isə həmyerlimizin bu uğurunu ermənilərin bu günə qədər azərbaycanlıları dünyaya "barbar” xalq kimi təqdim etmə cəhdlərinə vurulan ən böyük zərbə kimi qiymətləndirir: 

"Bir azərbaycanlı kimi fəxr edirəm ki, həmyerlimiz o cür böyük bir dövlətdə mühüm bir post tutub. Həm də bu cür gənc yaşında. 38 yaş üçün bu vəzifə həddindən artıq böyük uğurdu”.

Şəymən