Aztəminatlı ailələr davamlı dəstək alır

"Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar”



Heç kimə sirr deyil ki, Azərbaycanda həyata keçirilən siyasət davamlı və prinsipial xarakter daşıyır. Hazırda ölkəmizdə proqressiv sosial təminat sistemi qurulub. Prezident İlham Əliyevin iradəsinə söykənmiş bu dayanıqlığı təmin edən isə dinamik inkişafda olan iqtisadiyyatımızdır. Zəif iqtisadi göstəricilər reallığında sosial məsələlərə lazımi diqqət ayırmaq mümkün olmur. Dövlət əhalinin sosial müdafiəsini gücləndirməkdə çətinlik çəkir. Ölkə başçısı İlham Əliyevin sayəsində Azərbaycanda bütün sahələrin inkişafına təkan verən güclü iqtisadi rıçaqlar yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzinə gətirilir. Və bu yöndə ardıcıl proqramlar həyata keçirilir, sistemli addımlar atılır. Ölkə başçısının ötən 15-16 ili əhatə edən fəaliyyətinin təhlili də göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. Aparılan mütərəqqi islahatlardan da görürük ki, bütün sosial, siyasi və iqtisadi addımların nüvəsində Azərbaycan vətəndaşı dayanır. Hətta dövlətin gəlirləri azaldığı illərdə belə Prezident büdcənin sosial yükünü azaltmadı, sosial infrastruktur layihələrinin icrasında ləngimələrin yaranmasına imkan vermədi. Böhran səbəbindən bəzi ölkələrdə maaş və pensiyalar azaldıldığı halda, Azərbaycanda artırıldı, sosial təşəbbüslər gündəmdən salınmadı.

Ümumilikdə, rasional sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Şəhid ailələrinə 11 min manat vəsaitin ayrılması, problemli kreditlərin həll olunması, məcburi köçkünlərin rifah halının yaxşılaşması üçün imzalanan fərman və sərəncamlar, müharibə iştirakçılarına verilən təqaüdlərin çoxaldılması, pensiyaların ilbəil artırılması, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanın imzalanması ölkə başçısının öz vətəndaşına diqqətinin nümunəsidir.

Ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq. Belə də oldu və biz indi islahatların daha fəal fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin açıqlanmasını müşahidə etməkdəyik. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi gündən-günə möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da güclənir.

Sosial inqilab nümunəsi olan qərar

Bu islahatlar paketini dəyərləndirən millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi.

Maliyyə imkanlarımız artdı. Məhz buna görə də 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı. Eyni zamanda, Azərbaycan Prezidenti bu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında cəmiyyətimizi məlumatlandırmışdı. 

Cənab Prezidentin təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2,2 milyard manat olan qərarları sırf Azərbaycan xalqının yaşayışının, rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlara yüksək diqqət və qayğısının növbəti təzahürüdür. 800 mindən çox insanı əhatə edən fərman dünyada analoqu olmayan bir qərardır”.

Millət vəkili söyləyib ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Və Prezidentin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir”.

Sənədsiz və qeydiyyatsız bina qalmayacaq

Deputat Aydın Hüseynov da diqqətə çatdırıb ki, sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır:

Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərman da olduqca əhəmiyyətlidir. Ötən dövr ərzində bəzi çoxmənzilli yaşayış binalarının sənədləşdirilməsində ciddi qüsurlar buraxılıb. Bu da öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Lakin dövlət rəhbəri insanların bu narahatlığına son qoydu. Bu fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə qarşılaşmayacaqlar".

Kənd təsərrüfatı sosial islahatlar paketinin tərkib hissəsi kimi...

Digər parlament üzvü Tahir Rzayevin qənaətincə, indiki halda Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var. Və bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Kənd təsərrüfatının inkişafı ölkənin digər sahələrinin inkişafına da stimul verir:

"Kənd təsərrüfatı ilə əlaqədar sənaye sahələri inkişaf edir. Yeni emal müəssisələri açılır ki, bu da öz növbəsində əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına səbəb olur. Cənab Prezidentin vaxtaşırı olaraq regionlara səfərləri, emal müəssisələrinin açılışında iştirak etməsi, regionlarda pambıq, baramaçılıq və digər aqrar sahələrin inkişafı ilə bağlı müşavirələr keçirməsi kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edir”.

Parlamentari vurğulayıb ki, əvvəllər qaz, su, yol və digər problemlər var idisə, artıq bu gün həmin problemlər aradan qaldırılıb:

"Digər tərəfdən, kənd təsərrüfatının inkişafı üçün müasir texnikalar alınıb. Fermer və sahibkarlar dövlətin dəstəyi ilə təmin olunurlar.

Bütün bunlar tədqirəlayiq haldır, insanların rifah halının yaxşılaşmasına cənab Prezidentin diqqət yetirməsinin nəticəsidir. Yəni Prezidentin sosial islahatlar paketinin mühüm tərkib hissələrindən biridir”.

Turizmin inkişafının sosial islahatlara təsiri...

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov düşünür ki, Prezidentin səyləri nəticəsində ölkəmiz dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib:

"Ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı turizmin də inkişafına təkan verəcək. 

Qatar turizminin inkişafı böyük İpək Yolunun inkişafında yeni mərhələ olacaq. Yaxın gələcəkdə dəniz turizmi də inkişaf edəcək, kruizlər fəaliyyətə başlayacaq. Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahili ölkələri ilə turizm əlaqələrini canlandıracaq və sıx iqtisadi münasibətlər yaradacaq”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin diqqəti və qayğısı sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində Turizm Peşə Məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində Turizm Peşə Məktəbi və Liseyi, Mingəçevir şəhərində Turizm Kolleci fəaliyyət göstərir. Ölkəmizə daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurunun həyata keçirilib. Turizm sahəsindən dövlət büdcəsinə gələn gəlir sosial ayırmalara sərf olunur ki, bu da birbaşa xalqın sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir”.

İdman yarışlarının sosial layihələrin tətbiqinə köməyi...

İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, idman turizmi dünya ölkələri üçün ənənəvi olmayan ciddi gəlir mənbəyidir:

"İdman turistinin nəqliyyat, mehmanxana, qidalanma, əyləncə, pərakəndə ticarət bölmələrində çəkdiyi xərclər iqtisadiyyatda ciddi canlanma yaradır. Təsadüfi deyil ki, İdman Turizmi Beynəlxalq Şurasının apardığı tədqiqatlar göstərir ki, dünyada turizmdən əldə etdiyi gəlirlərin təxminən 32 faizi məhz idman turizminin payına düşür. Bu baxımdan Prezidentin rəhbərliyi altında Azərbaycan hökumətinin son illər beynəlxalq idman tədbirlərinin ölkəmizdə keçirilməsinə nail olması böyük nailiyyətdir. Ölkəmizdə 2015-ci ildən I Avropa Oyunları kimi beynəlxalq idman yarışı keçirildi. Bundan sonra 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçirilməsinə nail olundu.

2016-cı ildən başlayaraq Bakıda "Formula-1” Qran-pri yarışı keçirilir. "Bakı şəhər halqası”nda yüksək səviyyədə təşkil olunmuş yarışmanı izləmək üçün ölkəmizə 50-yə yaxın ölkədən minlərlə turist gəlir. "Formula-1” tamaşaçılar üçün ən bahalı idman yarışları hesab olunur. Bu il "Formula-1” paytaxtımızda 4-cü dəfədir, təşkil olunur. Təbii ki, Bakı da bu beynəlxalq təcrübədən yararlanaraq yarışlar ərəfəsində gəlirlərini artırır. Buradan gələn gəlir də ölkədə sosial layihələrin tətbiqinə və inkişafına yatırılır”.

Qazilər, şəhid ailələri və məcburi köçkünlər çox razıdırlar

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində ciddi addımlar atıldığını deyən millət vəkili Elman Məmmədov da ölkə başçısının siyasətini yüksək qiymətləndirir:

"Qarabağ əlillərinin, şəhid ailələrinin və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ölkə başçısının müvafiq göstərişləri və sərəncamları var. Bütün bu göstərişlərin icrası da göz qabağındadır. Bu il dövlət büdcəsindən qaçqın və məcburi köçkün, eyni zamanda şəhid ailələrinə kifayət qədər vəsait ayrıldı. Artıq 300 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.
Bu vaxta qədər köçkünlər üçün 100-dən çox şəhərcik tikilib. 

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib və bu proses davam edir. 2019-cu il ərzində daha 800 mənzilin verilməsi nəzərdə tutulub. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verildi. Təbii ki, bütün bunlar alqışlanmalıdır. Qarabağ əlilləri, məcburi köçkünlər, müharibə iştirakçıları və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması Prezidentin diqqət və qayğısının göstəricisidir. Ona görə də həmin kateqoriyadan olan insanlar hər zaman Ali Baş Komandanımıza öz minnətdarlığını bildirirlər”.

Şəhidin qardaşı: "Şəhidlər və ailələri unudulmur"

1993-cü ildə Gədəbəy rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Məmmədov Sərdar İbrahim oğlunun qardaşı Məmmədov Sədi İbrahim oğlu bildirib ki, birdəfəlik 11 min ödəmə Prezidentin şəhid ailələrinə diqqətinin təzahürüdür: 

"Ölkə başçısının bu humanist addımı şəhid ailələri, insanlar və ya cəmiyyət arasında çox müsbət qarşılandı. Cənab prezidentin bu təşəbbüsü onun şəhid ailələrinə diqqətindən irəli gəlir. Bu cür diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığımı ifadə edirəm. Çox sağ olsun! Belə bir addım atılacağını heç vaxt gözləməzdik. Lakin cənab Prezident bunu etdi. Şəhid olan qardaşıma görə, ailəmizə birdəfəlik 11 min manat ödənildi. Bu yardım bizim sosial şəraitimizin yaxşılaşmasına çox böyük dəstək olacaq. Doğrudan da şəhidlər və ailələri unudulmur".

Şəhidin oğlu: "Bu dəstək bizi sevindirdi”

1993-cü ildə Sumqayıt şəhərindən olan şəhid Ağayev Sücəddin Asif oğlunun oğlu Ağazadə Rauf Sücəddin oğlu da deyib ki, dövlətimiz şəhidləri və ailələrini yaddan çıxarmır:

"Cənab Prezidentin torpaq uğrunda şəhid olanların ailələrinə bu dəstəyi hər birimizi çox sevindirdi. Biz də 11min manatlıq ödəməni aldıq. Və həmin pulla banka olan borcumuzu bağladıq. Çox sağ olsun cənab Prezident!”

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür.

Ayyət Əhməd