Bağçaların taleyi həll olunur

Dövlət məktəbəqədər təhsil müəssisələrinin valideynlərin vəsaiti hesabına maliyyələşdirilməsi uğurlu olmayacaq


Maliyyə naziri Samir Şərifovun məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı açıqlaması cəmiyyətdə ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə naziri kəskin tənqid atəşinə tutan istifadəçilər dövlət büdcəsi hesabına maliyyələşən uşaq bağçalarının pullu olmasının əhalinin sosial durumuna adekvat olmadığını deyiblər. 

Qeyd edək ki, maliyyə naziri bağçalarda dövlətlə valideynin müştərək maliyyələşmə mexanizminin tətbiq edilməsinin mümkün olduğunu deyib: "Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosial yönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsi, ictimai nəzarətin tətbiqinə gətirib çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər. Yəni, dövlət bağçaları pullu ediləcək, lakin pulun bir hissəsini dövlət, bir hissəsini isə valideyn ödəyəcək".

Millət vəkili Fazil Mustafa isə məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizminin tətbiq olunmasının heç bir məntiqi izahı olmadığını deyib. Onun sözlərinə görə, nazirin açıqlamasında dediyi mexanizmdə özəl bağçaların ödənişinin dövlətlə bölüşdürülməsi nəzərdə tutulmuş ola bilər:

"Məsələn, əgər valideyn özəl bir bağça üçün 70 manat ödəyirsə, dövlət onun yükünü azaltmaq üçün yarısını öz üzərinə götürə bilər. Yəni, dövlət özəl bağçalara subsidiya ayıra bilər, 35-ni özü ödəyər, 35-ni isə valideyn. Bununla da məktəbəqədər təlim problemi həll oluna bilər. Çünki bir çox valideynin buna gücü çatmır. Belə olarsa, özəl bağçalarda ödənişin maksimum standartlarını müəyyən etmək lazım gələcək ki, hansı miqdardan yuxarı qaldırmaq olmaz. Onunla da problemi çözə bilərlər. Amma bunun dövlət bağçalarına şamil edilməsi müəyyən problemlər yaradacaq. Çünki valideynlərin bu yükü qaldırması çox çətindir. Məncə, dövlət özəl müəssisələrə üstünlük verməlidir. Onların yükünü valideynlə yarı-yarıya paylaşmalıdır".

Millət vəkili hesab edir ki, dövlət bağçaların maliyyələşməsini öz üzərinə götürübsə, həyata keçirməyə borcludur: 
"Dövlət bağçalarına qəbul zamanı müəyyən miqdarda pul alınır. Lakin bu, rüşvətdir. Rüşvət olduğuna və bizdə də rüşvət çox təhlükəli bir şey sayılmadığına görə sənədləşmədə hansısa məbləğ alındığı qeyd olunmur. Sənəddə uşaqların pulsuz təlim aldıqları yazılır. Lakin hər kəs bilir ki, faktiki olaraq bağçaya qəbulda müəyyən məbləğ ödənilir, bu da qanunsuzdur və hesab edirəm ki, dövlət bağçalarının bu vəziyyətdə olması valideynlərə çox böyük problemlər yaradır. Dövlət bağçası pulsuz olmalıdır".
Ölkə ərazisində 1722 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyini vurğulayan təhsil eksperti Kamran Əsədov deyib ki, onlardan 66-sı qeyri-dövlət məktəbəqədər təhsil müəssisələri, 1656-sı isə dövlət məktəbəqədər təhsil müəssisələridir: "Statistika Komitəsinin məlumatına görə, məktəbəqədər təhsil müəssisələrindəki uşaqların ümumi sayı 117239 nəfərdir ki, bunun 114842 nəfəri dövlət bağçalarında, 2397 nəfəri özəl bağçalarda oxuyur.

Bu məlumatlara görə, ölkə ərazisində məktəbəqədər təhsil müəssisələrinə cəlb olunanların sayının böyük əksəriyyəti dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyət göstərən təhsil müəssisələridir ki, burda da aztəminatlı ailələrin övladları təhsil alırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin təhsil haqqı minimum 300 manatdan başlayır ki, bu məbləği ödəmək heç də orta statistik Azərbaycan ailəsinin imkanı üçün uyğun deyil".

Dünya ölkələrinin hər birində, hətta inkişaf etmiş ölkələrdə belə təhsil müəssisələrinin böyük əksəriyyətinin dövlət büdcəsinin vəsaiti hesabına təmin olunduğunu vurğulayan ekspertin sözlərinə görə, bu müəssisələr dövlətin kadr potensialının gücləndirilməsi və həyata keçirilməsini təmin edir: 

"Bundan başqa bu müəssisələr dövlət üçün strateji əhəmiyyətli sahələrdir. Əgər bu sahələrin kütləvi şəkildə əlavə qaynaqlardan maliyyələşdirilməsi həyata keçirilsə, o zaman dövlət üçün zərərli kadr hazırlığı da həyata keçirilə bilər. Yəni maliyyəni təmin edən qaynağın istəklərinə uyğun olaraq. Reallıqda onsuz da valideynlər övladlarını dövlət bağçalarına göndərəndə oranın rəhbərliyindən tutmuş, tərbiyəçilərə qədər hər ay müəyyən məbləğdə pul ödəyirlər. Amma bu, hər ailənin büdcəsinə uyğun olaraq kiçik məbləğdir, 10-20 manat məbləğində. Amma əgər hörmətli nazirin dediyi kimi olsa, rəsmi ödənilən məbləğ artacaq ki, bu da yuxarıda qeyd etdiyim sayda insanın təhsildən məhrum edilməsinə gətirib çıxaracaq. Bu gün 70 faiz insanın orta aylıq gəliri heç də imkan vermir ki, onlar ayda 300 manat bağçaya pul ödəsin".

Nazirliyin bununla dövlətin mübarizə apardığı repetitorluğa daha geniş şərait yaratdığını deyən K.Əsədov hesab edir ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin maliyyələşdirilməsində dəyişiklik etməkdənsə, təhsilin vəziyyətinə xüsusi diqqət yetirməlidir:

"Bu gün dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil aşağı səviyyədədir. Bundan başqa, bu müəssisələrdə kadr hazırlığı aşağı səviyyədə təşkil olunub. Kim övladını bu qədər yüksək məbləğə aşağı təhsil olan yerə göndərər ki? Təsəvvür edin ki, özəl bağçalardakı müdirlərin 98,4 faizi ali, 1,6 faizi orta ixtisas təhsillidir. Ötən il dövlət və özəl bağçalarda olan uaşqlardan 38221 nəfəri xəstələnib ki, bunun 37539 nəfəri dövlət bağçalarında, 682 nəfəri isə özəl bağçalarda olanlardır.
Statistik göstəricilər hər şeyi deyir. Mən hesab edirəm ki, dövlət məktəbəqədər təhsil müəssisələrinin valideynlərin vəsaiti hesabına maliyyələşdirilməsinə keçmək uğurlu olmayacaq və heç də doğru addım kimi qiymətləndirmirəm".

Şəymən






1