"Bağlanan bank borcunu ödəyə bilməyəcəksə..." - AÇIQLAMA





"Müxtəlif qurumlar əmanətlərin sığortalanması ilə bağlı heç bir problem olmadığını vaxtaşırı deyirlər. Amma banklar bağlananda bu problemlər üzə çıxır”.

Bu barədə "Sherg.az”a lisenziyası ləğv edilən "DəmirBank”dakı əmanətlərin qaytarılmaması haqqında danışarkən iqtisadçı, ekspert Nazim Məmmədov bildirib. 

O vurğulayıb ki, əmanətlərin qaytarılmamağının səbəbi bankların düzgün məlumat verməməsidir:

"Şirkətlər yoxladıqda və ya Mərkəzi Bank (MB) nəzarət etdikdə ictimaiyyətə açıqlanan məlumatlar yanlış olur. Əmanətlərin qaytarılma mexanizminə görə, bankın özünün əmlakına əsasən qaytarılmalıdır. Bağlanan bank borcunu ödəyə bilməyəcəksə, problem yenə açıq olaraq qalır. Vətəndaşlar əmanət qoyduqda, dəfələrlə yüksək faizlərə aldanmaması, əmanətləri sığortalaması məsləhət görülür. Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklar, o cümlədən "DəmirBank” məlumatlandırmağa açıq olmalıdır. Vətəndaşlar isə müqavilələri imzalayarkən əmanətlərin sığortalanmasını tələb etməlidirlər. Vətəndaşlar buna diqqət etmədikdə banklar sui-istifadəyə yol verir. Ola bilər, bank vətəndaşa əmanətin sığortalanması haqqında yalan informasiya versin.

Sığortalanma haqqında qaydalara uyğun olaraq, vəsaitləri rezerv etməlidirlər və Əmanətlərin Sığortalanması Fonduna ötürməlidirlər. Həmin vəsaitlərdən borclar qaytarılmalıdır. Əgər batma təhlükəsi olan əmanətlər varsa, bank tərəfindən Ləğvetmə Komissiyası yaradılır və hesablanıb, balans çıxarırlar”.

Qeyd edək ki, iqtisadçı Vüqar Bayramov "Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcminin 28,3 mln manat olduğunu vurğulayıb. O deyib ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.

Aysel Aslan