"Bakı-Aşqabad əlaqələrinin inkişafı Transxəzər qaz kəmərini gündəmə gətirəcək"

"Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində 20 müqavilənin imzalanması bu görüşün əhəmiyyətindən və iki dövlətin münasibətindən xəbər verir”.
Bunu "Sherg.az”a Azərbaycan-Türkmənistan münasibətlərindən danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib.
Ekspert bildirib ki, Azərbaycan həmişə Türkmənistana sərfəli təkliflər edib:
 "Xüsusən, Xəzər dənizində mübahisəli ehtiyatlar məsələsində Bakı Aşqabadın lehinə addımlar atıb. Bu görüş Azərbaycan-Türkmənistan münasibətlərinin yaxınlaşmasına səbəb olacaq. Azərbaycanla Türkmənistan arasında müxtəlif projelərin imzalanması hər iki tərəf üçün çox önəmlidir. Ortaq layihə çərçivəsində türkmən qazı üçün yeni istiqamətlər açılacaq. 
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanla eyni kökə malik olmasını bildirməsi iki qardaş ölkənin yaxınlaşmasına böyük təkan verəcək. 
20 müqavilənin imzalanması iki ölkə arasında əvvəlcədən sıx münasibətin və dostluq əlaqələsinin olmasını göstərir. Əməkdaşlığın inkişafı transxəzər qaz kəmərinin çəkilməsi məsələsini də gündəmə gətirəcək və bu istiqamətdə razılaşmanı sürətləndirəcək”.
İsmayıl