Seyid Camal Əzimbəyli: “Forum təklifinin hər bir müsəlman ölkəsi tərəfindən maraqla qarşılanacağına ümid edirəm”
İqtisadiyyat naziri Şahin Mustafayev Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb. Ş.Mustafayev Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edildiyini, bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb. Nazir İslam Həmrəyliyi Oyunları ərəfəsində Bakıda islam ölkələrinin forumunun keçirilməsini təklif edib. Təklif qonaq tərəfindən məmnunluqla qarşılanıb.
Xatırladaq ki, Prezident 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam
sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Dövlətimiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. Həmçinin, dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.
2017-ci ilin "İslam "Həmrəyliyi ili” elan olunması və islam forumu ilə bağlı "Şərq”ə danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, Azərbaycanda dini dəyərlərin təəssübkeşi dövlətimiz və Prezidentimiz İlham Əliyevdir:
"Bunu xüsusi olaraq vurğulamaq lazımdır. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan olunması bütün dünyada tolerantlığın əyani sübutu kimi hər bir ölkəyə böyük dərs oldu. 2017-ci ilin dövlət başçısı tərəfindən "Həmrəylik ili” elan edilməsi də Yaxın Şərqdə, ümumiyyətlə, islam dünyasında cərəyan edən qanlı hadisələrin və məzhəb qarşıdurmalarının son həddə çatdığı dövrdə Azərbaycan rəhbərliyinin İslamın prinsiplərinə necə sahib çıxdığını göstərir”. Ekspert nazirin Forum təklifini də çox təqdirəlayiq hesab edib: "Mən təklifi alqışlayıram. Bu il Bakıda keçiriləcək İslam Oyunları ilə yanaşı əlavə forumun təşkil edilməsi özünü islam təəssübkeşi sayan, müsəlman ölkəsi adlandıran bütün dövlətlər üçün Azərbaycan nümunəsini yenidən ortaya qoyacaq. O baxımdan S.Mustafayevin forum təklifinin hər bir müsəlman ölkəsi tərəfindən maraqla qarşılanacağına ümid edirəm. Cəsarətlə deyirəm ki, Azərbaycan dünyaya sadəcə neft və qaz ixrac etmir. Ölkəmiz dünya cəmiyyətinə həm də tolerantlığı, mənəvi dəyərləri, bərabərliyi ixrac edir. Forumun baş tutması sadəcə bizim dövlət və millət maraqlarımıza deyil, bütövlükdə islam dünyasının maraqlarına xidmət edən çox gözəl fürsət olacaq. Bu fürsətdən istifadə etmək zəruridir”.
İsmayıl