Bakıda tikinti işləri zamanında düzgün aparılmadı

Şəhərdə həqiqətən ekoloji baxımdan çox ciddi bir durum var



Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması, paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir.

Hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir. Ölkə ərazisində avtomobillərin çoxluğu, müxtəlif zavodların fəaliyyət göstərməsi ekoloji cəhətdən bir sıra xəstəliklərin, bakteriyaların və mikrobların əmələ gəlməsinə şərait yaradır. 

Bu baxımdan, paytaxt sakinlərinə saat 18:00-dan sonra küçəyə çıxmaq məsləhət görülmür.

 Ekoloji baxımdan, təmiz olmayan mühitdə əhali üçün yarana biləcək xəstəliklər barədə "Şərq”ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bir sıra ekoloji standartların mövcud olduğunu deyib: 

"Şəhər havasında bir kub metr olan enzopiren törəmələr var. Bunlar karomativ karbohidratlardır ki, onların konfensasiyası müəyyən həddən yuxarı ola bilməz. Əgər bir kub metr havada 1 nanoqram aromatik karbohidratlar varsa, bu o deməkdir ki, hər 100 nəfərdən 18-də bir sıra xəstəliklər - astma, ürək xəstəliyi və bir sıra xroniki xəstəliklər yaranır. Əslində bu həm avtomobillərdən buraxılan zəhərli qazlardan, müxtəlif zavodlarda olan kimyəvi tullantılardan əmələ gəlir. Ona görə də bunlara daim nəzarət edilməlidir. 

Təəssüflər olsun ki, avtomobillərə nəzarət yalnız karporativ maraqlara xidmət edir. Azərbaycanda, xüsusilə Bakı şəhərində tikinti prosesi zamanında düzgün aparılmadı. Həm planlaşdırma, həm də binaların tikilməsi düzgün olmadı. Hündürmərtəbəli binalar biri-birinə sıx şəkildə inşa edildi və artıq bu proses geridə qalıb. Bakı şəhərində ekoloji baxımdan çox ciddi bir durum var. Ümumdünya Səhiyyə Təşkilatının standartlarını nəzərə alsaq, əlbəttə burada insan həyatı üçün təhlükəli olan məqamlar var”.

Yeganə Bayramova