Amma onları yurdlarında bir sıra çətinliklər gözləyir
Hər kəs çörək pulunu müxtəlif yollarla qazanır. "Çörəyini daşdan çıxarır” kəlməsini çox eşitmişik. Nədənsə, hər dəfə bu sözü eşidəndə ağlıma gələn və gözümün önündə canlanan ilk insan fəhlələr olur. Yayın qızğın, qışın çovğun vaxtında tikinti, ya da başqa sahələrdə çalışan fəhlələr, məhz alın təri ilə çörəklərini daşdan çıxarırlar.
Məlumdur ki, paytaxtda olan fəhlələrin xeyli hissəsi müxtəlif bölgələrdən gəlirdilər. Ötən ildən etibarən isə ölkəmizdəki sosial-iqtisadi durumlar fəhlələri necə deyərlər, gəldikləri kimi geri qayıtmağa məcbur edib. Onlar artıq əvvəlki kimi gəlir əldə edə bilmədikləri üçün paytaxtda qalmağı mənasız bilirlər. Məhz bunun üçün son zamanlarda fəhlələrin kütləvi olaraq rayonlara getmələri müşahidə olunur.
Yaranan vəziyyət bir çox sahələrdə olduğu kimi, tikinti sahələrinə də öz təsirini göstərib. Çətin vəziyyətdə tikintidə çalışan fəhlələr üçün maddi vəsait olmadığından başlanan tikintilər, evlər yarımçıq qalır. Lakin onlar düşünürlər ki, "ən pis anda tarlada əkin-biçinlə məşğul olub birtəhər dolanaram”. Amma bu da son ümid qığılcımının sönməsinə səbəb olur. Kənd təsərrüfatı kənardan nə qədər maraqlı görünsə də, bir o qədər qarışıq və ağır sahədir. Bu sahədən gəlir əldə etmək üçün təsərrüfata bir sıra "maya” qoymaq lazım gəlir. Bununla da, çətinlik və işsizlik davam edir. İşsizlik onları kütləvi şəkildə geri qayıtmağa məcbur eləmişdi və yenə kütləvi şəkildə işsizliyə düçar olurlar.
Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Qalib Toğrul kənd təsərrüfatı ilə bağlı ciddi mexanizmlərin lazım olduğunu bildirdi. Ekspertin sözlərinə görə, bəzi orqanlar var ki, onlar təsərrüfatda sahibkarlara qanunsuz müdaxilələr edirlər:
"Son vaxtlar Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif sənədlər qəbul olunub. Amma əsas məsələ sənədlərin qəbul olunması ilə yanaşı, onların icra mexanizmlərinin formalaşdırılmasıdır. Çox təəssüf ki, bu proses ləng və gözlədiyimiz kimi getmir. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən inzibati maneələr var. Baxmayaraq ki, bununla bağlı Prezidentin fərmanı var. Bu, rəsmi şəkildə yoxlamaların dayandırlmasını təşviq edir. Amma qeyri-rəsmi şəkildə bəzi yoxlayıcı orqanlar sahibkarlıq subyektlərində maneçilik yaratmağa davam edirlər. Əsasən, bu problemlər aradan qalxmalıdır. Ölkədə sahibkarlıq mühitinin formalaşması üçün kənd təsərrüfatında hələ çox addımlar atılmalıdır. Çünki kənd təsərrüfatı spesifik və ventabelliyi yüksək olmayan, daim dövlətin köməyinin ehtiyac duyduğu bir sahədir. Bu, Azərbaycanda kənd təsərrüfatı üzrə tanınan İsrail və Hollandiyada da belədir”.
Sahibkarların 1999-ci ildən etibarən torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunduğunu deyən iqtisadçı bunun kənd təsərrüfat sektorunun inkişafı üçün yetərli olmadığını söyləyib:
"Kənd təsərrüfatı sektorunun sığortalanması, məhsulların alınması və daşınması ilə bağlı problemlər həll olunmalıdır. Kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı Prezidentin dövlət qurumlarına tapşırığı var. Lakin bunlar yetərli deyil. Hesab edirəm ki, daha əhəmiyyətli və hədəfə istiqamətlənmiş addımlar atılmalıdır. Daha yaxşı sənədlər qəbul olunmalı və onların icra mexanizmləri yaradılmalıdır. Bu zaman artıq kənd yerlərindən Bakıya işləməyə gələnlərin sayı azalar və yerlərdə məşğulluq imkanları artar”.
Yeganə Bayramova