"Banklar müəllimləri Təhsil Nazirliyi ilə ŞANTAJ EDİR"





"Təəssüf edirəm ki, bəzi hallarda kommersiya bankları müştərilərlə münasibətlərdə, kreditlərin qaytarılması məsələsində qanunvericilikdə imkan verilməyən metodlardan istifadə edirlər”.


Bunu Sherg.az-a orta məktəb müəllimi 46 yaşlı Flora Xəlilovanın Bakıxanov qəsəbəsindəki borclu olduğu bank filialına hücumunun səbəblərini şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Ekspert bildirib ki, son zamanlar onun özünə də kommersiya bankları ilə bağlı daxil olan şikayətlər artıb:

"Bəzi banklar qanunvericilik imkan vermədiyi halda kreditlərin ödənilməsi ilə bağlı uyğun nazirliklərə və ya qurumlara məlumat göndərirlər. Məsələn, müəllimələrə krediti qaytarmadığı təqdirdə Təhsil Nazirliyinə məlumat göndərəcəklərini, müəllimin işdən azad olunmasına nail olacaqlarını bildirib, hədə-qorxu gəlirlər. Baxmayaraq ki, borc götürən müəllimlik kimi vacib peşənin sahibi insandır, yenə də banklar öz addımlarından dönmür. 

Təbii ki, bunu bütün banklara aid etmək olmaz, amma bir sıra bankların borc götürənlərlə münasibətləri sırf hədə-qorxu çərçivəsindədir. Banklar borclulara güzəşt etməməyi borcların ödənilməsini daha da çətinləşdirir. Səbəb ondan ibarətdir ki, banklar kredit götürən şəxsləri dinləməyə cəhd etməyərək, onlar üçün daha uyğun şərtlər hazırlamağa çalışmır. Kredit faizlərinin yüksək olmasına rəğmən, bankların şərtləri yumşaltmağa imkanları var. Təcrübədə isə bu tətbiq olunmur. Bu baxımdan bankın şüşələrinin sındırılması, müəllimənin belə davranışı qəbul edilən deyil, amma yenə də bu fakt təsdiq edir ki, banklar da kredit götürən şəxslərlə münasibətlərdə fərqli yanaşma tətbiq etməli, hər bir fərdin qayğılarını nəzərə almalıdırlar. Bununla kreditlərin qaytarılmasını təmin edə bilərlər”.

Qeyd edək ki, Bakının Bakıxanov qəsəbəsi ərazisində 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb. Orta məktəb müəllimi olan Flora Xəlilovanın həmin banka kredit borcu olmağı məlum olub.

 Aysel Aslan