Baş bankir ərzaq bahalaşmasından danışdı: “İnflyasiya proqnozlaşdırılırdı”





Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.

"Sherg.az" xəbər verir ki, toplantıda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov valyutadan danışıb. 

Baş bankir deyib ki, sərt xarici şok baş vermədiyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq: 

"Bu il strateji ehtiyatlarımız 12 faiz, Mərkəzi Bankın ehtiyatları isə 31 faiz artıb. Beləliklə, ölkəmizin valyuta ehtiyatları 42 milyard dollara çatıb”. Mərkəzi Bank rəhbəri vurğulayıb ki, manat ilin ilin əvvəlindən 4 faiz, son aylarda isə 11 faizdən çox möhkəmlənib. Eyni zamanda Neft Fondundan dövlət büdcəsinə transfertlər 3 dəfə azalıb və ehtiyatlara qənət edilib.

E.Rüstəmov Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, 2017-ci ilin 10 ayı ərzində inflyasiya 13 faizdən artıq olub: "Amma inflyasiya daha çox xarici amillərlə əlaqədardır. Son aylar bəzi ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb. Artım heyvandarlıq məhsullarında da müşahidə olunur. Bu inflyasiya proqnozlaşdırılırdı”.

Anar