Baş direktor: Trabzon limanı Ermənistandan yük avtomobillərini qəbul etmir




Türkiyənin Trabzon vilayətində dəniz limanı vasitəsilə Ermənistandan gələn yük avtomobillərinin boşaldılması qeydə alınmayıb.

Trend-in məlumatına görə, bu barədə limanın baş direktoru Müzəffər Ermiş bəyan edib.

Bildirilib ki, liman rəhbərliyi Türkiyənin Ermənistana münasibətdə siyasətinə sadiqdir:

"Ermənistandan gələn yük avtomobillərinin qəbuluna başlamaq və bu ölkə ilə sərhədlərin açılması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində Ermənistanla sərhədlərin guya açılması və bunun nəticəsi olaraq Trabzon limanından erməni məhsullarının Avropa ölkələrinə ixracına başlanması barədə məlumatlar getmişdi.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına cavab olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.