Tanınmışların övladları da onların özləri qədər diqqət mərkəzində olur. Məxsusi olaraq, repetitorluğun tənqid olunduğu bir dönəmdə tanınmışların övladlarının ali məktəblərə necə hazırlaşması sualı meydana çıxır. Biz də bu sualdan yola çıxaraq, hər zaman repetitorluğu tənqid edən, təhsilin ayrı-ayrı evlərdə deyil, mətkəblərdə verilməli olduğunu iddia edən media kapitanları və millət vəkilləri arasında "Övladınız repetitor yanına gedibmi "sualı ilə sorğu keçirdik.
Sualımızı ilk olaraq cavablandıran. "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli "Sherg.az”a bildirib ki, övladlarını repetitor yanına yalnız hazırlıq mərhələsində müəyyən hissədəki geriləməni bərpa etmək məqsədilə göndərir:"Repetitor hazırlığına qoyduqda övladlarımın test imtahanlarına hazırlığı əsas məqsəd götürməmişəm. Böyük oğlum artıq ali məktəbdə oxuyur və dediyim kimi kurslara gedib.
Kiçik oğlum isə Türkiyə universitetlərinə imtahan verdiyinə görə, paytaxtdakı müvafiq kurslarda hazırlaşıb. Bu, tamamilə fərqli istiqamət olduğundan, əslində repetitor da hesab edilmir. Bu baxımdan hər iki oğlumun repetitor yanına getdiyini söyləmək olmaz. Əlavə xarici dil öyrənmək üçünsə, sözsüz olaraq, müəllimlərin yardımından istifadə etmişik.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də övladlarını repetitor yanına qoyub. Buna rəğmən baş yazar övladlarının oxuduğu orta məktəblərin sistemindən razıdır:"Qızım 9-cu sinifdə oxuyur və Akademik Zərifə Əliyeva adına liseyin şagirdidir. Oğlum isə Atatürk liseyinin 6-cı sinfində təhsil alır. Uşaqları aşağı siniflərdən ingilis dili kurslarına qoymuşuq. 1-2-ci siniflərdən öyrənməyə başladıqlarına görə, qızım artıq ən yüksək səviyyədə ingilis dilini mənimsəyib. Dərsləri də ağır olduğundan ingilis dili kursunu dayandırıb. Amma oğlum isə öyrənməyə davam edir.
Qızım IV ixtisas qrupuna imtahan verəcək. Əvvəlki siniflərdə öyrəndiklərini təkrarlamaq üçün repetitor yanına gedir. Oğlum isə tək riyaziyyatdan hazırlığa gedir. Əslində Atatürk liseyinin təhsilindən, müəllimlərin bilik səviyyəsindən, liseyin sistemindən çox razıyıq. Sadəcə valideyn iclaslarında müəllimlər riyaziyyatdan oğlumu müvəqqəti hazırlığa qoymağı məsləhət gördülər. Ona görə, evimizin yaxınlığında riyaziyyat müəlliməsi tapdıq və indi hazırlığa gedir. Qeyd etməliyəm ki, həqiqətən, yaxşı nəticələr oldu”.
İ.Quliyevin sözlərinə görə, sırf orta məktəbdə keçilən dərslərlə istənilən yüksək nəticələri göstərmək çətindir:
"Təhsil proqramları çox ağırdır. Hər bir valideyn isə övladının savadlı olmasını, qəbul imtahanlarında yüksək nəticə göstərməsini istəyir. Ona görə, əlavə hazırlıqlara qoymaqdan çəkinmirik. Amma, bir daha vurğulamaq istəyirəm ki, hər iki liseyin sistemindən, dərs metodlarından, müəllimlərindən tam razıyıq”.
"Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə övladlarını aşağı siniflərdən repetitor yanına qoyub:"Övladlarımın ali məktəb hazırlıqları Dövlət İmtahan Mərkəzinin xətti üzrə deyil, "IELTS” üzrə oldu. Ötən il oğlum Ayxan Abbaslının "IELTS” imtahan nəticəsi 7.0 bal oldu. Hazırda Çexiyanın paytaxtı Praqada şəhərində, Çarlz Universitetində oxuyur, İqtisadiyyat və Maliyyə fakültəsinin birinci kurs tələbəsidir. Nəticəyə baxılarsa, repetitor hazırlığının səmərəsini gördüyümüzü deyə bilərəm. Əslində, hər kəs bilir ki, "IELTS” sistemində məşğələlər mütləq müəllimlə aparılmalıdır. Şagird özü hazırlaşarsa, yüksək nəticə göstərməsi çətin olur.
Hazırda qızım da "IELTS” üzrə məşğələlərə gedir. Hələlik orta məktəbdə oxuyur. İnanıram ki, oğlum kimi, qızım da uğurlu nəticə göstərəcək və arzuladığı ali məktəbə daxil olacaq”.
Azərbaycan təhsil sistemi üçün repetitorluğun əhəmiyyətindən danışan millət vəkili Zahid Oruc bu hazırlığın qaçılmaz olduğunu söyləyib. O diqqətə çatdırıb ki, hər bir valideyn övladının gələcəyinə bu vasitə ilə investisiya qoyur:"Əslində müsbət haldır ki, maddi durumundan asılı olmayaraq, hər kəs övladının gələcəyini uğurlu qurmaq üçün çalışır. Repetitor hazırlığını məktəblərimizin qüsuru kimi qiymətləndirməyin əleyhinəyəm. Çünki övladlarımız orta məktəb partası arxasında öyrəndiklərini yaxşı mənimsəyərsə, öz üzərində çalışarsa, əla nəticələr qazanmaq olar.
Sovet təhsil sistemi alman sistemindən götürülmüşdü. Məktəb təhsili nə qədər güclü olsa da, özümüz daha artıq çalışırdıq. Onda da bilikli müəllimlərin yanına hazırlığa gedirdilər. Ancaq repetitor hazırlığı müstəqillik illərində kütləviləşib. Bu, təhsilin məktəblərdən evlərə köçməsi demək deyil. Təhsilin inkişafı, orta məktəblərin uğurlu nəticələrinin artırılması üçün görülən işlər danılmazdır. Lakin insanların da üzərinə vəzifələr düşür. Məsələn, övladlarımıza kənarda xərclədiyimiz vəsaitləri məktəbə yönəltməliyik. Bu halda məktəbin nəticələri müəllimlərin evlərində parta qoyub, sərbəst keçdikləri dərslərdən belə uğurlu olar. Artıq qeyd etdiyim istiqamətdə addımlayırıq, bu prosesin içərisindəyik”.
Aysel Aslan