Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir
“Eynək alarkən işığa doğru tutub aşağı- yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir”
Yayın gəlişi ilə əlaqədar gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb. Artıq şəhərin istənilən yerində - mağazalarda, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik.
Səyyar şəkildə necə gəldi satılan gün eynəklərinin gözlərimizin mühafizəsinə yararlı olub-olmaması isə sual altındadır. Eynək seçiminə müxtəlif cür diqqət edən alıcıların əksəriyyəti isə satılan eynəklərin keyfiyyətinə fikir vermir.
Yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verən istifadəçilər öz zövqlərinə uyğun seçim edir və onları alırlar. Seçib aldıqları bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatlar isə kifayət qədər məhduddur. Çeşid çoxluğu ilə qarşılaşan insanlar məlumatsızlıq səbəbindən əksərən keyfiyyətsiz gün eynəkləri aldıqlarının fərqində belə olmurlar. Sonradan bir çox problemlərlə qarşılaşdıqda artıq gec olur. Ucuz, görünüşcə zövq oxşayan eynəklər gözlərdə qızartı, yaşarma kimi fəsadlarla başlayan və zəiflik hallarına qədər gətirib çıxaran fəsadlar törədir. Qeyd edək ki, əhaliyə optik xidmətlər yalnız optika mağazaları vasitəsilə göstəriləcək. Bu, yeni hazırlanan "Tibbi optika haqqında” qanun layihəsində qeyd edilib.
Yeni qanun layihəsinin 8-ci maddəsində (Optika mağazası) göstərilib ki, optika mağazaları hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılır. Qanuna əsasən əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstəriləcək.
10 maddədən ibarət qanun layihəsində bildirilib ki, optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçiriləcək.
"Optika haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ölkəyə daxil olan bütün tibbi ləvazimatlar, optik şüşələrin mütləq şəkildə sertifikatı olmalıdır. Gün və optik eynəklər hazırlanarkən, müxtəlif prosedurlara riayət olunmalıdır:
"Plastik materialdan olan eynəklərin bəziləri materiallardan hazırlanır. Hətta dermotoloji testlərdən keçmədən satışa çıxarılan eynəklər də var. Onlar da son nəticədə insanların sağlamlıqları üçün ciddi təhlükə mənbəyi ola bilir. Gözün travmasının qarşısını almaq üçün eynəklərdə üzvü şüşələrlə qeyri-üzvü şüşələrin kooperasiyasından istifadə olunur. Bu şüşələrin ömrü çox uzun olmasa da, müəyyən dövr üçün məqsədəuyğun sayılır”.
Professorun sözlərinə görə, dünyanın bütün ölkələrində xüsusi idarələr var ki, ölkə ərazisində istifadəsinə icazə verilən hər bir yardımçı vasitə, dərman preparatları onları qeydiyyatdan keçirib, sertifikat verməlidir. Bizdə bu səlahiyyət Standartlaşdırma və Patent İdarəsinə məxsusdur. Onlar bu cür eynəklərin ölkəyə gətirilib-gətirilməməsinə qərar verməlidirlər.
Ölkə ərazisinə daxil olan xeyli tibbi ləvazimatların, eynəklərin çıxdaş olunmasını vacib hesab edən professorun sözlərinə görə, indiki halda, kooperativ maraqlar buna imkan vermir: "Güman edirəm ki, "Optika haqqında” qanun layihəsi qəbul olunacağı halda həmin vasitələrin ölkəyə kütləvi şəkildə daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq. Ən azından qeydiyyatsız və mənşəyi məlum olmayan tibbi gözlüklərin və gün eynəklərinin paytaxt küçələrində satışı dayandırılacaq”.
Oftalmoloqlar tövsiyə edirlər ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir. Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxta olduğu şübhəsizdir.
Şəymən