Hazırda özünüidarəetmə orqanlarının səlahiyyəti məhduddur
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkəmizdə bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının həddindən artıq olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan kimi bir ölkədə çoxlu sayda bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur.
Deputat bildirib ki, YAP bələdiyyələrin sayının azaldılmasını təklif edir: "Heç onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır”.
S.Novruzov qeyd edib ki, bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini istəyirlər: "Eyni zamanda hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyəyə çata bilər. Onu da deyim ki, hələ seçkilərə vaxt var. Odur ki, zamanı gələndə bu məsələləri reallaşdırmağa çalışacağıq”.
Bələdiyyələrin effektiv şəkildə fəaliyyət göstərməsi əsas məsələlərdən biridir. Maraqlıdır, bələdiyyələrin inkişafı və fəaliyyətinin normal olması üçün neçə üzvü olmalıdır?
"Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı "Şərq”ə bildirib ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı 10 milyonluq əhali üçün təxminən 21.000 nəfərə yaxındır: "Bələdiyyənin formalaşması qaydası var. Məsələn, 1000 nəfərlik bir kəndə 7 bələdiyyə üzvü düşür. 1000-5000 nəfər yaşayan kəndə 9 bələdiyyə üzvü, 5000-10000 nəfər yaşayan qəsəbə və kəndlərə isə 11 bələdiyyə üzvü düşür. Bu say ardıcıllıqla artır. Ümumilikdə isə, Azərbaycanda yerli özünüidarəetmənin sayı 1800-dən artıqdır. Yəni kiçik və böyük bələdiyyələrin sayı bu qədərdi. Bir neçə il bundan qabaq 2800 bələdiyyə var idi. Kiçik bələdiyyələr birləşdirildi və beləliklə, 1000 bələdiyyə azaldıldı. Əgər növbəti dəfə bələdiyyələrdə azaldılma olacaqsa, təbii ki, bu, birbaşa seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin edilməsindən keçəcək”.
Birlik sədrinin sözlərinə görə, Azərbaycanda bələdiyyələrin geniş imkanları və səlahiyyətləri yoxdur:
"Qardaş Türkiyə dövlətində olduğu kimi. Həm də unutmayaq ki, Azərbaycanda bələdiyyələrin yaşı çox da uzağa getmir. 1999-cu ilin dekabrında ilk dəfə bələdiyyə seçkiləri keçirilib. Bir çox ölkələrin təcrübəsində var ki, bələdiyyə sədrləri seçki yolu ilə seçilir və birbaşa xalq özünün bələdiyyə sədrini də, bələdiyyə üzvlərini də seçir. Həmçinin Avropanın aparıcı ölkələri var ki, bələdiyyə sədrini, xalq təfərindən seçilən bələdiyyə üzvləri seçir. 40.000 artıq əhalisi olan bir qəsəbədə bu gün 13 bələdiyyə üzvü fəaliyyət göstərir. Fikrimcə, bu yetərlidir. 10.000 nəfərə bir bələdiyyə üzvü düşür. Bir xatırlatmanı da deyim ki, 20 ildir mən Azərbaycanda bələdiyyə seçkilərində iştirak edirəm. 4 dəfə bələdiyyədə uğur qazanmışam. Bələdiyyə rəhbərliyinə də seçilmişəm. Bu sahədə 20 illik praktikam var. Düşünürəm ki, bu gün Azərbaycanda bələdiyyə institutunun möhkəmlənməsi üçün, daha geniş səlahiyyətlər nəzərdə tutulmalıdır. Səlahiyyətsiz bələdiyyələrdən çox işlər gözləmək doğru deyil”.
Yeganə Bayramova