"Bəlkə də ən bərbad avtomobillər Azərbaycandadır"





"Azərbaycana idxal olunan maşınların əksəriyyəti ikinci əl avtomobillərdir”.

Bunu "Sherg.az”a "Nissan" şirkətinin Rusiyada 128 mindən çox avtomobili geri çağırmasından danışarkən nəqliyyat eksperti, "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyib. O bildirib ki, tək "Nissan” şirkəti deyil, digərləri də belə aksiyalar həyata keçirir:

"Əslində bunun arxasında bir reklam dayanır. Hələ ki, Azərbaycanla bağlı belə məlumatlar müşahidə olunmayıb. Amma bu o demək deyil ki, Azərbaycana idxal olunan maşınlar saz vəziyyətdədir. Bəlkə də ən bərbad avtomobillər Azərbaycandadır. Dünyanın böyük dövlətlərinin yanında Azərbaycana idxal olunan maşınların sayı qat-qat azdır. Ona görə, hansısa avtomobilin geri çağırılması, təmir olunub, yenisi ilə əvəzlənməsi halı olmayıb.

Servisdən alınan maşınlarda nasazlıq olub. Müştəri isə həmin maşını başqası ilə əvəz edə bilib. Amma olur ki, yeni avtomobil ölkəyə gətirilib, satılıb. Bir neçə aydan sonra texniki nasazlıq yaranır. Bəzən həmin avtomobilin Azərbaycanda ehtiyat hissələri satılmır. Şirkət isə yeni avtomobili ölkəyə göndərir, onu "doğrayıb” ehtiyat hissələri kimi ayrıca satırlar. Çünki şirkətlər öz nüfuzunu qorumaq, müştərini qaçırmamaq məqsədi güdür”.

Qeyd edək ki, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Aysel Aslan