Beş fəsil, 19 maddədən ibarət qanun...

Uşaqlar zərərli informasiyadan qorunacaq
“Qanunun qəbulundan sonra televiziyalarda, internet saytlarında və qəzetlərdə xüsusi kateqoriyalı yazılara işarə qoyulacaq ki, uşaqlar oxumasın”



Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Uşaqlarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb.

Ancaq uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar uşaqlar xəbərin bir parçasına çevrildikləri olaylarda ortaya çıxır. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.

Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir. Məhz bu problemlərin qarşısını almaq üçün Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında " qanun layihəsini müzakirə edir. Deputatların dediyinə görə, hazırda mükəmməl qanun layihəsi üzərində iş gedir. Televiziya, radio, qəzet və jurnal, həmçinin internet resurslarında uşaqlara verilən informasiyalar təsnifatlaşdırılaraq bir neçə yerə bölünüb.
Milli Məclisin bilgisində layihəni parlamentə prezident İlham Əliyevin təqdim etdiyi bildirilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun yerli qanunvericiliyə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara uyğun hazırlandığı əlavə edilib. 5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir. Qəbul edilərsə, qanun bu sahədəki münasibətləri tənzimləyəcək.

Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Layihə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.

Deputatlar "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsini bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib. Parlament layihəni qəbul edərsə, 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, sözügedən qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri də müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbulunu gecikmiş addım hesab edir: 

"Həddindən artıq çox gecikiblər həmişə kimi. Bu qanunu 90-cı illərdə qəbul etməli idilər. Bu gün özəl televiziya və radioalar internet resursları uşaqlara qarşı psixotron silah tətbiq edirlər, onlara mənəvi psixoloji terror edirlər. Bunun qarşısı çox sərt şəkildə alınmalıdır. Çünki son 20 ildə aparılan terrorun uşaqları nə vəziyyətə qoyduğunu artıq müşahidə edirik”.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyevanın sözlərinə görə, uşaqları internetin zərərlərindən qorumaq üçün maarifləndirici, təşkilati və proqram-texniki tədbirlərin həyata keçirilməsi ilə yanaşı, uşaq psixologiyasına, sağlamlığına təsir edən ziyanlı kontentin qarşısının alınmasının qanunla tənzimlənməsi də mühüm məsələdir.

İnternet asılılığının yaratdığı problemlərdən danışan baş mütəxəssis hesab edir ki, uşaqların və yeniyetmələrin hər şeyi öyrənmək istəyi onların internetdə saatlarla vaxt keçirməsinə səbəb olur. Bu, uşaqlarda real ünsiyyətdən daha çox virtual münasibətə üstünlük verməsi, cəmiyyətdən uzaqlaşması, sağlamlığı ilə bağlı problemlərin yaranması və s. ilə nəticələnir. O, internetdə uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktika işləri, valideynlərlə iş, texniki nəzarətin olmasının zəruriliyini diqqətə çatdırıb: "Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İC-nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq olunmuşdur. Sərəncama əsasən, "Uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün "təhlükəsiz internet” mexanizminin işlənilməsi və tətbiqi” bəndi işlənib. "Uşaqların zərərli informasiyadan qorunması” qanun layihəsinə əsasən uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyən edilib”. S.Ocaqverdiyeva uşaqların internetdə qarşılaşdığı zərərli informasiyaların aradan qaldırılması, yaxud azaldılmasına nail olmaq üçün təklif edir ki, istifadəçilərin təhlükəsizliyi dövlət qurumları, internet xidmətlərinin əməkdaşları, şəbəkə administratorları, moderatorlar tərəfindən nəzarət olunsun. O, həmçinin Azərbaycan dilli uşaqlar üçün domen zonasının əldə olunması, təhlükəsiz internet mərkəzinin və İNSAFE təşkilatı ilə əməkdaşlığın yaradılması, KİV vasitəsi ilə internetdəki təhlükələrin gənc nəslin nümayəndələrinə psixoloji zərərləri ilə bağlı təbliğatın aparılması və s. kimi işlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, uşaqlar haqqında informasiya hazırlamaq həddindən artıq həssas məsələdir. Bu məsələ həm qanunlarla qorunur, həm də jurnalistlərin etik kodeksində bununla bağlı xüsusi bəndlər var. Uşaqların zərərli informasiyalardan qorunması ictimaiyyəti narahat edən əsas məsələlərdən biridir.
"Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinə kifayət qədər zərurət olduğunu deyən M.Ələsgərlinin sözlərinə görə, internetin inkişafı ilə bağlı olaraq hazırda informasiyalarda müəyyən standartların pozulması kütləvi hal alıb: "Barəsində məhdudiyyət qoyulan bütün informasiya kateqoriyaları internet üzərində yayılan məlumatlarda pozulur. O cümlədən, bu hal uşaqların təlim-tərbiyəsinə çox ciddi fəsad vurur. Bu baxımdan uşaqların zərərli informasiyadan qorunması üçün müəyyən tənzimləyici qanunlar olmalıdır. Düşünürəm ki, qeyd olunan qanun layihəsinin hazırlanması təqdirəlayiqdir. Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun nə qədər tez qəbul olunarsa, daha tez müsbət nəticə əldə olunar”.

Ekspert uşaqlar haqqında xəbər hazırlamaq üçün bələdçi təlimatların belə hazırlandığını deyib: 

"Beynəlxalq Jurnalistlər Federasiyasının xüsusi təlimatı var ki, uşaqlardan müsahibə necə götürülməlidir, onlar barəsində xəbər necə hazırlanmalıdır. Yəni bu məsələ üçtərəfli sənədlə tənzimlənir.
Sözügedən qanunda isə uşaqlara aid olmayan informasiyaların hazırlanması zamanı da onların qorunması nəzərdə tutulur. Dünyanın bir sıra ölkələrində bu cür qanunlar var. Bizdə də qanunun qəbulu ilə bağlı təşəbbüs irəli sürülməsi yaxşı haldır. Qanunun qəbulundan sonra televiziyalarda, internet saytlarında və qəzetlərdə xüsusi kateqoriyalı yazılara işarə qoyulacaq ki, uşaqlar oxumasın. Sevindirici hal həm də odur ki, artıq qanun layihəsinin ilkin variantı Prezident Administrasiyasında hazırlanıb və Milli Məclisə təqdim edilib. Hətta qanun layihəsi müvafiq Komitədə müzakirə olunan zaman Qeyri Hökumət nümayəndələri dəvət olunmuşdu. Jurnalist Həmkarlar İttifaqının sədri olaraq mən də sözügedən iclasda çıxış etdim. Media hüquqları, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan digər QHT təmsilçiləri də orada idi. Qanun layihəsinin müzakirəsi zamanı bizlərin də fikir və rəylərinin nəzərə alınmasını təqdirəlayiq hal kimi dəyərləndirirəm. Çox güman ki, bizim səsləndirdiyimiz təkliflər də qanunda öz əksini tapacaq”.

Qanunun ümumi məzmununun normal olduğunu deyən M.Ələsgərlinin fikrincə, cüzi dəyişikliklərlə qəbulu məqsədəuyğundur. Təkliflərimdən biri odur ki, qanun müddəti bir az tezləşdirilsin. Layihədə qanunun 2020-ci ildə qüvvəyə minəcəyi qeyd olunub. Düşünürəm ki, bir il əvvələ çəkilsə daha yaxşı olar”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə hesab edir ki, internet vasitəsi ilə uşaqların onlara ziyan vuran, psixoloji, mənəvi gərginliklər, asılılıqlar yaradan, o cümlədən yaş hədlərinə uyğun olmayan materiallara baxmasının qarşısını almaq olduqca mürəkkəb məsələdir: 

"Dünya hazırda bununla mübarizə aparsa da, bunun qarşısını inzibati üsullarla tam almaq təəssüf ki, mümkün olmur. Və mümkün olacağı da inandırıcı deyil. Düzdür, qanunvericilik bazası formalaşarsa, azyaşlıların internet klublarda zərərli portallara daxil olmasının, habelə yaş həddi tələb edilən materiallara baxmasının qarşısı qismən alına bilər. Amma buna tam nail olmaq mümkün deyil. Çünki internet materialları "çağırılmamış qonaq”dır və ümumi istifadədə olan kompüterlər, planşetlər vasitəsi ilə qadağaları tam tətbiq etmək baş tutan məsələ kimi görünmür. Bu məsələdə uşaqlara valideynlərin, məktəbdə müəlilmlərin maarifləndirmə işləri aparması daha effektli ola bilər. Habelə, internet klublarda yaş həddinə uyğun olaraq kompüter proqramları tətbiqi mümkündür ki, bu kompüterlərdən istifadə edən azyaşlılar onlara ziyan vura biləcək informasiya məkanlarına daxil ola bilməsinlər. Amma qeyd etdiyim kimi, bu da məsələnin tam həlli deyil. Düşünürəm ki, bunun üçün həm də maarifləndirmə və valideyn, müəllim nəzarətinin, təbliğinin daha çox effekti ola bilər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb