“ABB sağlamlaşdırıldıqdan sonra özəlləşdiriləcək”
"Son günlər Beynəlxalq Bank (ABB) ətrafında müzakirələr daha da qızışıb. Buna əslində, təbii yanaşmaq olardı. Lakin, bəzi ekspertlər tərəfindən verilən şərhlər və izahatlar çox qərəzli və məqsədli xarakter daşıdığından təəssüf hissi yaradır. Xüsusən də, Bankın xarici öhdəliklərinin restruktizasiyasına münasibət məsələsində”. Bu sözləri Azərbaycan Beynəlxalq Bankının reytinqinin aşağı düşməsi ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, ABB-nin "başına gələnlər” məlumdur və bu, ciddi tənqidə layiqdir. Ancaq sözügedən Bankı kapital çatışmazlığı problemiylə üz-üzə qoyan təkcə, bu amil olmayıb axı: "ABB Azərbaycanın bank sektorunda ən böyük bank idi, yeganə əsas, yəni bir nömrəli sistem əhəmiyyətli bank idi. Əslində, səhv elə bundan başlayırdı. Belə ki, hər hansı bir bankın sistem əhəmiyyətli olmasından zərər yoxdursa da, hədsiz nəhəng və "nömrə 1” olması bütövlükdə bank sektoru üçün riskli vəziyyətdir.
Deməli, həmin bank problemlə üzləşsə, bu, bütün bank sektoruna təsir göstərməlidir, yayılmalıdır. Məsələ də məhz bundan ibarətdir ki, ABB-ni "çökdürən” təkcə, yarıtmaz idarəçilik olmadı, ölkəmizin valyuta gəlirlərinin neftin qiymətlərinin enməsiylə əlaqədar azalması nəticəsində həm yaranan yeni situasiya da buna yol açdı. Ümumiyyətlə, ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən də mövcud idi. İstehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətliliyindən böyük zövqlə və həvəslə yararlanması və sair, sistemi uçuruma aparırdı”.
2012-ci ildən artıq bunların narahatlıq doğurmağa başladığını vurğulayan ekspert qeyd edib ki, həmin vaxtdan ciddi nəzarət tədbirləri görmək haqda danışılmağa başlandı: "Hətta Milli Məclisdə belə, bu haqda danışılmağa və ölkədə istehlak kreditlərinin verilməsinə dair şərtlərin sərtləşdirilməsinin zəruri olduğu müzakirəyə çıxarıldı. Lakin artıq, gec idi. Bankların nizamnamə kapitallarının tədricən artırılması, kreditləşdirmənin sərtləşdirilməsi və sair kimi tədbirlərə start verilmişdi. Neftin qiymətinin 2014-cü ilin iyununda düşməyə doğru start götürməsi isə yaranın üstünü tez açdı və ilk olaraq da məhz ABB üzrə mövcud olan "biabırçı” vəziyyət üzə çıxdı. Hökumət də bir növ dilemma qarşısında qaldı: ya Beynəlxalq Bankı buraxmalı, ya da onu sağlamlaşdırmalı (restruktizasiya) idi. ABB-ni ləğv etmək isə məqsədəuyğun deyildi.
Bunun səbəbini yuxarıda qeyd etdiyim amillə bağlı izah etmək kifayətdir. Deməli, qalırdı bir yol: Bankın qeyri-sağlam hissəsini, toksik aktivlərini kəsib götürmək və bunu dövlətə transfer etmək. İndi soruşuram: xarici reytinq agentlikləri belə durumda olan quruma nə qiymət verməlidirlər ki? Təbii ki, ya defolt və yaxud bankrot, ya da ki aşağı reytinq. Odur ki, xüsusən də xarici öhdəliklərin restruktizasiya məsələsi də ortaya çıxdıqdan sonra "Fitch” və "Moody’s” beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqini SSS və Caa3 səviyyəyə endirib. Bu, əslində çox normal bir haldır və əsas bundan sonrakı prosesdir. ABB sağlamlaşdırıldıqdan sonra özəlləşdiriləcək. Buna hələ var, müəyyən zaman çəkəcək. Ancaq əsas budur ki, ABB reanimasiyadan çıxdıqdan sonra tamamilə yeni qiymətləndirilmə və yanaşma tələb edəcək”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesinin növbəti mərhələsində Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra "Fitch” və "Moody’s” beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, "Fitch” bankın reytinqini SSS səviyyəsində elan edib. "Moody’s” isə Banka Caa3 reytinqini verib.
Şəymən