Beynəlxalq jurnalistika Azərbaycana hava və su kimi lazımdır
Həmid Vəliyev, BDU Beynəlxalq jurnalistika Kafedrasının müdiri, professor
(Əvvəli ötən sayımızda)
Birinci şərt: Beynəlxalq jurnalist ən azı bir xarici dili mükəmməl bilməlidir. İkinci şərt: müxbir
işləyəcəyi ölkənin və regionun tarixini və mədəniyyətini, etnoqrafiya və coğrafiyasını, ölkədə
yaşayan xalqların adət və ənənələrini bilməlidir. Üçüncu şərt: Beynəlxalq jurnalistin öz nöqteyinəzəri, dərin biliyi və müstəqil xarakteri olmalıdır. Dördüncu şərt: müxbir işləməyə göndərildiyi ölkədə yaşamalıdır.
Qeyd etmək lazımdır ki, Yan Fleminqin hazırladığı layihə bu günün özündə də aktualdır.
Ölkəmiz Beynəlxalq jurnalistika orbitində yerini getdikcə möhkəmləndirmək, beynəlxalq
jurnalistikamızın uğurlarını təmin etmək üçün bu şərtləri həyata keçirməlidir. Mütəxəssislər belə
hesab edirlər ki, mətbuatın dördüncü hakimiyyət olduğundan danışarkən məhz Beynəlxalq
jurnalistikanın üzərində dayanmaq lazımdır, çünki Beynəlxalq jurnalistikada informasiya son
dərəcə məqsədyönlü olur. Yeri gəlmişkən, deyək ki, əgər 1988-ci ildə - Qarabağda ermənilərin
bu torpağı Ermənistana qatmaq uğrunda hərəkatı qızışmağa başladığı bir zamanda Azərbaycan
Beynəlxalq jurnalistika orbitində olsaydı, yəni Azərbaycanın heç olmazsa, inkişaf etmiş bəzi
ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransa kimi bir neçə ölkədə
Beynəlxalq jurnalistika ilə məşğul olan nümayəndələri fəaliyyət göstərsəydi, biz informasiya
blokadasında qalmazdıq, xalqımızın haqq səsi eşidilərdi.
Beynəlxalq jurnalistika beynəlxalq münasibətlərin tərkib hissəsidir, bu münasibətlərin
formalaşmasında, inkişafında və tənəzzülündə onun rolu ölçüyəgəlməz dərəcədə böyükdür.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda beynəlxalq jurnalistika fakültəsi artıq 50
ildən çoxdur ki, fəaliyyət göstərir. Həmin fakültə öz auditoriyalarına MDBMİ-nin xüsusi
kateqoriyasını - ən yüksək təhsilli, ən əvvəl, istedadlı və yaradıcı şəxsiyyətləri toplamışdır.
Mövcud olduğu illər ərzində fakültə Aleksandr Qurnov,Artyom Borovik, Aleksey Kondulukov,
Yaroslav Skvortsov, Stanislav Kuçer və başqaları kimi məşhur jurnalistlər yetişdirmişdir.
Fakültədə Rusiyada ilk dəfə olaraq ictimaiyyətlə əlaqələr (Publik relations) ixtisası üzrəmütəxəssislər hazırlamağa başlamışlar. Beynəlxalq turizm üzrə menecerlər hazırlanması üçün
şöbənin açılması fakültənin tarixində mühüm mərhələ olmuşdur.
Beynəlxalq jurnalistika fakültəsində xarici dillərin tədrisi əsas yer tutur və tədris planında buna
bütün fənlərdən daha çox - 425 saat ayrılır.
Fakültədə tədris olunan fənləri bizim jurnalistika fakültəsində öyrədilən fənlərlə müqayisə etsək,
beynəlxalq jurnalistika ilə adi jurnalistika arasındaki fərqləri aydınca görmək olar. Bizim
jurnalistlərə "İnformatika” fənni tədris edilir. Lakin riyaziyyatdan zəif biliyə malik tələbələr
informatikanı lazımi səviyyədə qavraya bilmirlər. Görünür, bunu nəzərə alan MDBMİ-nin
beynəlxalq jurnalistika fakültəsinin rəhbərliyi tələbələrə 140 saat həcmində "Riyaziyyat və
informatika” fənninin öyrədilməsini zəruri hesab edir. "Diplomatik və konsulluq xidməti və
protokol” (70 saat), "Beynəlxalq jurnalistin yaradıcıllıq emalatxanası” (50 saat), "Beynəlxalq
mövzuda reportaj” (50 saat) fənlərinin tədris edilməsi, "Kütləvi kommuniksiyanın psixologiyası”
və "Jurnalistikanın sosiologiyası” kurslarına yer ayrılması Beynəlxalq jurnalistikanın adi
jurnalistikadan fərqlərini görməyə imkan verir.
Bundan əlavə, Beynəlxalq jurnalistika fakültəsində "Rusiyanın beynəlxalq münasibətlər və
xarici siyasət tarixi” kursuna 340 saat yer ayrılması çox şey deyir. "Xarici siyasət idarəsinin
informasiya-analitik işi” kursunun öyrədilməsi də beynəlxalq jurnalistika ixtisasının
əhəmiyyətini artırır. Bizim hələ də məhdud təsəvvürə malik olduğumuz "İşgüzar jurnalistika”
kursunun vacibliyini də unutmaq olmaz. Bir sözlə, Beynəlxalq jurnalistika fakültəsinin tədris
planına nəzər yetirərkən burada hər şeyin vacib olduğunu, ikinci dərəcəli fənlərin olmadığını
aydınca görürük.
Bəziləri mətbuatı, jurnalistkanı dördüncü hakimiyyət hesab edirlər. Əlbəttə, mətbuatı güzgü
adlandıranlar da çoxdur, xidmətçi kimi qiymətləndirənlər də. Bu fikirlərin hər birinə konkret
anlamda haqq qazandırmaq mümkündür. Jurnalistika 2-ci və ya 3-cü fikri daha çox doğruldur.
Yəni, mətbuat həqiqəti əks etdirirsə, güzgüdür, qərəzli əks etdirirsə, əyri güzgüdür; kiminsə
xidmətçisidir.
Birinci fikir üzərində dayanmaq lazımdır. Bu, mübahisəlidir, çünki çoxları mətbuatı dördüncü
hakimiyyət, ümumən hakimiyyət hesab etmir, hakimiyyətin əlində alət, yaxud hakimiyyətin
əleyhinə işləyən vasitə sayır. Əgər biz jurnalistikanı hakimiyyət hesab ediriksə, onda məhz
beynəlxalq jurnalistikanın üzərində dayanmalıyıq. Çünki beynəlxalq jurnalistikada informasiya
son dərəcə məqsədyönlü olur. Hamıya çoxdan məlumdur ki, CNN sülhü və müharibələri idarə
edir. İnformasiya siyasətin real, təsirli amilinə çevrilir.
Beynəlxalq jurnalistika beynəlxalq hadisələrin səmərəsini artırır. Yuqoslaviya hadisələrini yada
salaq. CNN dünyaya belə bir informasiya yaymışdı ki, serblər müsəlman qızını zorlayıb
öldürmüşlər. Tezliklə bu hadisə ilə əlaqədar olaraq dünya ictimai rəyi formalaşdı və həmin rəy
serblərin əleyhinə yönəldildi. Belə bir informasiyadan son dərəcə asılı olan diplomatiya da
tezliklə həmin vəziyyətdən Yuqoslaviya hökümətinin əleyhinə istifadə etdi. Rusiyanın
Çeçenistanda apardığı müharibənin heç də terrorizmə qarşı aparılmadığı fikrini də dünyada
beynəlxalq jurnalistika formalaşdırmışdır. Elə buradaca demək lazımdır ki, beynəlxalq
jurnalistika, hətta inqilabların hazırlanıb həyata keçirilməsində mühüm rol oynayır. Ayətullah
Xomeyni Fransada yaşayarkən şah rejiminin devrilməsini məhz KİV vasitəsilə hazırlayıb həyata
keçirdi. Burada tarixə müraciət etmək yerinə düşərdi. Məlum olduğu kimi, İkinci dünya
müharibəsində Amerika Birləşmiş Ştatları və İngiltərə alman faşizminə qarşı müharibədə SSRİ-
nin müttəfiqi idi. Sovet, Amerika və İngiltərə əsgərləri arasında dostluq yaranırdı. Müharibədən
sonra həmin dostluq münasibətləri SSRİ və ABŞ-ın sadə vətəndaşlarına da sirayət etməyə
başlamışdı. Lakin bu, sosializm quran və marksizm-leninizm ideyalarına daim sadiq olan SSRİ
rəhbərliyinə əl vermirdi. Sovet imperiyasının ərazisində nəşr olunan qəzet və jurnallar daim
burjua həyat tərzini pisləyir, kapitalizmin ölməkdə olduğunu sübut etməyə çalışırdı.
Əlbəttə, ABŞ-ın rəhbərləri də bu məsələlərə kənar müşahidəçi münasibəti bəsləmir və kütləvi
informasiya vasitələrinin köməyi ilə sovet gerçəkliyinin iç üzünü açıb dünya ölkələrində yayılan
mətbuat orqanları canlı faktlar əsasında hazırlanmış və sovet həyat tərzinin çirkinlərini ifşa edən
materiallarla doldurulurdu. Kapitalist ölkələri barəsində yayılan yayanlara, böhtanlara dərhalcavab verilirdi. Bu isə SSRİ barəsində ictimai rəyin formalaşmasına kömək edirdi. O dövrdə
mətbuat aləminə çox yaxşı tanış olan Olsop qardaşları bu sahədə böyük iş görürdülər. Bu işin
nəticəsi kimi meydana çıxan "Reportyor peşəsi” kitabını nəzərdən keçirdikdə görürük ki, SSRİ-
nin ABŞ-a qarşı düşmənçilik mövqeyindən çıxış etməsi həmin ölkənin rəhbərliyində və
jurnalistlərində narazılıq doğurmuşdu.
Olsop qardaşlarının kitabında jurnalistikanın, xüsusilə beynəlxalq jurnalistikanın necə böyük
gücə malik olduğu göstərilir. "Nyu-York tayms” qəzetininbu sahədəki fəaliyyəti haqqında əsər
yazmış Q.Telis də Olsop qardaşlarının dediklərini nisbətən başqa şəkildə göstərir. O yazırdı:
"Hər hansı bir məsələni siz bir gün ərzində sübut edə bilməzsiniz. Yalnız fasiləsiz təsir
göstərməklə oxucunun təsəvvürü dəyişilə bilər. "Nyu-York tayms” məhz belə edir.Qəzetin irəli
sürdüyü və vurğuladığı məsələni daha böyük maraqla və diqqətlə oxumağı oxucuya məcbur
etmək çox vacibdir. Hətta reklam belə sadəcə kommersiya işi deyildir, müəyyən siyasi
məqsədlər güdür”.
Amerikanın bütün qəzetləri, o cümlədən "Nyu-York tayms”, "Vaşinqton post”, "Çikaqo tribun”
körfəz müharibəsi zamanı beynəlxalq mövzuya xüsusi diqqət yetirmiş, müharibə zamanı baş
verən hadisələrin işıqlandırılmasını dövlət xüsusi nəzarətə götürmüşdü. ABŞ-ın İraqa qarşı
müharibəsində də bu prinsipə əməl edilirdi. Çünki söhbət ABŞ-ın iqtisadi və siyasi
mənafelərindən gedirdi. Neft yataqları ilə zəngin olan regionda amerikalıların öz təsirini
saxlamağa çalışması təbiidir. Digər tərəfdən, son illərdə Amerikanın xarici siyasətində
beynəlxalq təhlükəsizliyə, demokratiya və insan hüquqlarına riayət edilməsinə cəhd göstərilməsi
mühüm istiqamətlər kimi meydana çıxır.
Magistratura pilləsi üçün Beynəlxalq jurnalistika kafedrasının həll olunması vacib olan
problemlər yaradır. Belə problemlərdən birincisi beynəlxalq jurnalistikanın bakalavr səviyyəsini
bərpa etməkdir. Belə ki, son illər beynəlxalq jurnalistikanın magistratura pilləsində kadr
hazırlanması təcrübəsi göstərir ki, jurnalistika fakültəsini bitirənlərin ən yaxşıları belə
beynəlxalq jurnalistika şöbəsinin magistraturasında özlərini lazımi səviyyədə göstərə bilmirlər.
Onların baza təhsilinin ümumi jurnalistika olması magistraturada yüksək bilik nümayiş
etdirməyə imkan vermir. Bundan əlavə, beynəlxalq jurnalistika şöbəsinə daha hazırlıqlı, daha
mədəni, daha vətənpərvər abituriyentlərin qəbulunu təmin etmək üçün test imtahanlarından əvvəl
qabiliyyət imtahanı tətbiq etmək daha yaxşı səmərə verərdi. Eyni zamanda, jurnalistika
şöbəsində dərs deyən aparıcı müəllimlərin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
Beynəlxalq jurnalistika fakültəsində ixtisasartırma kursu keçmələrini təmin etmək yerinə
düşərdi.
Bizə elə gəlir ki, beynəlxalq jurnalist kadrları hazırlamaq sahəsində müəyyən təcrübəmiz vardır
və Azərbaycanda tarix, hüquq, iqtisadiyyat, beynəlxalq münasibətlər, ədəbiyyat və mədəniyyət
sahələrində dərin bilik qazanmış beynəlxalq jurnalist kadrları yetişdirilə bilər və
yetişdirilməlidir. Bu, zamanın tələbidir. Bizim isə zamanın tələbindən geri qalmağa haqqımız
yoxdur.
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb