Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi, daha doğrusu, seçki şousu başa çatdı. Düşmən ölkədəki seçkilər kütləvi saxtakarlıq, qanun pozuntuları və seçicilərin boykotu ilə yadda qaldı. Nikol Paşinyanın "Mənim Addımım” bloku 70 faiz səs "topladığını” iddia edərək özünü qalib elan etdi. Serj Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, 8 siyasi təşkilat isə parlamentdən kənarda qaldı. Seçkidə bir müddət əvvəl ölmüş ermənilərin də "səs verdiyi” üzə çıxdı. Bununla da səsvermə Ermənistan tarixinin ən biabırçı seçkisi kimi tarixə düşdü. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan erkən parlament seçkilərində 48 faiz ölkə vətəndaşının iştirak etdiyini açıqladı. Deməli, 52 faiz seçici səs verməkdən boyun qaçırıb. Paşinyan və tərəfdarlarının seçkidə saxtakarlıq yolu ilə qələbə çalması erməni siyasətçiləri tərəfindən də etiraf edilib.
Məsələni şərh edən politoloq Tofiq Abbasov "Sherg.az”a bildirib ki, Ermənistanda saxtakarlıq təcrübəsi illər əvvəl mövcud olub:
"Ötən illərə nəzər saldıqda Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyətə gəldiyi saxtakarlığı, qanun pozuntusunu aydın şəkildə görmək mümkündür. Yəni Ermənistanda bu kimi qanunsuzluqlar əvvəldən mövcuddur. Hazırda da Nikol Paşinyan keçmiş "təcrübə"lərindən istifadə edir. Məsələnin daha çox diqqət çəkən tərəfi odur ki, bəzi Qərb institutları Ermənistandakı saxta seçkini tənqid etmək əvəzinə tərifləyir.
Dəfələrlə Ernənistanda olan bütün biabırçılıqların, çatışmazlıqların, reallıqla uzlaşmayan məqamların hamısını Qərbin gözlənilmədən məmnuniyyətlə qarşılaşdığını görmüşük. Bütün bunlar da Qərb ölkələrinin Ermənistana dair xüsusi münasibətinin təzahürüdür. Çünki Qərbin istəyi Ermənistanı Rusiya və İrandan ayırıb , özrəlinə tərəf çəkməkdir. Ermənistandakı bu vəziyyət çətin olduğu qədər cəfəng bir anlam daşıyır.
Separatçı ölkədə həqiqətən də demokratik cəmiyyət olsaydı, onda ölkədə seçkilər şəffaf keçirilərdi. Bir daha Qərbin Ermənistanda olan saxtakarlığa göz yumduğunu gördük. Amma bundan sonra N.Paşinyanın hakim qüvvənin başında olacağı məlumdur.
Məsələ ondan ibarətdir ki, N.Paşinyan ölkəni hansı istiqamətdə aparacaq, rəsmi İrəvanaın siyasi kursu nədən ibarət olacaq və Dağlıq Qarabağ münaqişənin həllinə dair hansı addımlar atılacaq? Bunların hamısı bizim üçün böyük əhəmiyyət kəsb edən məqamlardır. Fikrimcə, ən yaxın vaxtlarda biz bunların hamısını görəcəyik”.
Kənan Eynuroğlu