Robert Köçəryan kamerada tək saxlanılır: səhhəti ilə bağlı təfərrüatlar

Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Yerevan-Kentron” İstintaq Təcridxanasında kamerada tək saxlanılır.

Sherg.az xəbər verir ki, bu barədə jurnalistlərə onun oğlu, müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryan məlumat verib.

“Atam təxminən 20 gün əvvəl ürəyindən əməliyyat olunub. Bundan sonra bir ay müddətində nəzarət altında olmalı idi. Bu, tam şəkildə təmin edilmədi və müəyyən problemlər yarandı. Qalan məsələlərdə vəziyyəti normaldır”, - deyə Levon Köçəryan bildirib.

O, avqustun 31-də – atasının doğum günündə onu ziyarət edib.

Levon Köçəryan bildirib ki, böyük qardaşı Sedrak Köçəryanı həbsindən sonra görməyib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə Robert Köçəryanı yaxın qohumları ziyarət edə bilər. Sedrak Köçəryanı isə yalnız həyat yoldaşı və uşaqları görə bilər.

Xatırladaq ki, 27 avqust səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryanın iki ay müddətinə həbs edildiyini açıqlayıb.

Köçəryan avqustun 25-də saxlanılıb, daha sonra yaxın vaxtlarda ürəyinə stent qoyulmasından sonra səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib.

O, əmlakın qanunsuz əldə edilməsi işi üzrə ittiham olunur. İstintaqın versiyasına görə, prezidentliyi dövründə vəzifə səlahiyyətlərindən istifadə edərək digər şəxslərlə əlbir olub və bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

İş çərçivəsində onun oğlu Sedrak Köçəryan, həmçinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da dindirilməyə çağırılıb. Sedrak Köçəryan da iki ay müddətinə həbs edilib.