Bəzi stomatoloji klinikalar və gözəllik salonları ölüm saçır - PROFESSOR : "Hepatitə yoluxa bilərsiniz"




Stomatoloqlar alətlərini sterilizasiya etmədiklərinə görə, hepatitə yoluxma riski artır.

Bunu Sherg.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 

Onun sözlərinə görə, bu cür infeksiyaların yayılmasının əsas səbəbi məlumatsızlıq və savadsızlıqdır: 

"Müraciət edən vətəndaşlara manikur, pedikur salonlarına, bərbərxanalara, stomatoloqlara getdikdə özlərinin alət dəstlərini aparıb, istifadə etmələrini məsləhət görürük. Bu, təhlükəsizlik üçün müəyyən zəmanət verir. Günümüzdə satılan keyfiyyətsiz dərmanlar, sterilizasiya edilmədən istifadə olunan alətlər viruslara yoluxma riskini artırır”.

A. Qeybulla deyib ki, stomatoloji klinikalarda virus həkimin alətlərindən yayılır: "

 Damağa zərər verən, qan vasitəsilə bədənə yayılan infeksiyalar hepatitin artmasına gətirib çıxarır. Stomatoloqlar alətləri ilkin istifadədən sonra müəyyən məhlullar hesabına sterilizasiya etməlidir. Daha sonra yuyulub, istifadə edilə bilər. Bəzi klinikalarda sadəcə yumaqla alətləri istifadə edirlər. Bu sterilizə edilmiş hesab olunmur. Antivirus dərmanlara qoyulmamış alətləri istifadə etmək olmaz. Stomatoloqlar üçün lazım olan alətlər də mağazalarda satılır. Alıb istifadə etməklə təhlükədən bir qədər sığortalanmaq olar. Əslində klinikalara qanunla müəyyən olunmuş qaydada ciddi nəzarət edilməlidir. Standart sistem tətbiq olunarsa, xəstəliklərin yayılmasına qismən mane olmaq mümkündür”.

Professor onu da əlavə edib ki, virusun yayılma mənbələrindən biri olan bərbərxanalarda ülgücdən istifadə etməmək lazımdır: 

" Müəyyən mənada əgər stomatoloji klinikalarda anormal vəziyyət varsa, bərbərxanalarda gigiyena qaydalarına əməl olunmadığına təəccüblənməməliyik.

Qeyd edək ki, Son zamanlar stomatoloji klinikalarda, gözəllik salonlarında və bərbərxanalarda hepatit virusuna yoluxma hallarının sayı artıb. 

Aysel Aslan