Mehriban Zeynalova: “Hədə-qorxulara məruz qalan qadınlar məhkəmə prosesində ərlərini bağışlamaq məcburiyyətində qalırlar”
Bir neçə gün əvvəl arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ.Məşədiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Məşədiyevin həyat yoldaşı Şəriyyə öz işində olan problemlərini ona danışıb. İ.Məşədiyev isə "bəsdir, bezdirdin məni” deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq ona dəyib.
Onların iki övladı var. Arvadı Ş.Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini, şikayətçi olmadığını deyib.
Ekspertlər hər zaman iddia edir ki, cəmiyyətdə qadınlara qarşı şiddətin artması onların öz hüquqlarını bilməməsi və müvafiq qurumlara müraciət etməkdən çəkinməsi ilə bağlıdır. Bəs, az qala cinayətə qurban gedən qadının məhkəmədə ona bıçaq çəkən ərini bağışlamasının səbəbi nədir?
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında qadının şikayətini öz xoşu ilə geri çəkməsinin inandırıcı olmadığını deyib:
"Belə hallarda hədə-qorxulara məruz qalan qadınlar məhkəmə prosesində ərlərini bağışlamaq məcburiyyətində qalırlar. Bizim sığınacaqda da əri tərəfindən bıçaqlanan bir qadın var. İnandırım sizi ki, əgər o sığınacaqda olmasa idi təzyiqlərə tab gətirməyib, şikayətini geri götürməli olacaqdı. Ancaq bizim sığınacaqda təhlükəsizliyi təmin olunduğu üçün qorxmadan öz haqlarının müdafiəsini tələb edir. Hələ buna rəğmən qarşı tərəf hədələrindən əl çəkmir, min bir cəhdlə qadına ərizəsini geri götürməsi üçün təzyiqlər edir. Bəlkə də sözügedən xanım onu bıçaqlayan həyat yoldaşını doğrudan da öz istəyi ilə bağışlayıb. Bəlkə də uşaqlarına görə bu addımı atmalı olub. Amma mən hesab edirəm ki, gələcək təhlükəsizliyinə görə şikayət ərizəsini geri götürüb”.
İstənilən halda cinayət törədən şəxslərin bağışlanılmasının yolverilməz olduğunu vurğulayan Təşkilat sədrinin sözlərinə görə, belə adamların təkrar cinayət törətmə ehtimalı çox böyükdür. Biz dəfələrlə həbsxanadan çıxan adamların həyat yoldaşını öldürməsinin, ona ciddi xəsarət yetirməsinin şahidi olmuşuq. Bəlkə həmin şəxs də həyat yoldaşını təhdid edib ki, həbs olunsam, çıxan kimi səni öldürəcəm. Qadın da ən optimal variant olaraq düşünüb ki, bəlkə də bağışlasa, həmin təhdidlərdən sovuşacaq. Ancaq belə adamların islah olması heç də inandırıcı görünmür, əksinə, həbsxanadan çıxandan sonra daha da qəddarlaşırlar”.
Kişilərin qadınlara qarşı fiziki güc tətbiq etməsini, silaha, bıçağa əl atmasını anladığını qeyd edən Mehriban xanım hesab edir ki, necə olur ki, qadınlar əsəbiləşəndə hisslərini cilovlaya bilir, amma kişilər yox.
Şəymən