Bir aydan artıqdır manatın məzənnəsi sabitləşib

Ancaq iqtisadçı deyir ki, bu belə davam edə bilməz


Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb. Sənəddə qeyd olunub ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5 faiz azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7 faiz artıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə müqayisədə nağd valyutanın xalis satışı 2 dəfə azalıb.

Dollarla valyuta əməliyyatların həcminin azalmasına münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında bu prosesin səbəbini ölkədə ümumdaxili idxalın azalması ilə bağlayıb: 


"Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, iqtisadi aktivliyin olmaması, əhalinin ticarətdə iştirakının zəifləməsi idxalda 17 faizlik geriləməyə gətirib çıxardıb. Bu isə öz növbəsində dolların alış-satışına təsir edir, xaricə dollar çıxarılmasının azalmasına səbəb olur, ən önəmlisi isə ölkədə xarici valyuta ilə aparılan əməliyyatların sayına öz təsirini göstərir.
Dollarla valyuta əməliyyatlarının azalması tələbata da öz təsirini göstərir. İnsanlar əvvəlki illərdə olduğu kimi məhsullara maraq göstərə bilmir. İstehlak kreditlərinin inkişaf etdiyi illərdə ölkəyə gətirilən məhsulların alıcıları çox olurdu. Ancaq son illər banklarda yaşanan böhranla əlaqədar istehlak kreditlərinə də maraq azalıb”.
İqtisadçının sözlərinə görə, idxalın azalması ilə yanaşı, manatla bağlı yaşanan problemlər də dollarla valyuta əməliyyatlarının azalmasına səbəb olan amillərdən biridir: "Mərkəzi bankın hesabatında da qeyd olunub ki, manatın kütləsinin dövriyyəsində 8 faiz azalma müşahidə olunub. Bu da dollara olan tələbatı azaldan səbəblərdəndir”.

Dollarla valyuta əməliyyatlarının azalmasının manata basqıları zəiflətməsi məsələsinə gəldikdə isə N.Cəfərli deyib ki, bu proses müəyyən dərəcə manatın məzənnəsinin sabitləşməsinə kömək edir:

"Son bir aydan artıqdır ki, manatın məzənnəsi 1.70 civarında sabitləşib, amma daha böyük fəsadlara yol
açır. Bu fəsadlar isə iqtisadi aktivliyin, kreditləşmənin, ticarət dövriyyəsinin kəskin şəkildə zəifləməsi, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi, iş yerlərinin və gəlirlərin azalmasından ibarətdir. Hesab edirəm ki, Mərkəzi Bank bu siyasəti uzun müddət davam etdirməyəcək. Dollarla valyuta əməliyyatının aşağı düşməsi iqtisadiyyatın digər sahələrinə mənfi təsir etdiyindən ilin ikinci yarısından sonra müəyyən dəyişikliklər etməli olacaq. İqtisadi aktivliyin azalması bahasına məzənnənin sabitləşdirilməsinə dəyməz. Axtarıb, paralel siyasət yeritməyin yollarını tapmaq lazımdır”.

Şəymən