Bir ildə 42 hamilə qadının İİV-ə yoluxması ciddi rəqəmdir

“Analiz tələb edəndə qız anası ayağa qalxıb deyir ki, “nə olub mənim qızıma, gül kimi uşaq böyütmüşəm”



Ötən il Respublika QİÇS-lə Mübarizə Mərkəzində 170 mindən çox hamilə qadın İİV-infeksiyasına görə müayinə olunub. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli məlumat verib. A.Nəzərli bildirib ki, hamilə qadınların 42 nəfərində İİV aşkarlanıb və qeydiyyata götürülüb: "Bu qadınların hər biri dünyaya sağ körpə gətirib”.

Şöbə müdirinin sözlərinə görə, 2016-cı ildə İİV-ə yoluxmuş 10 uşaq mərkəzdə daimi qeydiyyata götürülüb:

"Yeni dünyaya gəlmiş körpələr dərhal qeydiyyata götürülmür. 18 ay ərzində onlar müşahidədə olurlar. 18 aydan sonra analizləri götürüb baxırıq. Çünki 18 ay ərzində anadan olan anticismlər orqanizmdə qalır. Əgər bu müddətdən sonra onların qanında anticismlər təyin olunmursa, onda onlar qeydiyyatdan çıxarılır. Ötən il qeydiyyata götürülən uşaqların yaşları fərqlidir: 3 yaşa qədər olan da var, 3 yaşdan yuxarı olan da”.

Ötən il ərzində nikaha girməzdən öncə tibbi müayinələrin keçirilməsi yerinə yetirilsə də, açıqlanan rəqəmlər müayinələrin nə dərəcədə və hansı səviyyədə keçirildiyi ilə bağlı suallar yaradır. Evlilikdən qabaq tibbi müayinənin vacib olduğunu bildirən "Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bu gün qadınların əksəriyyətində müxtəlif virsuların, mikrobların olduğunu deyib. Məhz buna görə də doğuş zamanı dünyaya gələn körpələrin əksəriyyətində xəstəliklər qeydə alınır. Birlik sədri həmçinin bildirib ki, ucqar dağ kəndlərimizdə yaşayan hamilə qadınlar heç vaxt müayinələrdən keçmirlər və ancaq doğuş zamanı xəstəxanaya gəlirlər. Nəticədə isə ginekoloq pasiyentin daxili orqanlarından, hamiləliyin gedişatından tamamilə xəbərsiz olur:

"Hər il 160, 165 və 170 min hamilə qadın qeydiyyata düşür və bu rəqəmlər bizim ölkəmiz üçün xarakterikdir. 170 minin içərisindəki 42 nəfərdə isə İİV aşkarlanması elə də kiçik rəqəm deyil. Həqiqətən də bir il ərzində 42 hamilə qadının İİV-ə yoluxması həyəcan təbili çalır.

Tibbi müayinə olduqca vacib bir məsələdir. Ölkəmizdə belə bir müayinə təsdiqləndi və bu, ürəyimizdən olan haldı. Bilirsiz ki, bir sıra xəstəliklər cinsi əlaqə və qan yolu ilə keçə bilər. Bu xəstəliklərin müalicəsinin aparılması çox vacibdir. Tibbi müayinəni aparan orqan və eyni zamanda ailələrlə söhbətlər aparılmalıdır. Çünki müayinə məsələsi həm qız, həm oğlan tərəfdən birmənalı qarşılanmır. Əvvəllər də bizdə bu analiz məsələsi qeyri-rəsmi şəkildə qoyulurdu və biz ictimai çağırışlar edirdik ki, valideynlər tibbi arayış tələb etsinlər. Bunlar ictimai çağırışlar idi, amma bunu sonradan qanunla tənzimlədilər”.

Z.Mustafayevanın sözlərinə görə, tibbi müayinə qanunla tənzimlənsə də, bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır: 

"Analiz tələb edəndə qız anası ayağa qalxıb deyir ki, "nə olub mənim qızıma, gül kimi uşaq böyütmüşəm”. Həmçinin oğlan evi də eyni cür reaksiyalar verir. Yəni bu məsələ ailədən gələn bir tendensiyadır. İstər-istəməz çalışırlar ki, müayinə məsələsini "ötüşdürsünlər”. Məsələn, ölən yaxınımızın qarnının yarılmasına icazə vermirdik ki, onu necə kəfənləyib yuyacağıq? Bu, mental münasibət indi də ailələrdə qalmaqda davam edir.

Müasir gəncliyin münasibəti müsbətdir. Biz dəfələrlə müşahidə etmişik, gənclər əl-ələ verib açıq şəkildə və ürəklə analizə gedirlər. Amma tək gənclər evlənmir ki, Rusiyada ömrünü keçirmiş adam gəlir Azərbaycana və 16 yaşında qızı verirlər ona ərə. 40 yaşında və gününü küçələrdə keçirmiş adamın nə marağı var gedib analiz versin? İstənilən xəstəxanada yoxlasaq, onun 7-8 mikrobu olduğu meydana çıxar. O cür evliliklərdə təbii ki, problemlər müşahidə olunur. Belə hallarda nikah orqanları tibbi müayinələrdə nə dərəcədə radikallıq göstərir, müayinələrin qulaqardına vurulmasına dözümsüzlük edir, bunu gərək monitorinq keçirilməklə araşdıraq. Əksər halda insanlar özlərində virusun aşkar olunmasından qorxmurlar. Onların qorxusu informasiyanın yayılması vahiməsidir. Həm qız tərəf, həm oğlan tərəf fikirləşir ki, hamı biləcək və biabır olacaqlar. Bu informasiyanın yaratdığı vahimə adətən analizlərdən keçməyə maneə olur. Analizlər zamanı psixoloji dəstəklər də çox vacibdir. Dəstək olmadan analizə getmək yolverilməzdir.

Xəstəlik daşıyıcıları bilməlidirlər ki, onlardan dünyaya gələn uşaqlar əbədi olaraq xəstə ola bilər və bir valideyn olaraq onlar ömür boyu məhkum olacaqlar. Tibbi müayinələr nəyə görə həyata keçirilməlidir? Biz müharibə şəraitində yaşayan ölkəyik və bizə sağlam əhali lazımdır. Müharibədən sonra da bizə sağlam işçi qüvvəsi lazımdır. Əgər əhalinin yarısı əlil olacaqsa, onda biz bu ölkədə necə işçi qüvvəsi təşkil edəcəyik? Genefondu necə sağlamlaşdıracağıq?”

Yeganə Bayramova