Məktəb bufetlərində uşaqların sağlamlığı təhlükə altındadır - Ekspert

  • Burada satışı qadağan edilən qazlı içkilər, tərkibində həddindən artıq şəkər və kimyəvi qatqılar olan məhsullar, mənşəyi məlum olmayan dönər və ya bu kimi qidalar yer almamalıdır

Gəncə şəhəri 6 saylı orta məktəbdə kütləvi zəhərlənmə halı qeydə alınıb. Məlumata görə, oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir. Qida Təhlükəsizliyi Agentliyindən APA-nın soğusuna cavab olaraq bildirilib ki, Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir: "Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək". 

İlkin məlumata görə isə, şagirdlər məktəbinin bufetindən şirniyyat alıb yeyəndən sonra özlərini pis hiss ediblər. Məktəblərdə şagirdlərin zəhərlənməsi birinci dəfə deyil və təəssüf ki bu cür hallar davamlı xarakter almaqdadır. Şagirdlər gah məktəb bufetindən nəsə alın yedikdən sonra, gah da məktəblərin yaxınlığındakı market, dönərxana, köşklərdən hər hansı qida alıb yedikdə zəhərlənirlər. Ötən ilin dekabrında Gəncə şəhəri M.Ş.Vazeh adına 16 saylı məktəbin şagirdləri məktəbin yaxınlığındakı dönərxanadan dönər alıb yedikdən sonra zəhərlənmişdilər. Deməli, həm məktəblərin içi, həm də çölü təhlükəsiz deyil. 

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında təhsil müəssisələrində qida təhlükəsizliyinin böyük önəm daşıdğını vurğuladı: 

- Yadınızdadırsa, AQTA sədri Qoşqar Təhməzli yerli mediaya müsahibəsində, məktəb və uşaq bağçalarında qida zəhərlənmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərdən danışmışdı. Bildirmşdi ki, məktəb və bağçalarda qida təhlükəsizliyi sahəsində Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edilir. Həm məktəbəqədər təhsil müəssisələrində, həm də ümumi təhsil müəssisələrində AQTA tərəfindən mütəmadi monitorinqlər aparılır, geniş maarifləndirmə işləri həyata keçirilir. Həmin müəssisələrdə qida təhlükəsizliyi və keyfiyyətə nəzarət üzrə məsul şəxslər müəyyən edilib, onlara müvafiq təlimlər keçirilib və qida təhlükəsizliyi ilə bağlı zəruri təlimatlar verilib. Lakin təəssüflər olsun ki, təhsil müəssisələrində qidalanma ilə əlaqədar vəziyyət ürəkaçan deyil. Çoxsaylı qanun pozuntuları müəyyən olunur. Aşkar edilmiş nöqsanlar arasında istifadə müddəti bitmiş ərzaq məhsullarından istifadə, qida məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması, qida məhsullarının saxtalaşdırılması halları, eləcə də kərə yağı adı altında bitki mənşəli yağların uşaqlara təqdim edilməsi kimi ciddi pozuntular var. Bundan əlavə, müəssisələrdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətlə bağlı da ciddi çatışmazlıqlar qeydə alınır. Məsələ təhsil müəssisələrini də əhatə etdiyindən xüsusilə vacib görünür. Uşaq bağçaları, orta məktəb bufetlərində, həmçinin uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlarda gündəlik yemək norması günün tələbinə uyğunlaşdırılmalıdır. 

Ekspert qeyd etdi ki, məktəblərdə aparılan monitorinqlər zamanı da ciddi sanitar-gigiyenik pozuntular aşkar edilir. Bura həm sanitar-texniki və gigiyenik tələblərə əməl olunmaması, həm də məhsulların düzgün temperatur rejimində saxlanmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və qida bloklarında təmizlik-dezinfeksiya qaydalarının pozulması daxildir:

- Məktəblərdə yararlılıq müddəti bitmiş, satışı qadağan edilən qida məhsulları aşkarlanır. Bu, çox ciddi məsələdir, gələcəyimiz olan uşaqların sağlamlıq sığortasıdır. Məktəb mühitində sanitar-gigiyenik vəziyyət tədrisin keyfiyyəti qədər önəmlidir, çünki xəstə uşaq öyrənə bilməz. Məktəb bufetlərində satışı qadağan edilən qazlı içkilər, tərkibində həddindən artıq şəkər və kimyəvi qatqılar olan məhsullar, mənşəyi məlum olmayan dönər və ya bu kimi qidalar yer almamalıdır. Həmçinin, məktəblərin ətrafındakı iaşə obyektlərində satılan, məktəblilərin yaşına uyğun olmayan qidaların onlara satışı qadağan olunmalıdır.