“Bizdə radio və televiziya aparıcıları cavanlaşdırılıb”

Famil Məcidli: “Ancaq qərbdə və digər Avropa ölkələrində xəbər aparıcıları hamısı yaşlı insanlardı”
“Radioda səs həqiqətən vacib element sayılır. Mən Mübariz İbrahimovun ölüm xəbəri gələndə xəbəri oxuya-oxuya efirdə ağlamışam”


Bəzən səs bir insanın həyatını dəyişə bilir. Sən o səsin gücünü, əzəmətini illər sonra hiss edə bilirsən. Bəzən o səs sənin həyatının yolunu cızmış olur. Elə bugünkü müsahibim də məhz o səs sahiblərindəndir ki, səsinin çığırı ilə həyat yolunu seçməyə üstünlük verib. Söhbət 20 illik radio təcrübəsi olan və 15 ildi məhz "Space” radiosunun xəbər aparıcısı olan Famil Məcidlidən gedir. Famil Məcidli ilə Azərbaycan radiosunun bu günündən, radionun dəyərlərindən danışdıq. 

Yaddaşımızda maraqlı müsahib kimi qalan Famil Məcidlini bir də öz dilindən tanımağa çalışdıq. Radionun qüsurlarından, gücündən söhbət etdik.

- Sizi radioya bağlayan dəyər maraqlıdı? Niyə televiziya yox, radio aparıcısı olmağa üstünük verdiniz. Axı çoxları sima olaraq tanınmağa çalışır...

- Azərbaycan radiosu televiziyadan daha qocaman olduğu üçün radioya xüsusi bir dəyər var. Televiziyalarda bir balaca aparıcıda sanbal gördünsə, demək, hardasa radionun bir izi var, mütləqdi ki, radionun təsiri var. Radio mənim üçün böyük bir məna, əhəmiyyət kəsb edir. Mən 15 ildir "Space” radiosunda eyni verilişdə çalışıram. Xəbərləri aparıram.

- Özünü başqa bir formatda sınamaq necə, istəmisən?

- Mənə bir neçə dəfə əyləncəli verilişlərdən təklif olunub. Mənə elə gəlir ki, hərə öz cığırına sahibdi, hərənin öz yolu var. Mən də öz sahəmə sadiq qalmışam. Xəbər aparıcısı olaraq illərdi dinləyici qarşısına çıxıram. Düşünürəm ki, özümü bu sahədən kənarda tapa bilmərəm. Mənim üçün radio fərqli bir dünyadı.

- Xəbər aparıcısı ilə şou aparıcısı arasında fərq nədir?

- Mənə elə gəlir ki, xəbər aparıcısının nəinki diksiyası vacib rol oynayır, eyni zamanda burada xarakter özünü təsdiqləyir. Bəzi xəbər aparıcıları var ki, sonradan şou aparıcısı kimi də fəaliyyət göstərirlər. O insanlar mənim gözümdən düşürlər. Bu mənim özümdən asılı deyil. O insanların ki, sanbalına qiymət qoyurdum, sonra görəndə ki, bu insan düşündüyüm qədər dərin dünyaya sahib biri deyil, gözümdən düşür. Xəbər aparıcısı davranışı ilə də o obrazı tamamlamalıdır. Külək olub hər yerə əsməməlidir. Xəbər aparıcısı efirdə necədisə, cəmiyyətdə də dürüstlüyü ilə seçilməlidir. Sözü bütöv olmalıdır. Xəbər aparıcısı mənim gözümdə uca bir qayanı xatırladır. Dağ kimi əzəmətli görünməlidir. Düşünürəm ki, hər adamdan xəbər aparıcısı ola bilməz. Mənim təbiətimdə də, duruşumda, qamətimdə də o xəbər aparıcısı görünüşü olmalıdır. Onurğamda belə o dik durmaq əzəməti hiss olunmalıdır.

- Xəbər aparıcısına tamaşaçı inamı məsələsi nə qədər önəm daşıyır? Sən dünyada və ölkədə baş verən rəsmi məlumatları efir vasitəsilə çatdıran şəxs olduğun üçün sənə bir inam yaranmalıdır...

- Çox maraqlı bir məqama toxunmaq istəyirəm. Bizdə bu məsələ bir az cavanlaşdırılıb. Radioda, televiziyada cavan kadrlara üstünlük verməyə başlamışıq. Ancaq qərbdə və digər Avropa ölkələrində xəbər aparıcıları hamısı yaşlı insanlardı. Yəni gənc aparıcı xəbər proqramını aparmır. Bu, televiziya və radio siyasətinin bir hissəsidir. Bizdə bu məsələ bir az cavanlaşdı.

- Bizdə efir cavanlığa üstünlük verir. Ciddi verilişi gənc təqdim edəndə tamaşaçıda inam o qədər çox olmur. Axı gənc bir xanım aparıcının dediyi ciddi xəbər sənə nə qədər inandırıcı səslənə bilər?

- Bəli. Tamamilə razıyam. Xəbər aparıcısı nəsə bir ciddi, rəsmi xəbər çatdırırsa və bu işin məsuliyyəti onun çiyinlərindədisə, birbaşa tamaşaçıya yansımalıdır. Gənc aparıcının həyati təcrübəsi xəbər aparıcısı olaraq məlumat vermək üçün yetərli olmaya bilər. Ancaq yaşı oturuşmuş xəbər aparıcısının həyat təcrübəsi və xəbəri çatdırarkən tamaşaçını inandırmaq məqamı televiziya və radioda çox vacib nüanslardan sayılır.

- Bəs xəbər aparıcısının qadın və ya kişi olması xəbərin çatdırılmasında təsirini göstərə bilirmi?

- Həqiqətən televiziya və radioda olan çox həssas bir mövzuya toxunmuş oldunuz. İlkin məqamda bəlkə aparıcının qadın və ya kişi olmasının heç bir fərqi yoxdu. Amma mənim bu məsələyə yanaşmam fərqlidir. Xəbər aparıcısı kişi olanda ona daha çox tamaşaçı inanır. Bu, televiziya və radionun yazılmamış qanunlarından sayılır. Şəxsən mən qadın xəbər aparıcısının dediyi xəbərə kişi aparıcısından daha az inanıram. Hər birimiz efirdən sonra tamaşaçıyıq, dinləyiciyik. Mən kişi aparıcının xəbərinə inanıram.

- Yəni bu, bütün dünyada da bəlkə yazılmamış bir məqamdı ki, qadınlar çox zaman qeybət qılan, kişiləri isə sözü kəsərli varlıq kimi qəbul edirlər...

- Xəbərin özü mənim üçün kişi cinsidir. Mən xəbər verilişinə baxanda kişi kimi baxıram. Mənim gözümdə xəbərin təəssüratı kişini xatırladır. Mən xəbər kanalına da kişi kimi baxıram. Bunu bir ayrıcalıq kimi qəbul edə bilərsiz. Mənim üçün xəbər kanalı daha çox kişi cinsinə məxsusdu. Bu təkcə bizdə deyil, dünya televiziyasında belədir. Dünyada məşhur xəbər kanalları var ki, onlarda da əsasən kişi aparıcılar daha çox sima olaraq tanınır.

- Televiziyaya getmədiyin üçün təəssüf hissi yaşamısanmı?

- Bir neçə dəfə televiziyada çalışmaq imkanım olub. Ancaq mən orda özümü tapa bilməmişəm. Yaradıcılıq məhdudiyyəti sevmir. Adətən yaradıcılıq əzmi olan insanlar boyunduruğu sevmirlər. Onlar bacarıqlarının nə qədər olduğunu bilirlər. Ona görə də mən televiziyaya getmədim. Bilmirəm bu seçimdə uduzmuşam, ya udmuşam? Təbii ki, üzüldüyüm məqamlar da olub. Amma həyatın yeni bir məqamı mənə kömək olub ki, çalışmağıma kömək olsun.

- Radioda səsin yükü nə qədər böyükdü? Xəbər aparıcısı üçün səs tembri nə dərəcə rol oynayır? 

Televiziyada görünüş daha çox vacibdisə, radioda aparıcı məhz səsi ilə tamaşaçını özünə bağlamalıdır.
- Radioda səs həqiqətən vacib element sayılır. Sizə özümlə bağlı bir hadisəni danışım. Mən Mübariz İbrahimovun ölüm xəbəri gələndə xəbəri oxuya-oxuya efirdə ağlamışam. Necə olubsa, efirdə sonra hava haqqında məlumat yer alıb. Yəni bilirsiz necədir? Deməli, mən o xəbəri yaşamışam. Yaşadığım üçün də üzülmüşəm. İndinin özündə də uşaq qətlə yetirilibsə, bu kimi acı xəbərləri səsləndirərkən üzülmədən keçə bilmirəm. İnanın, bu, populist cümlələr deyil. O hissləri yaşayaraq tamaşaçıya təqdim edirəm.

- Televiziyada aparıcı ruhən o xəbəri yaşayıb çatdırmırsa, tamaşaçı o süniliyi dərhal hiss edir deyirsiz...

- Bəli. Mən əminliklə bunu deyə bilərəm ki, tamaşaçı aparıcıya inanmırsa, onun çatdırdığı xəbəri də qəbul etməyəcək.

- 15 ildi eyni verilişdə, eyni saatda tamaşaçı qarşısına çıxmaq məsuliyyətli olduğu qədər sanki bir vərdişə çevrilib. Bu bəzən yormur səni? Sən illərdi eyni saatda özünü efirə kökləyirsən. Həyatında nə baş verməyindən asılı olmayaraq sən efirdə olmalısan. Monoton həyat yaşamaq çətin olmur?

- Rejimə düşmüşük. Adi bir misal çəkim. 15 ildi mənim telefonum səssizdə olur. Bu vərdiş artıq elə bir hal alıb ki, mən evdə də olanda telefonum səssizdə olur. Efir məsuliyyəti o qədər var ki, deyirəm, birdən yadımdan çıxar, efirdə telefonun səsi gələr. Mən 40 dərəcə qızdırma ilə də efirə çıxmışam. Ayağım sınıb, bir ayağımda ayaqqabı, digərində ev çəkələyi ilə işə gəlmişəm.

- Bu təkcə məsuliyyətdi, ya radioya bir sevgi var deyə, nə baş verməsindən asılı olmayaraq sən efirdəsən?

- Məsuliyyət öz yerində. Amma sevginin rolu da həqiqətən böyükdü. Mən özümü başqa sahədə, başqa yerdə təsəvvür edə bilmirəm. Əgər başqa sahədə özümü tapa bilsəydim, yəqin ki, indiyə qədər radioda qala biməzdim. İşdən sonra dostlarımla da söhbət edəndə, evdə danışanda da bu səs tonundan çıxa bilmirəm. Nəyə görə? Oturuşub bu səs mənim həyatıma.

- Yəni evdə də, adi həyatda da eyni tonda danışırsan?

- İnanın səmimiyyətimə, mən evdə də belə sakit tonda danışıram. Hətta efirdən kənarda əsəbiləşsəm belə bu tondan çıxa bilmirəm. Halbuki əvvəllər mənim çox zil səsim var idi. İndi səsim bu səs tembrinə oturuşub. Radio səsimi tənzimləyib, qaydasına salıb. Bəlkə də qaydasından çıxarıb, bilmirəm.

- Tələbələrin var yəqin?

- Var. Tələbələr gəlirlər, təcrübə keçirlər. Soruşuram ki, kim olmaq istəyirsən, bu sahəyə niyə gəlirsən? Deyir aparıcı. Xəbər aparıcısı xüsusi bir obrazdır. Bu obrazın ikinci adı "artistlik” deyil. Radio aparıcısının birinci silahı intellekti deyil, səsidir. Dinləyicini inandırmaq qabiliyyətidir. Radio aparıcısı özü strateji silahdır. Aparıcının bir məqsədi olmalıdı. Mən özüm 5-6 yaşından xörək qaşığını əlimə alıb, evdəkilərdən müsahibə alırdım. Yəni bu sahəyə gəlmək üçün sevgi olmalıdı. Kökü olmalıdı.

- Son vaxtlar bəzi radio dalğalarında aparıcıların ləhcələrlə danışığı, küçə danışıq tərzi insanı yorur. Danışıq hardan götürülüb, bunu deyə bilmərik, amma hər halda efir danışığının olmadığını söyləmək mümkündü...

- Çünki ləhcəni də hardansa götürürlər. O, öz ləhcəsi də deyil. Oğurluqdu. Amma bu məsələyə konkret münasibətimi soruşursunuzsa, efir danışığı ədəbi dil üzərində qurulmalıdır. Bu gün radio dalğalarında bu kimi danışıq tərzini mən tərbiyəsizlik kimi qiymətləndirə bilərəm. Bu, efir danışığına ziddi, bunu konkret aparıcının tərbiyəsizliyi sayıram. Tamaşaçıya qarşı hörmətsizlik. Nə qədər kobud səslənsə də, bunun başqa adı yoxdu. Azərbaycan dili o qədər zəngin dil qrupuna aiddir ki, onu ora-bura dartışdırmağın mənası yoxdu. Azərbaycan dili ilə oynamaq olmaz. Azərbaycan dili ilə məzələnmək olmaz. Bu dil Nizaminin dilidi. Bununla zarafatlaşmaq qəbahətdi, günahdı. Efirdə olan istənilən insan tamaşaçı qarşısında məsuliyyətini dərk etməlidir. Biz keçid dilini bitirsək də, efirlərdə keçid dönəmi hələ də bitməyib. Efirdə olan insan milli düşüncəyə sadiq olmalıdır. Sən bu millətin efirdə səsini çatdırırsan. Sən hər an o məsuliyyəti üzərində daşıdığının fərqində olmalısan. Azərbaycanlı olmağa başlamaq lazım deyil. Azərbaycanlı olmaq lazımdı.

Tahirə Məmmədqızı

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb