"Bölgələrimizdə suvarma suyu içməli su kimi istifadə olunur" - Həyəcan




"Dəfələrlə şahidi olmuşam ki, kəndlərdə su kanallarından it leşləri çıxarıblar”.

Bu sözləri Sherg.az-a Azərbaycanın 215 kəndində əhaliyə verilən içməli suda zərərli maddələrin aşkarlanması faktına münasibət bildirərkən Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) quraşdırdığı modul tipli qurğular həmin çirkli suları tam şəkildə təmizləyə bilməz:

"Bölgələrimizdə yaşayan əhalinin əksəriyyəti suvarma suyunu içməli su kimi istifadə edir. Artıq neçə illərdir, elə Bakıdan 100 kilometr aralıda yerləşən Sabirabad və Saatlı rayonlarının kəndlərində də içməli suyu kanallardan götürürlər. Həmin kanallar isə Sovet dövründən indiyə kimi əhalinin mədəniyyətsizliyi ucbatından çirklənir. İnsanlar suvarma kanallarına ölmüş heyvan, zir-zibil atırlar. O sudan suvarma məqsədilə istifadə etdiklərinə görə, onların tərkibindəki zərərli maddələr digər su hövzələrinə axır. Çirkli suyu tam şəkildə təmizləmək mümkün deyil. ETSN mümkün olan qədər öz işini görür. Nazirliyin quraşdırdığı qurğular suyu tam standartlara uyğunlaşdıra bilməz, bu asan məsələ deyil.

Azad İstehlakçılar Birliyi isə iki ildir ki, içməli suyun təmizlənməsi məqsədilə xaricdən xüsusi su süzgəcləri gətirib. Biz həmin qurğuları içməli su hövzələrində problem olan əhaliyə paylamaq niyyətindəyik.

Sözsüz ki, Səhiyyə Nazirliyinin bu araşdırmaları təqdirəlayiqdir, lakin nəzərə almaq lazımdır ki, ETSN-nin təhlükəli suları fiziki-kimyəvi və bakterioloji göstəricilərinə görə tam formada təmizləyə bilməməyi normaldır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bu gün keçirilmiş mətbuat konfransında respublikanın 215 kəndində ETSN tərəfindən quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin fiziki-kimyəvi və bakterioloji göstəricilərində nöqsanlar aşkar olunduğunu deyib.

Aysel Aslan