Boşanmaların sayı artıb

Zahid Oruc: “Gənclərimiz epizodik hisslərə bağlandığı üçün adi sınaqlara da tab gətirmirlər”
Aynur Camalqızı: “Evliliyi məcburi davam etdirmək arzuolunmaz faciələrə yol aça bilər”



Qeydiyyat şöbələri tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 47 min 388 nikah və 10 min 977 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
Eskpertlərin sözlərinə görə, boşananlar arasında evliliklə bağlı tələsik qərar verənlər üstünlük təşkil edir. Bununla yanaşı, bəzi gənclərin öhdəliklərini dərk etmədən ailə qurması, qarşısına çıxan sınaqlara dözümsüzlük nümayiş etdirməsi statistik rəqəmlərin artmasında təsirə malikdir.

Eyni zamanda ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdəndir. Əslində boşanma, ailə problemləri və çətinlikləri çərçivəsində ən son atılan addım olmalıdır. Ancaq indiki gənclər bir balaca çətinliyə düşən kimi ata evinə üz tuturlar. Hətta yeni ailə qurulan gündən bir müddət sonra şikayətlər, problemlər və sairə kimi xoşagəlməz halların büruzə verdiyini eşidirik. Hansı ki, o problemlərin çoxu o qədər ciddi və əhəmiyyətli də deyil. Maraqlısı odur ki, toyun üzərindən 3 ay keçməmiş bəzi cütlüklərin arasında ayrılıq küləyi əsir. Belə çıxır ki, insanlar evliliyə bir oyun kimi baxır?! Bu səbəbdən də biri-birlərinə qarşı doğmalıq, yaxınlıq hissləri oyana bilmir. Bəzən ekspertlər ailə qurmuş qadınları hərbi xidmətə çağırılmış gənclərlə müqayisə edir və boşanan bir çox qadının ilkin çətinlikdən keçə bilmədiyini söyləyir. Hər iki halda ilkin olaraq mühitə adaptasiya, insanlara uyğunlaşma və ən əsası çətinliklərlə uyğun şəkildə mübarizə, özündən böyüklərə, "ev sahiblərinə”, hətta ona qarşı olan bəzi kobudluqlara və yaradılan çətinliklərə rəğmən səbr etmək və düzgün, adekvat addımların atılması gərəkir. Ailədə ilkin dövrü, hərbi xidmətdə isə "molodoy” dövrünü uğurla başa vurmuş şəxs gələcəkdə həmin ailənin yəni, "hərbi hissənin” uğurlu idarəçisi, bərabərhüquqlu bir üzvünə çevrilir”.

Millət vəkili Zahid Oruc hesab edir ki, təhsil sistemi, dünyagörüşü, informasiya vasitələrinin də boşanmalara təsiri var: 

"Millət vəkili olaraq deyə bilərəm ki, boşanmalarda sosial problemlər üstünlük təşkil etmir. Hazırkı dönəmdə həddindən artıq imkanlı ailələrin də dağıldığını müşahidə edə bilərik. Bəlkə də birinci olaraq vurğulamalıyıq ki, gənclərimiz ailə və məktəb tərbiyəsindən daha çox informasiya vasitələrinin təsirinə məruz qalır. Onlar sosial şəbəkələr, yoxlanmamış informativ mətn, xarici telekanalların təsirinə məruz qalırlar. Düşünürlər ki, 20-25 yaşlarında həyatın bütün naz-nemətlərinə sahib olmalıdırlar. Gənclərimiz epizodik hisslərə bağlandığı üçün adi sınaqlara da tab gətirmirlər. Hər hansı xırda problem yarandıqda bu cür ailələrdə aşınma yaranır ki, nəticədə ailələr dağılır. Sonrakı mərhələdə daha böyük problemlər yaranır, müəyyən komplekslər ortalığa çıxır. Virtual şəbəkələrdən yaranan tanışlıqların davamlılıq müddəti hara qədərdir, valideyn övladına ailə modelini necə aşılayır, kənar təsirlərdən necə qoruyur, bunu da düşünmək lazımdır. Xüsusən qız uşaqları valideynlərini özlərinə yaxın hiss etmədikdə daha müstəqil addımlar atır”.

Qadın Konsensus Mərkəzinin sədri, "Gündəlik teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı isə boşanmaların səbəbinin birmənalı olmadığını deyib. Onun sözlərinə görə, ən müxtəlif səbəblərdən gənclərin toy günündə biri-birinə verdiyi vədlər yaddan çıxır. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar. İnsanların birgə yaşamasının həddindən artıq mürəkkəb proses olduğunu qeyd edən Aynur xanım hesab edir ki, müxtəlif ailələrdə böyüyən insanların biri-birinə alışması, öyrəşməsi, güzəştə getməsi hövsələ tələb edir. Bu mərhələni keçməyə isə hər cütlük müvəffəq olmur: 

"Bizim ölkədə ailə institutuna çox böyük önəm verilir. Ailənin təməli möhkəm qurulmalıdır ki, bütün çətinliklərə duruş gətirə bilsinlər. Amma bir çox hallarda Azərbaycanda gənclər valideynlərinin seçdiyi insanlarla ailə qurduqları üçün güzəştə getməyi bacarmırlar, çünki onları biri-birinə bağlayan sevgi telləri olmur. 

Onlarla belə səbəb sadalamaq olar. Əgər cütlüklər arasında qarşılıqlı hörmət yoxdursa, əvvəl-axır o ailə dağılır. Evli insanlar təkcə ər-arvad yox, həmçinin də iki yaxın dost olmağı bacarmalıdırlar. Məhz dostluq cütlüklər arasında güvən və qarşılıqlı anlaşmanın təməlini qoyur. Əgər evli insanlar plan, düşüncə, ideyalarını biri-biri ilə bölüşür, həyat yoldaşından məsləhət alırsa, o zaman aralarındakı bütün problemləri həll edə biləcəklər”.

Boşanmalar zamanı uşaqların ciddi psixi təsirə məruz qaldığını vurğulayan A.Camalqızı deyib ki, onlar ya ata, ya da ana sevgisindən məhrum olurlar. Kiçik yaşlarından bu travma ilə böyüdükləri üçün özlərinə inam və həyata ümidləri çox az olur: 

"Mənə elə gəlir ki, valideynlər özlərindən daha çox övladlarının gələcəyini düşünməli və ona uyğun addımlar atmalıdırlar”.

Mərkəz rəhbərinin sözlərinə görə, qadın və kişi arasında ciddi, həllolunmaz bir problem varsa, onlar son çıxış yolunu ayrılıqda görə bilərlər. "Əks halda evliliyi məcburi davam etdirmək arzuolunmaz faciələrə yol aça bilər. Amma bir də görürsən ki, elə bir xırda məsələnin üstündə boşanırlar ki, o insanların ağlına şübhə edirsən. Bu yaxınlarda eşitdim ki, yeni doğulan uşağa qoyulacaq ad üstündə ailə dağılıb. Səbəb də odur ki, qadın övladına öz, kişi də öz atasının adını qoymaq istəyib. İnanın, bizim bilmədiyimiz o qədər mənasız, gülünc səbəblər boşanmalara yol açır ki...”

Şəymən