“Dünən mətbuata gələnlər elə danışırlar ki...”
Boykot vecinə deyil: Röya "Şərq"ə danışdı
Müğənni peşəkar jurnalistlərə güvənir
“Dünən mətbuata gələnlər elə danışırlar ki...”
“Dünən mətbuata gələnlər elə danışırlar ki...”
31 dekabrda Bakı Olimpiya Stadionunda keçiriləcək "Ən Yeni İl” gecəsi ilə bağlı müğənni Röyanın iştirakı ilə mətbuat konfransının baş tutacağı gözlənilirdi. Mətbuat bu tədbirə dəvət olunsa da, jurnalistlər Röya Ayxanla aralarında yaranan gərginlik səbəbi ilə konfransa qatılmayacaqlarını elan etmişdilər. Röyanın mətbuata bu cür münasibəti heç də birmənalı qarşılanmayıb.
Təşkilatçılar məsələdən xəbərdar olandan sonra mediaya müraciət edərək bildiriblər ki, Röya Ayxanın adı konfransda iştirak edəcək şəxslərin siyahısından çıxarılıb. Mətbuatdan isə tədbirə gələrək konfransı işıqlandırılması xahiş olunub. Nəhayət, gözlənilən tədbir baş tutdu.
Konfransda müğənni Miri Yusif və tədbirin aparıcısı İlkin Həsəninin iştirak edəcəyi bildirilib.
Konfransda Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev bildirib ki, Bakı Olimpiya Stadionunda baş tutacaq konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, Türkiyənin tanınmış ifaçıları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər: "Bildiyiniz kimi, il ərzində bir neçə uğurlu tədbirlərimiz olub. Stadion ən müasir səs və video avadanlıqları ilə təchiz edilib. Bu baxımdan möhtəşəm konsert proqramlarının təşkili üçün əlverişli imkana malikdir. Konsert proqramının təşkilatçısı Bakı Olimpiya Stadionudur. Əlbəttə, bizə bu işdə konsert təşkilatçılığında böyük təcrübəyə malik şirkətlər təşkilati və texniki dəstək verəcəklər. Sözügedən konsert proqramı bütün iştirakçılar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı düşündüyümüz hədiyyədir. Əsas sürprizlər stimullaşdırıcı lotoreya vasitəsilə oynanılan mənzil və iki avtomobildir. Digər maraqlı sürprizlər də nəzərdə tutulur.
Bakı Olimpiya Stadionunun 60 min tamaşaçı tutumu var. Lakin konsertdə stadionun oturacaqlarından istifadə edilməyəcək. Bütün əyləncələr meydançada olacaq və tamaşaçılar da səhnənin ətrafında duracaqlar. Bu baxımdan stadionun tribunalarının doldurulması nəzərdə tutulmayıb. Konsertə biletlərin qiymətləri 9 AZN-dən 100 AZN-dəkdir. 100 manatlıq yerlərə "Qızıl halqa” adlandırılan xidmət daxildir. Bu xidmət vasitəsilə tamaşaçılar furşet və səhnəyə yaxın yerlərdən istifadə edə biləcəklər. Bu günə kimi 2500 bilet satılıb. Konsertdə 20 min tamaşaçının iştirak edəcəyi gözlənilir.
Konsertin soyuq havalara təsadüf etdiyi üçün qabaqlayıcı tədbirlərdən danışan stadionun direktoru hava amili nəzərə alınaraq texniki cəhətdən də hazırlıqların yüksək səviyyədə getdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ehtiyac yaranarsa, tamaşaçıların duracaq yerləri ətrafında xüsusi istilik zonaları quraşdırılacaq. Bundan əlavə, bayram stilinə uyğun müvafiq dekorasiyalar da qurulacaq. Konsertin təhlükəsizliyinə Türkiyənin "Qara bulud” təhlükəsizlik şirkəti də cəlb olunacaq. Konsertdə futbolçularımız da iştirak edəcək. Ancaq "topla şou” nəzərdə tutulmayıb.
Konsert proqramı çərçivəsində əlavə olaraq əsl bayram əhval-ruhiyyəsi yaratmaq məqsədilə "AAF Park” yaşayış kompleksində mənzil, SEAT Azərbaycan tərəfindən 2 ədəd avtomobil ("Teledo” və "İbiza”) və "HELL” tərəfindən təqdim olunan ikinəfərlik Macarıstana səyahət hədiyyə fondu olan lotoreya təşkil olunacaq. Hər biletin sahibi lotoreya oyununun iştirakçısı ola bilər. Bunun üçün konsert günü stadiona gəlib biletin "kötüyünü” xüsusi lotodroma atmaq lazımdır. Oyunun qalibləri stadionda olmasalar belə, uduşlu biletlərin seriyaları qanunla təyin olunmuş vaxt müddətində ictimaiyyətə təqdim ediləcək”.
Mətbuat konfransına qatılmaması ilə bağlı Əməkdar artist Röya "Şərq”ə eksklüziv açıqlama verib: "Mənim peşəkar jurnalistlərə hər zaman hörmətim olub. Məni illərlə tanıyan, mənim yaradıcılığımı işıqlandıran jurnalist dostlarım da az deyil. Qaldı konsertə mətbuatın gəlməsinə qadağa qoyulmasına, mən konsert verirəm və müğənni kimi konsertin digər kommersiya və təşkilati işləri ilə maraqlanmıram. Bu, bütün dünyada belədir. Türkiyəni tez-tez misal çəkəndə jurnalistlərin də yadına salıram ki, müğənni səhnədəki çıxışı ilə maraqlanmalıdır, digər məsələlər mənim üçün o qədər maraqlı deyil. Bu işlərlə məşğul olan insanlar var. Mən komandamın işindən də razıyam. Konsertimdə də iştirak edən media qurumları olub. Deməli, mənim konsertim mətbuat üçün bağlı olmayıb. Dünən mətbuata gələnlər bəzən elə danışırlar ki, sanki illərdi sənət aləmində olanlarla bir yerdə əməkləri olub. O jurnalist mənim sənətimdən danışa bilər ki, illərlə mətbuatda imzası ilə tanınır. Qaldı bu gün yazılanlara, mən bilmirəm məni hansı mətbuat boykot edib, heç əslində mənim üçün maraqlı da deyil. Çünki peşəkar jurnalistlərin belə bir addım atacaqlarına inanmaq istəmirəm, inanmıram da. Mənim bu gün Mir Yusiflə iştirak edəcəyim mətbuat konfransına gəlməməyimə gəlincə, yazdılar ki, məni boykot etdikləri üçün adım siyahıdan silinib. Vallah, bir az məntiqli olan başa düşər ki, bu, absurd və gülüncdü. Mətbuat konfransında iştirak etməməyimin səbəbi klip çəkilişlərimlə bağlıdı. Tural Əsədov mənim üçün yeni "Darıxdım” adlı mahnıma klip çəkir. Bu gün klipimin çəkilişi olduğu üçün təqdimata gələ bilmədim. Amma inşallah, konsertdə səhnəyə də çıxacam, sözümü də deyəcəm. Mənim özümün mətbuat konfransım da olacaq, mətbuat da dəvət olunacaq. Mətbuat konfransımda da mətbuatın olacağına əminəm. Çünki peşəkar mətbuat hər zaman yanımda olub. Bu söhbəti isə bundan artıq uzatmağın mənasız olduğunu düşünürəm”.
Məsələyə aparıcı İlkin Həsəni "Şərq”də münasibət bildirdi: "Mən nə baş verdiyini, düzünü desəm, tam başa düşmədim. Bu gün mətbuatda oxudum ki, mətbuat Röyaya boykot elan edib. Tədbirə gələndə masada Röyanın adını da görmədim deyə səbəbini soruşdum, dedilər bu gün Röya olmayacaq. Nəyə görə gəlmədiyini deyə bilmərəm. Heç mətbuat konfransında da bu barədə soruşan olmadı. Yenə deyirəm, nəyə görə Röya tədbirdə iştirak etmədi, bilmirəm. Qaldı sənətçinin mətbuata qadağa qoymasına, mən düzünü desəm, müəyyən mənada bununla razılaşa bilmirəm. Mətbuat elə bir sahədir ki, sənət adamına hər zaman lazımdı. Düzdü, bu gün sosial media o qədər inkişaf edib ki, bəzən onun vasitəsilə istənilən məlumatı, mesajı bildirmək, reklam vasitəsi olaraq burdan istifadə etmək olur. Ancaq bütün bunlara baxmayaraq mənə elə gəlir ki, mətbuat hər zaman diqqətdə olan sahədir. Peşəkar jurnalistin qələminə hər zaman ehtiyac var. Müğənni deyə bilər ki, konsertimdə mətbuatı istəmirəm, bu onun şəxsi yanaşmasıdır. Amma böyük mənada mətbuat sənət aləmində olan istənilən insan üçün maraqlı, vacib sayılır. Sosial mediada oturan bəziləri özlərini jurnalist kimi təqdim edir, bəlkə bu səbəbdən mətbuatda əsl söz sahibinin kim olduğunu müəyyən etmək çətin olur. Amma peşəkar mətbuatı, peşəkar jurnalist imzasını da tanımaq mümkündür. Mənə elə gəlir ki, bu gün də, sabah da mətbuata ehtiyac var”.
Tahirə Məmmədqızı