Böyük adam köç etdi
“Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək”
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. Bu barədə məlumatı Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.
Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.
O, sentyabrın 5-nə kimi özünü yaxşı hiss edirdi
Professor Şahnaz Şahbazova deyib ki, Lütfi Zadənin nəşini meyitxanaya yerləşdiriblər. Onun Bakıya gətirilməsi üçün sənədləşmə təqribən 7-10 gün çəkəcək. Alimin nəşinin Azərbaycana gətirilməsi Meyitxana xidməti ilə həyata keçiriləcək. Onun sözlərinə görə, Lütfi Zadənin nəşinin Bakıya gətirilməsi təqribən 16-17 sentyabra gözlənilir: "Lütfi Zadə 97 yaşında dünyasını dəyişdi. Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm. O, sentyabrın 5-nə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və dünən rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın”.
Lütfi Zadə II Fəxri Xiyabanda dəfn edilə bilər
Görkəmli şəxsiyyətin harada dəfn olunacağı hələlik dəqiqləşməyib. Cənazənin böyük ehtimalla II Fəxri Xiyabanda torpağa tapşırılacağı deyilir. Bu barədə rəsmi məlumat bəlli deyil. Xəbərə görə, Lütfi Zadə ilə bağlı məlumatlar Azərbaycanın dövlət orqanlarına göndərilib. Professor Ş.Şahbazova da mərhumun cənazəsinin İkinci Fəxri Xiyabanda dəfn ediləcəyini söyləyib: "Bildiyim qədəri ilə Birinci Fəxri Xiyabanda boş yer yoxdur”.
Lütfi Zadə kim idi? - Dahi alimin tərcümeyi-halı
Əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər.
Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirdilər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi. Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirib. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayıb. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Lütfi Zadə Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalıb.
Dünya şöhrətli alimin dünyanı dəyişdirən kəşfləri...
Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi”, "Toshiba”, "Sony”, "Canon”, "Sanyo”, "Nissan”, "Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors”, "General Electric”, "Motorola”, "Dupont”, "Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə Lütfi Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.
İsmayıl