«Böyük dayaq»

Kənd təsərrüfatı nazirinə xanım müavinin təyin olunması alqışlandı
"İlhamə xanımın hüquqşünas olması, bir az «qafaları» qarışdırır. Amma hesab edirəm ki, kənd təsərrüfatı sahəsində, məhz hüquqi bazada görüləcək çox işlər var"



Sevilən milli kinomuz – «Böyük dayaq»da kolxoz sədri Rüstəm kişinin oğlu Qaraş şəhərdən kəndə qayıdır və «əliboş» da gəlmir. Özüylə ata-anasına gəlin gətirir. Rüstəm kişinin bu «müstəqilliyə» təpkisi yadınızdadır da… «Belə evlənmək olar; - salam. – əleyküm salam. – gəl, düş qabağıma gedək…» Amma ananın, «a kişi, yetim qızdır, ata-anası müharibədə həlak olub» deməsiylə, müharibənin ağrı-acısını görmüş Rüstəm kişinin ürəyi yuxalır və «çağır, gəlinini gəlsin, toyunu edək» deyir. Gəlin də, nə gəlin!.. Aqronomdu. Savadlı kadrdır. Torpağın becərilməsi, suvarılması işini beş barmağı kimi bilir. Əslində, nəzəriyyəni öyrənib, kəndə işləməyə gəlməklə, biliyini praktikada tətbiq etmək istəyir. Edir də. Çarpışa-çarpışa, hətta qayınatası ilə qarşı-qarşıya gəlməkdən də çəkinmir. Rüstəm kişiyə xoş gələn də gəlinin – Mayanın prinsipiallığı, bildiyini, necə deyərlər, dədəsinə də verməməsidir. Niyə bu film yadımıza düşdü? Kənd təsərrüfatı nazirinin yeni müavini xanımdır – İlhamə Qədimova, o səbəbdən. Son illərdə qadınların yüksək, məsuliyyətli vəzifələrə irəli çəkilməsi adi hal almaqdadı. 

Yəni, bir xanımın yüksək vəzifəyə təyinatı deyil, təəccüblü olan. Sadəcə, hazırda kənd təsərrüfatı sahəsində problemlərin çoxluğu nəzərə alınarsa, yeni kadrlardan gözləntilər də böyükdür. Və zərif cinsin nümayəndəsinin kənd təsərrüfatı nazirinin müavini təyin olunması, «Böyük dayaq»dakı gəlin - Mayanı istər-istəməz yadımıza salmış oldu.

Kimdir İlhamə Qədimova?

Hüquqşünas nazir müavini

Verilən məlumatlarda bildirilir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışan İlhamə Qədimova nazir müavini təyin edilib.
Yeni nazirin qısa tərcümeyi-halı keçdiyi yola nəzər salmağa yetir: İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyənin Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüququ üzrə magistratura, doktorantura təhsili və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

«Arvad xeylağı»ndan nə gözləmək olar?

Bəlkə də, hər hansı bir xanımın vəzifəyə təyinat alması, bəzi kişiləri qıcıqlandırır. Düşünürlər ki, «arvad xeylağı»dır, nə iş görə biləcək, getsin, evində xörəyini bişirsin. Azərbaycan cəmiyyətinin bu dərəcədə nadan olacağını ağlımıza də gətirmirik. Amma yenə də tək-tük də olsa, qadınların vəzifə daşımasından əndişələnən və hələ də köhnə stereotiplərlə yaşayanlar da var. 

Amma bunu xüsusi vurğulamalıyıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların yüksək vəzifələrə, məsuliyyətli işlərə rəhbər təyin olunmasında maraqlıdır və yürüdülən dövlət siyasəti də bunu təsdiq edir. İndiyədək, bir neçə rayonun icra hakimiyyətinə xanım müavinlər təyin edilib. Bundan əlavə, hazırda dövlətin bir sıra yüksək postlarında məhz qadınlar təmsil olunur. İndi onların sırasına biri də əlavə olundu: kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova.

«Kim olur-olsun, işini bilsin»

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Novella Cəfəroğlu qadınların vəzifələrə irəli çəkilməsindən məmnuniyyət duyduğunu ifadə etdi:

- Qadınları irəli çəkmək vacibdir. Çünki qadınlar harada olsalar, orada birləşdirici, barışdırıcı mövqe tutur. Hansısa qadın vəzifəyə təyinat alırsa, irəli çəkilirsə, buna mən həmişə sevinmişəm. Həmişə gender bərabərliyindən danışırıq. Kişilərə nisbətən qadınların daha az vəzifədə təmsil olunduğunu deyirik. Amma son vaxtlar görürük ki, qadınlar arasında vəzifə alanların sayında artım var. Demirəm ki, qadınlar mütləq irəli çəkilməlidir. Bu, qadının nə dərəcədə savadlı, öz ixtisasına bələd olmasına bağlıdır. Qadınlar irəli çəkilsin, amma eləsi olsun ki, işindən «başı çıxsın». Naşı olmasın. Ağıllı, savadlı qadınlar vəzifəyə təyin edilməlidir ki, sabahkı gündə işlədiyi dövlət strukturunun üzünü ağ eləsin. Vəzifəyə təyin edilən adam, istər qadın olsun, istər kişi, öz işini bilməlidir. Mənim üçün əsas şərt budur. İşini bilmirsə, qadındır deyə, onun tərəfində dayanmaq düzgün olmaz.

«İşin xeyrinə olacaq»

İqtisadçı Qadir Bayramlı İlhamə Qədimovanın nazir müavini təyin edilməsini mütərəqqi addım adlandırdı:

- Mən bunu ancaq mütərəqqi hal kimi dəyərləndirirəm. Düzdür, İlhamə xanımın hüquqşünas olması, bir az «qafaları» qarışdırır. Amma hesab edirəm ki, kənd təsərrüfatı sahəsində, məhz hüquqi bazada görüləcək çox işlər var. Fermerlər, əkinçi insanların problemlərinin həlli kənd təsərrüfatı sahəsində hüquqi bazanın təkmilləşməsindən asılıdır. Aqrar sığorta və sair məsələlər öz hüquqi həllini gözləyir. Kənd təsərrüfatı sahəsində hüquqi sferada əskikliklər var. Hüquqi mexanizmlərin inkişafı, mübahisələrin hüquqi yolla həlli baxımından hüquqşünas xanımın nazir müavini təyin olunması müsbətdir. 

Nazirin bir neçə müavini var, biri də hüquqşünas olsun, bunun nəyi pisdir ki?! Hüquq həyatın bütün sahələrini əhatə edir, o cümlədən də kənd təsərrüfatını. İlhamə xanım öz biliyi, bacarığı ilə Türkiyədə hüquq təhsili almış az sayda soydaşlarımızdandı. Buna görə də hesab edirəm ki, hüquqşünas xanımın nazir müavini təyin edilməsi kənd təsərrüfatı sahəsində hüquqi müstəvidə təkmilləşmələrə kömək edəcək.

Məlahət Rzayeva