Britaniya ilə hərbi əməkdaşlığın ölkəmizə böyük faydası olacaq

Gənc dövlət olaraq Azərbaycanın aparıcı dövlətlərin təcrübəsindən yararlanması vacibdir


Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Danışıqların yekunu olaraq, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb. 

Azərbaycanla Böyük Britaniya arasında imzalanan hərbi əməkdaşlıq planını yüksək dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov bir sıra ölkələrlə olduğu kimi Böyük Britaniya ilə də Azərbaycanın sıx əməkdaşlığı olduğunu deyib. 

Onun sözlərinə görə, Britaniya hərbi heyətinin Azərbaycanda olması və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə önəm verməsi Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurların məntiqi nəticəsidir: 

"Britaniya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq çoxdan mövcuddur, indi isə bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.Ümumiyyətlə, son illər şahidi oluruq ki, ayrı-ayrı böyük dövlətlər Azərbaycanın önəmini xüsusi olaraq vurğulayırlar. Bu mənada Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş ölkəmiz üçün kifayət qədər əhəmiyyətli və cəlbedicidir”. Gənc dövlət olaraq Azərbaycanın aparıcı dövlətlərin təcrübəsindən yararlanmasının vacib hal olduğunu vurğulayan ekspert deyib ki, Britaniya ilə hərbi əməkdaşlığın Azərbaycana çox böyük faydası olacaq. Gələcəkdə zabitlərimizin Britaniyada keçirilən təlimlərdə iştirakı və onların bir sıra mühüm tədbirlərə cəlb olunması baxımından bu cür görüşlərə diqqət ayırmaq lazımdır. Bu əməkdaşlıqdan hər iki tərəf faydalanacaq.

Şəymən