Bu, Amerikaya xəyanət olar

Qabil Hüseynli: "Tramp Rusiya ilə münasibətdə biznes maraqlarını kənara qoyacaq"


Donald Trampın biznes maraqları Rusiya ilə münasibətlərində önəmli olmayacaq.

Bunu Sherg.az-a Amerikanın yeni prezidenti Donald Trampın Rusiyadakı biznes şəbəkəsindən danışarkən politoloq Qabil Hüseynli deyib.

Ekspertin sözlərinə görə, prezident biznesinin genişləndirilməsində hazırki səlahiyyətlərindən istifadə etməyəcək: 

"Düzdür, D.Trampın kifayət qədər geniş biznesi, şəxsi maraqları və Rusiya ilə əlaqələri var. Lakin onun şəxsi mənafeyi uğruna Amerika dövlətinin maraqlarını qurban verəcəyini düşünmürəm. O, biznes maraqlarını üstün tutarsa, Amerikaya xəyanətə gətirib çıxara bilər. D. Trampın iş adamları ilə əvvəldən qurulan biznes əlaqələrinin Amerika ilə münasibətlərin genişləndirilməsinə şərait yaradacağı gözlənilən deyil. Çünki, Amerikada prezidentin səlahiyyətləri qeyri-məhdud deyil və müəyyən olunan qanunlar çərçivəsində hərəkət etməlidir. Qanunlardan kənara çıxdıqda isə ona nəzarət edən dövlət orqanları, mühüm qurumlar dərhal onun fəaliyyətini məhkəmə səviyyəsində müzakirə edə bilərlər”.

Q. Hüseynli əlavə edib ki, Amerika prezidentinin Rusiyadakı biznes maraqları da dövlətin mənafeyindən kənarda qalacaq: 

"Düşünürəm ki, biznes maraqlarından istifadə edərək Azərbaycanla və ya Rusiya ilə münasibətləri yüksək səviyyəyə çatdırmaq prezidentin ağlına belə gəlməz. Bu səbəbdən, Rusiyanın son addımları, Suriya məsələsi ətrafında müsəlman dövlətləri ilə koalisiya yaratması D. Trampa qarşı çevrildi. Amerika prezidenti də dövlət maraqlarından çıxış edərək, Rusiyanın tədbirlərinə maraqlı cavab verəcək”.

Qeyd edək ki, yanvar ayından öz səlahiyyətlərini icra edəcək Amerikanın yeni prezidenti Donald Trampın Rusiyada geniş biznes şəbəkəsinin olduğu bildirilir.
 
Ayyət Əhməd