Bu gün hamı tibbi maskalardan istifadə etməlidir
Professor xəbərdarlıq etdi, toz dumanından qorunmaq olar
Bu gün Bakı toza bürünəcək. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz dumanı daxil olacaq.
Toz dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur. Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, bu gün axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarı sanitar norma daxilində olacaq.
Əhalinin narahatlığına səbəb də məhz bu xəbərdarlıqdır. Tibb mütəxəssisləri də əhaliyə ehtiyatlı olmağı, zərurət yaranmadıqca, evdən çıxmamağı məsləhət görürlər.
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında toz dumanının insan səhhəti üçün, şübhəsiz, ziyanlı olduğunu vurğuladı:
- Atmosfer axınlarının qarşısını almaq təbii ki, imkansızdır. Amma ən azından bu toz dumanının səhhətimizə vura biləcəyi ziyanları azaltmaq mümkündür. Bunun da birinci şərti əhalinin tibbi maskalardan istifadə etməsidir.
Düzdür, bizim əhalidə tibbi maskalara qarşı bir kompleks var. İnsanlarımıza elə gəlir ki, əgər tibbi maska taxarlarsa, kənardakılar onun xəstə olduğunu zənn edəcək. Əslində isə tibbi maska taxmağın özü bir mədəniyyət, etik davranış qaydasıdır.
Gərək elə asqıranda ətrafdakıların sifətinə çilənsin?! Tibbi maska ilk növbədə insanın özünü kənar təsirlərdən, hər cür viruslardan, mikroblardan qoruyur. İkinci tərəfdən də, başqasını yoluxdurmaq riskini azaldır. Xüsusilə payız-qış aylarında tez-tez rast gəlinən yuxarı tənəffüs yollarının iltihabı, soyuqdəymə, qrip kimi xəstəliklər zamanı insanın tibbi maskalardan istifadə etməsi vacib şərtdir.
Xüsusilə, nə zamankı atmosferdə çirkliliyin artacağı haqda rəsmi xəbərdarlıq edilir, burada artıq düşünməyə, götür-qoy etməyə ehtiyac belə yoxdur. Hamı tibbi maskalardan istifadə etməli, özünü zərərli hava kütləsindən qorumalıdır. Əhali çalışmalıdır, mümkün qədər ev şəraitində olsun. Zəruri ehtiyac yoxdursa, evdən çıxmasın. İşləyənlər, harasa getmək məcburiyyətində olanlarsa, mütləq tibbi maskalardan istifadə etsinlər. Bu maskalar aptek şəbəkələrində satılır, qiyməti də ucuzdur. Maskanı taxanda xüsusilə onun metallik hissəsi möhkəm sıxılmalıdır. Tibbi maskalar birdəfəlik istifadə üçündür. Bir maskanı dəfələrlə istifadə etmək qətiyyən olmaz. Bu, heç bir halda gigiyenik hesab edilmir.
Amma məsələn, respiratorlardan təkrar istifadə etmək olur. Amma insanlarımız bilməlidir ki, respiratorlar yalnız tozlu şəraitdə çalışan insanlar üçün nəzərdə tutulub. Onlar da bir saaatdan bir 10-15 dəqiqə fasilə verməli, respiratoru çıxarmalı və təmizləməlidirlər.
Gün ərzində fasiləsiz olaraq, ya da uzun müddət respiratorla, həm də təmizlənməmiş respiratorla çalışmaq düzgün deyil və ziyanlıdır.
Tibbi maskalardan istifadə edənlər evə gəldikdə ağız, burun ciddi şəkildə yuyulmalı, yaxalanmalıdır. Burun epitelindəki tüklər kənardan gələn hər cür hissəciyi özündə saxlamaqla qarşısını kəsir. Ona görə də burun nahiyəsi ciddi yuyulmalıdır ki, tüklər kənar hissəciklərdən azad olsun. Toz dumanı xəbərdarlığı edilibsə, evin pəncərələri də möhkəm bağlanmalıdır və təhlükə bitənədək bağlı saxlanmalıdır. Sonra isə pəncərələr açılıb otağın ventilyasiyası həyata keçirilməlidir.
Belə hava şəraiti xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar, müəyyən xəstəliklə bağlı səhhətində problem olanlara zərərlidir. Bu kateqoriyadan olanlar toz dumanının orqanizmə təsirindən qorunmalıdır.
Qeyd edək ki, bu günlərdə Hindistan ərazisində və Rusiyanın Çelyabinsk əyalətində havada çirkliliyin miqdarının kəskin artdığı xəbərləri verilmişdi. Hindistandakı vəziyyətlə bağlı göstərilən video-süjetdə isə Yeni Dehlidə havanın qapqara olduğu və əhalinin ağızlarını qapayaraq gəzdiyi görünürdü. Deməli, atmosfer çirkliliyi təkcə Ərəbistanda, yaxud Azəbaycanda deyil, bir çox ölkələrdə təhlükəli həddə çatıb.
A.Qeybulla bunun bir çox səbəbləri olduğunu dedi:
- Birinci ən böyük amil qlobal istiləşmədir. Yer kürəsində əhali sayının artması, meşələrin qırılması, atmosferə atılan məişət tullantıları, zərərli qazlar ekotarazlığın pozulmasına gətirib çıxarır. Adicə bir misal çəkim, gün ərzində havaya görün nə qədər təyyarələr qalxır. Bir təyyarənin mühərrikindən çıxan yanacaq elementləri havada uzun müddət iz qoyur. Təsəvvür edin ki, hər gün 10 mindən çox təyyarə havaya zərərli elementlər, qaz hissəcikləri ötürür. Hələ bu, təyyarələrin havanı çirkləndirməsidir. Bundan başqa nə qədər digər səbəblər var. Müharibələr, ağır silahlar, raketlər... saymaqla bitməz. Bir tərəfdən özümüz havaya qənim kəsilmişik. Ağaclıqları qırıb yerində bina tikirik. Baxın, son illərdə Bakıda yaşıllıqlar nə qədər azalıb. Yaşıllıq azalır, əvəzində binalar tikilir. Bəs burada yaşayan insanlar necə nəfəs alacaq, bunu düşünən yoxdur.
Məlahət Rzayeva