2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yeni formatda keçirilib. Məlumata görə abituriyentlərin əldə etdiyi nəticələr əvvəlki illərlə müqayisədə aşağıdır.
Qəbul imtahanlarındakı ümumi fonla bağlı "Sherg.az”a danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni qaydalar görə, abituriyentlər imtahanda ixtisas qruplarına uyğun olaraq 3 fəndən maksimum 400 bal olmaqla 700 bal toplaya bilərlər:
"Artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq tipli test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var. Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır.

Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablamayacaq”.
Ekspert qeyd edib ki, 2019-cu ildə keçirilən qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək:
"Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. Hətta mart ayında 9-cu, aprel ayında 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarında da yüksək nəticə olmadı. 7 apreldə keçirilən imtahanda yalnız 2 şagird maksimum nəticə göstərdi ki, bu da çox aşağı nəticədir. Amma imtahan cavablarının iki ay müddət keçndən sonra elan olunması şagirdlər arasında psixoloji gərgilik yaradır.
Təhsildə yeni ənənələr hələ tam oturuşmayıb. Aprel ayında DİM tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının birinci mərhələsində bakalavrların çoxu tələb olunan 300 balı yığa bilmədi. Yalnız iki abituriyent bu nəticəni göstərə bildi. Bu isə bir daha dolayı olaraq orta təhsil sisteminin mükəmməl olmaması, şagirdlərin hazırlıq səviyyəsinin çox aşağı enməsinin göstəricisidir. Nə qədər ki,orta məktəblərdə, təhsildə neqativ hallar- rüşvət qalacaq, bundan artıq nəticə gözləmək də əbəsdir”.
K.Əsədov hesab edir ki, buraxılış və qəbul imtahanı sualları çətin deyil:
"Qəbul sualları tam orta təhsilin kursunu əhatə edir. Burada söhbət ondan gedir ki, ali təhsil almağa iddialı məzun bu sualların qarşısında çətinlik çəkir, onun öhdəsindən gələ bilmir. Çünki onun orta məktəb pilləsində əldə etdiyi biliklər buna imkan vermir. Abituriyentlərin 10 faizi özünü itirir, psixoloji təsirlər özünü göstərir, amma bu, kütləvi şəkil alanda və birbaşa qəbulun nəticələrinə ciddi şəkildə təsir göstərəndə, ayrılmış yerlər boş qalanda artıq düşünmək üçün əsas yaranır. Bəzi abituriyentlərin hələ də imtahana gələndə sənədlərini unudub gətirməməsi problemi var. Amma DİM onları imtahana buraxmamaqla səhv edir. Çünki, üz tanıma qurğusu onun kimliyini müəyyən edir. Bu zaman həmin şəxsin kimliyi məlum olacaq.
Yeni imtahan modelinə uyğun test kitabçaları, bankları yoxdur.
Sınaq imtahanları az keçirilib. Şagirdlər tam şəkildə yeniliyi mənimsəyə bilməyiblər. İmtahan nəzarətçiləri ilə bağlı müəyyən çatışmazlıqlar var. Onların bəzilərinin peşəkarlıq səviyyəsi azdır. Qəbul proqramlarında edilən dəyişikliklər tam şəkkildə bütün abituriyentlərə aydın deyil. Bununla bağlı maarifləndirici işlər görülməlidir.
Şagirdlər test tapşırıqlarını cavab kağızına və vərəqinə köçürməklə bağlı sıxıntılar yaşayırlar. Onlarda bu vərdişlərin formalaşması üçün məktəblərə boş cavab kağızları yollanmalıdır ki, şagirdlər bu prosesi anlasınlar. Buraxılış imtahanında istifadə olunan test kitabçası verilməyib. Bu kitabça verilməldiir ki, şagirdlər yeni test modelləri ilə yaxından tanış olsunlar”.
Yeganə Bayramova