Bu ölkənin Ermənistanla heç bir əlaqəsi yoxdur

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir




Ötən gün Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Nayif Al-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin, Səudiyyə Ərəbistanına səfəri və səfər zamanı Kral Həzrətləri və digər rəhbər şəxslər ilə aparılan müzakirələri məmnunluqla yad edib. Prezident vurğulayıb ki, ölkələrimiz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir. Siyasi əlaqələr çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində daim biri-birini dəstəkləyir. Dövlət başçısı xüsusilə diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır: 

"Azərbaycan xalqı Səudiyyə Ərəbistanının bu münaqişə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını yaxşı bilir və bu, bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir”. İqtisadi sahəyə toxunan Prezident son zamanlar bu istiqamətdə inkişafla bağlı çox ciddi addımların atıldığını deyib. Gələcək illərdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar daha geniş tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə edib. 

Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını qeyd edən Prezident İlham Əliyev bunu dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirib: "Ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığı da yaxşı səviyyədədir. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən Daxili işlər nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək”. Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq da öz növbəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərin getdikcə inkişaf etdiyini bildirib.

İki ölkə arasındakı əlaqələri "Şərq”ə dəyərləndirən politoloq Zaur Məmmədov deyib ki, Səudiyyə Ərəbistanı özünü müsəlman ölkələrin lideri sayan əhəmiyyətli dövlətlərdən biridir. Ən əsası isə odur ki, Səudiyyə Ərəbistanı islam həmrəyliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsində birmənalı olaraq Azərbaycanı dəstəkləyir: 

"Bu ölkənin işğalçı Ermənistanla heç bir əlaqəsi yoxdur. Ona görə də rəsmi Bakı Ər-Riyadla sıx əməkdaşlıqda maraqlıdır. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edir. Hazırda regionda hansı proseslərin getdiyinin şahidiyik. Bundan əvvəl Rusiya, daha sonra ABŞ, indi isə Səudiyyə Ərəbistanının yüksək səviyyəli nümayəndəsinin ölkəmizə gəlişi göstərir ki, Azərbaycanın geosiyasi çəkisi artmaqda davam edəcək. Azərbaycanın tutduğu mövqe bütün bu dövlətlərin hamısını maraqlandırır. Eyni zamanda son illərdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin və turizmin genişlənməsi də göz önündədir”.

İsmayıl