"Bu parad İlham Əliyevin apardığı siyasətin bir təntənəsidir"





Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmaz olduğunu bir daha sübuta yetirdi. Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir. 

Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli münasibətlər müxtəlif sahələri birləşdirir. Əməkdaşlığımız regional və beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə xidmət göstərir. 

İki lider arasında müntəzəm görüşlər keçirilir ki, bu da Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. 15 sentyabr günü keçirilən möhtəşəm paradda çıxış edən dövlət başçıları qətiyyətlə vurğuladılar ki, Azərbaycanın və Türkiyənin milli maraqları, mənəvi dəyərləri yüz il əvvəl olduğu kimi bugün də eynilik təşkil edir. 

İki qardaş ölkə istənilən siyasi şəraitdə yan-yana, çiyin-çiyinə mübarizə aparır, bir-birinin maraqlarını səmimi şəkildə müdafiə edirlər. Bu mənada Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi sayılan 15 sentyabr zəfəri xüsusilə mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Çünki məhz həmin tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Ona görə də Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 100 iliyi ilə bağlı keçirilən parad ictimaiyyətin məlumatlanması və gənc nəslin maariflənməsi baxımından çox müsbət addım oldu. 

Heç şübhəsiz ki, bu parad həm də türk dünyasına bir qardaşlıq, səmim dostluq və normal əməkdaşlıq mesajı verdi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxışı zamanı Türk dünyası arasında mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən bir sıra maraqlı məqamlara təmas etdi. Dövlət başçısının çıxışında Azərbaycanın regionda və dünyada rolu, əsas strateji hədəfləri bir daha açıqlandı. 

Vurğulamaq lazımdır ki, 15 sentyabr paradı həm də Ermənistana və bu ölkənin rəhbərliyinə xəbərdarlıq idi. Xəbərdarlıq ondan ibarət idi ki, Ermənistan işğalçı mövqeyində qaldıqca iqtisadi tənəzzülü daha sürətlə gedəcək. Bu fikri Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın məzmunlu çıxışında da təsdiqlədi. Türkiyənin sonadək Azərbaycana dəstək verəcəyini vurğulayan Ərdoğan bir daha bəyan etdi ki, rəsmi Ankaranın mövqeyi aydındır və dəqiqdir. Diqqətə çatdırıldı ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir. Əks halda sərhədlərin açılmasından söhbət gedə bilməz.

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı "Sherg.az”a danışan millət vəkili Aydın Hüseynov bildirib ki, 15 sentyabrda təşkil olunan möhtəşəm parad Prezident İlham Əliyevin apardığın siyasətin bir təntənəsidir. Parlamentari qeyd edib ki, bu siyasət həm də Azərbaycan xalqının mənafeyi və arzularının ifadəsidir: 

"Bu, rəsmi Ankara və Bakı arasındakı qardaşlığın bir nümunəsidir. Türkiyənin Azərbaycanın xalqının sevincini öz sevinci, ağrısını da öz ağrısı kimi qəbul etməsi bu iki ölkə liderinin bir-birinə olan dost və qardaş münasibətindən irəli gəlir. Bu parad dostluq və qardaşlıqla yanaşı, onu da sübut etdi ki, Azərbaycan və Türkiyə hər hansı bir təzyiqlə üzləşərlərsə, eyni mövqedən çıxış edəcəklər. Yəni bu gün Türkiyəyə təzyiq göstərmək istəyən ölkə olarsa, öz qarşısında Azərbaycanı, Azərbaycanın müstəqilliyini istəməyən hər hansı bir qüvvə isə qarşısında Türkiyəni görəcək. Biz paradda bunların şahidi olduq. Bundan başqa Ərdoğan bəyan etdi ki, Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına qayıtmayınca, erməni işğalçıları Azərbaycan torpaqlarından çıxmayınca, bu separatçı ölkə ilə heç bir diplomatik, iqtisadi və siyasi əlaqə qurula bilməz. Türkiyə ilə Ermənistan arasındakı qapılar açıla bilməz. Bu, çox böyük siyasi bəyanatdır. Azərbaycan və Türkiyənin dostluq və qardaşlığı sarsılmazdır. Mədəni, iqtisadi, siyasi, hərbi və s. sahədə əlaqələrimiz gündən-günə genişlənir. Sentyabrın 15-də "bir millət iki dövlət” olduğumuzu tarixə qızıl hərflərlə yazdıq”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də "Sherg.az”a deyib ki, parad Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Ekspertin sözlərinə görə, möhtəşəm paradın keçirilməsi, Türkiyə prezidentinin paradda iştirakı və çıxışı iki qardaş ölkənin strateji müttəfiq olduğunu göstərir: 

"Qafqaz İslam Ordusu Bakıya gəlib, paytaxtımızı daşnaqlardan, quldur ermənilərdən təmizləməsəydi, indi bəlkə də Azərbaycan adlı ölkə yox idi. Nuru paşanın komandanlığı ilə Bakı azad edildikdən sonra paytaxtımız buraya köçürüldü. Şanlı Osmanlı ordusu ilə Azərbaycan əsgərinin, xalqımızın birliyi Bakını azad etdi. Bu mənada 15 sentyabr Azərbaycanın ən böyük bayramıdır. Bu bayram həm də Osmanlının varisi olan Türkiyənin bayramıdır. 

Hörmətli Ərdoğanın Bakıya gəlib prezidentimizlə görüşməsini, parada qatılmasını yüksək qiymət ləndirirəm. Qafqaz İslam Ordusu haqqında o qədər xoş fikirlər söyləmək olar ki. Bütün xalqımızı, cənab Prezident İlham Əliyevi, eləcə də Osmanlının varisi Türkiyə Cumhuriyyətini və onun rəhbərliyini təbrik edirəm”.

İsmayıl