Buna getməməliyik

ATƏT müşahidəçilərinin sayının artırılması maraqlarımıza xidmət etmir





"Tərəflər ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı konkret parametrləri razılaşdırmağa yaxındır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı Ancelino Alfano ilə birgə mətbuat konfransında deyib.

Lavrov bildirib ki, 2016-cı ilin aprelində qarşıdurma xəttində baş verən hadisələrdən sonra tərəflər arasındakı görüşlərdə etimadın möhkəmləndirilməsi məsələsi müzakirə olunub. Həmin dövrdən bu istiqamətdə iş aparılır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da bəyan edib ki, Minsk Qrupunun həmsədrlərinin fevralın birinci ongünlüyündə regiona səfərləri çərçivəsində müşahidəçilərin sayının artırılması gündəmə gətiriləcək. Rusiya XİN rəsmisi deyib ki, ATƏT çərçivəsində müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı artıq hazırlanıb: "Yanvarın 18-də Krakovda keçirilmiş görüşdə nazirlər vasitəçilər tərəfindən hazırlanmış yeni təkliflərlə prinsipcə razı olduqlarını bildiriblər. Yalnız bəzi texniki detallar qalıb. Tərəflər həmin detalları razılaşdırdıqdan sonra genişlənmə mexanizmi işə salınacaq”.

Rusiya XİN-in açıqlamalarını dəyərləndirən politoloq Natiq Miri "Şərq”ə deyib ki, danışıqların bu səviyyəyə endirilməsi Azərbaycanın maraqlarına xidmət etmir. Ekspertin sözlərinə görə, müşahidəçilərin sayının artırılması, daha doğrusu, büdcəmiz hesabına yeyib-içən Kasprşikin "işçilərinin” çoxaldılması indiki status-kvonun qorunub saxlanmasından başqa heç nəyə xidmət etmir: "Onların nəyi müşahidə edəcəkləri Azərbaycanı qətiyyən maraqlandırmır. 25 il ərzində erməni qoşunlarının saysız təxribatlarını öz gözləri ilə görmüş Kasprşik və onun nümayəndə heyəti Ermənistana hansısa təzyiq mexanizmi tətbiq etməyib. Bundan sonra da hansısa təzyiq elementinin olacağını düşünmək özümüzü aldatmaq olardı. Kasprşik illərlə Azərbaycan otellərində içki içib, mətbəximizin gözəl nemətlərindən yararlanıb. Belə bir heyətin genişləndirilməsi Dağlıq Qarabağ probleminin çözümünə gətirə bilməz. Onların işi sadəcə ermənilərin marağına xidmət edir”.
Analitik bildirib ki, Azərbaycan tərəfi bu cür məsələlərin müzakirəsinə getməməlidir: "Bundan sonra ancaq və ancaq Ermənistana təzyiq siyasətinə üstünlük verməliyik. Əks halda status-kvonu dəyişmək mümkün olmayacaq. Ortada Türkiyənin terrorçulara qarşı apardığı Afrin əməliyyatı nümunəsi var. Artıq biz də bu yöndə düşünməliyik”.
İsmayıl