Məhərrəm Zülfüqarlı: “Akif Əlizadə Azərbaycan elminin inkişafına hər zaman öz töhfələrini verib”
Firudin Cəlilov: “Akademiya sisteminin özündə qüsür var. Akif Əlizadə yox, başqası olsun, yenə heç nə dəyişməyəcək”
Faiq Ələkbərli: "Akif müəllimin yenidən seçilməsi gözlənilən idi”
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak ediblər.
AMEA prezidenti vəzifəsinə Akif Əlizadənin namizədliyi irəli sürülüb. A.Əlizadənin adının gizli səsvermə bülleteninə daxil edilməsi barədə qərar qəbul edilib. Səsvermədə 66 nəfər iştirak edib, onların hamısı A.Əlizadəyə səs verib. Beləliklə A.Əlizadə yenidən AMEA-nın prezidenti seçilib.
A.Əlizadə bildirib ki, Azərbaycan elmi hər zaman irəlidə olmalıdır. Onun sözlərinə görə, akademiyada islahatlar bir qədər də dərinləşəcək: "Bu, qarşımızda duran ən böyük vəzifədir. Bundan sonra da var-gücümlə çalışacağam”.
Tarix elmi üzrə fəlsəfə doktoru, AVCİYA sədri Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında A.Əlizadənin yenidən AMEA prezidenti seçilməsini müsbət qiymətləndirdiyini deyib: "A.Əlizadə Azərbaycan elminin inkişafına hər zaman öz töhfələrini verib. Ümumiyyətlə, akademik seçkiləri digər seçkilərdən bir qədər fərqlidir, çünki bu çox ciddi bir məsələdir. Parlament seçkiləri olsaydı, alternativlər çox ola bilərdi. Amma akademiklər ağsaqqal adamlardı, yəqin ki, prezidenti seçəndə bir qədər fərqli yanaşırlar. Yəni ki, seçicilər özləri qabaqcadan razılaşırlar, buna da hörmətlə yanaşmaq lazımdır”.
Türkoloq-alim, professor Firudin Cəlilov bildirib ki, A.Əlizadənin əvvəlki prezidentliyi dövründə AMEA Azərbaycan elminə bəhrə verə bilmədi:
"Akademiyanın əvvəlki prezidentlərini görmüşük, Həsən Abdullayevin vaxtında dilçilik sahəsində bir nəfər akademik var idi. İndi isə humanitar sahədə 40 nəfər akademik işləyir, lakin ciddi araşdırmaları yoxdur.
Akademiyanın hazırkı sistemi ilə bağlı bəzi iradlarım var. Lakin bu iradlarımın Akif müəllimin şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, bir çox dövlətlərdə akademiya sistemi mövcud deyil. Universitetlərin tərkibində və ya ayrı-ayrı şirkətlərin profilinə uyğun elmi araşdırma mərkəzləri var. Məsələn, akademiyamızın ədəbiyyat institutunda 200 işçiyə ehtiyac yoxdur. Burda 20-30 işçi olsa bəsdi. Çünki 200 işçidən 180-nin elmi yoxdur, sadəcə başlarını girləyirlər, özlərini bədbəxt edirlər və elmi də geri salırlar. Həmin 180 işçinin araşdırma qabiliyyəti yoxdur.
200 nəfərə ayrılan maaşı 20 nəfər arasında bölsələr, görün elm nə qədər inkişaf edər? İnsanlar gedib orda-burda əlavə iş axtarmazlar, çünki onlar həqiqi araşdırıcıdırlar və onlara şərait yaratmaq lazımdır. Bugünkü akademiya sistemi elmə ayrılan pulu düzgün istifadə etmir. Əslində bu hal Akif müəllimdən də asılı deyil. Son illər seçilən akademiklərin siyahısını göz qabağına qoyanda hər şey bəlli olur. Akif müəllim ağsaqqal adamdır, gərək belə məsuliyyətin altına girməyəydi. Akademiya sisteminin özündə qüsür var. A.Əlizadə yox, başqası olsun, yenə heç nə dəyişməyəcək. Sistemin özündə dəyişiklik etmək lazımdır”.
AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Faiq Ələkbərli isə düşünür ki, A.Əlizadə prezident olduğu dönəmlərdə AMEA-da müsbət dəyişikliklər baş verib:
"Akif müəllimin yenidən seçilməsi gözlənilən idi. Onun prezident olduğu vaxtlarda xüsusilə akademiyada gənc kadrların sayının artması müşahidə edilib. Ümumiyyətlə, Akif müəlliminin dövründə maddi-sosial rifahın yaxşılaşması, hətta bir çox alimlərin evlə təmin olunması, elmi dərəcələrə, xüsusilə dosent dərəcəsinə görə əlavə maddi yardımların verilməsinə şərait yaranıb. Son illər akademiyamızda müəyyən irəliləyişlər olub, ona görə yenidən Akif müəllimin prezident seçilməsində saydığımız amillərin xüsusi rolu var.
AMEA-nın son illər xarici ölkələrin akademiyaları ilə əməkdaşlıqları da xeyli dərəcədə inkişaf edib. Məhz A.Əlizadənin prezidentliyi dönəmində "Elm haqqında” qanun qəbul edildi. Ümid edirik ki, Akif müəllimin prezidentliyinin növbəti illərində elmi institutlarımız daha da inkişaf edəcək, gənc kadrların yetişdirilməsinə böyük imkanlar yaranacaq”.
Yeganə Bayramova