"Bundan sonra Ermənistanda vəziyyət daha da ağırlaşacaq"- Millət vəkili






"Bəzi analitik rəqəmlərə nəzər saldıqda da görürük ki, Prezident İlham Əliyevin söylədiyi kimi Ermənistanın uzun müddət blokadada qalması onu daxilən çökdürdü”.

Bu barədə "Sherg.az”a Prezident İlham Əliyevin Müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində çıxışı zamanı səsləndirdiyi "Ermənistandakı kriminal xunta rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində bu ölkə acınacaqlı vəziyyətə düşüb" iddiasını dəyərləndirərkən millət vəkili Adil Əliyev bildirib. 

Parlament üzvünün sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyi, yaranmış acınacaqlı durum Azərbaycanın uzun illərdir apardığı mübarizənin nəticəsidir:

"Bu gün həm İrəvanda, həm də Dağlıq Qarabağda baş verən etiraz aksiyalarının nəticələri daha ağır olacaq. Çünki Paşinyan insanları meydanlara toplayıb, çoxlu vədlər səsləndirdi. İş yerlərinin açılması, maaşların yüksəlməsi, iqtisadi inkişaf sözləri verirdi. Lakin Erməni xalqı vədlərə əməl edilməsinin mümkün olmadığını dərk edir. Çünki Ermənistanda bu perspektiv yoxdur. Düşmən ölkənin başqa xarici ölkələrdən siyasi və iqtisadi cəhətdən asılı olması problemləri daha da dərinləşdirir. Rusiya, Amerika və Avropa Ermənistana təkbaşına havadarlıq etmək istəyir. Ona görə, Ermənistandakı hazırkı acınacaqlı durum bizi qane edir. Proseslər isə bundan sonrakı zamanda daha ağır vəziyyət yaranacağını göstərir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sözlərinə görə, erməni xalqı onlara 20 il ərzində ancaq öz maraqlarını güdən, yarıtmaz və cinayətkar fəaliyyət göstərən kriminal xunta rejiminin rəhbərlik etdiyini anlayıb:

"Bu rejimin siyasəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

Aysel Aslan