“Xəstəxanada mən onun yanında olanda, inanın elə sevgi ilə yanaşırdı ki, mən illərlə bəlkə də görmədiyim qayğını o müddətdə Yaşardan görmüş oldum. O sözləri eşidəndə deyirdim ki, ay Allah, Yaşarın ömrünü bir az da
“Bunu gizlətmirəm...”
Rəhimə xanım: “Məhz onun xəstəliyi dönəmində Yaşarla ən böyük sevgimiz yaşanıb”
“Xəstəxanada mən onun yanında olanda, inanın elə sevgi ilə yanaşırdı ki, mən illərlə bəlkə də görmədiyim qayğını o müddətdə Yaşardan görmüş oldum. O sözləri eşidəndə deyirdim ki, ay Allah, Yaşarın ömrünü bir az da
“Xəstəxanada mən onun yanında olanda, inanın elə sevgi ilə yanaşırdı ki, mən illərlə bəlkə də görmədiyim qayğını o müddətdə Yaşardan görmüş oldum. O sözləri eşidəndə deyirdim ki, ay Allah, Yaşarın ömrünü bir az da
Kişilər bir olmur, atam balası,
Qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Onun da qəbri üstə ağlayan bir qara paltarlı qadını var. Özünün də dediyi kimi, sağlığında qayğısını çəkdiyi kimi, qara mərmərli soyuq məzarını da qayğısız qoymur. Bəlkə də onun ruhunu yaşadan bu qadının onsuz keçən ömür yolu hər biriniz üçün maraqlı olar. Söhbət Xalq artisti, Azərbaycan teatr səhnəsinin tarixində izini qoyan aktyor Yaşar Nuridən gedir. Yaşarsız keçən yaşam.. Onsuz ötən 5 il...Yaşarsız ötən bu illərdə onun ruhunu tək qoymayan ömür-gün yoldaşı Rəhimə xanımın etirafları...
Rəhimə xanım "Şərq”ə Yaşarsız ötən günlərindən danışdı. Bəzən qürurla, bəzən darıxaraq, bir az da köks ötürərək ötənləri vərəqlədi.
- Yaşar Nurisiz ötən ömür yolu... Ailə hansı məqamlarda onun varlığına daha çox ehtiyac duyur?
- Mən ilk növbədə sizə və qəzetinizə təşəkkür edirəm. Çünki oxucularınızdan biriyəm. "Şərq”də yüngül sənətçilərin reklamını görmürəm. Daha çox Azərbaycan səhnəsində sözünü deyən sənətkarlarla bağlı yazılara önəm verilir. Sizi digərlərindən fərqləndirən bir önəmli xüsusiyyətiniz də var ki, siz peşəkar qəzetçilər olaraq dünyasını dəyişən sənətkarların həyatını yenidən gündəmə gətirmək, onların ailələri ilə maraqlanıb bu günlərini işıqlandırmaqla seçilə bilmisiz. Bu əsl peşəkar jurnalistika yoludur. Mən elə qəzetiniz vasitəsilə yeni ildə xalqımıza ancaq əmin-amanlıq arzulayaraq söhbətə başlamaq istərdim. Mənə elə gəlir ki, Yaşar da sağ olsa, ilk sözü elə bu olardı. Qaldı Yaşarsız ötən günlərə, saatlara, bu barədə danışmaq həqiqətən çətindi. Yaşarsız ötən 5 il mənim üçün həqiqətən ağırdı. Amma elə bilirəm ki, dünən onu itirmişəm. O hisslər mənim üçün bu gün də acısı, ağırlığı ilə təzədir. Hələ də o hisslərin adını deməyə gücüm yetmir. İnanmaq istəmirəm ki, yoxdu. O tarazlığı hələ də təyin edə bilmirəm. Bilirəm ki yoxdu, amma bunu qəbul etməyə hələ də cəsarətim çatmır. O, mənim hər anımda var. Yaşar mənim həyatımda elə bir rol oynayıb ki, heç kimlə onu müqayisə edə bilmirəm. Atanın-ananın, övladların hərənin öz yeri olur. Amma həyat yoldaşı, sənin elə həyatının yoldaşı olur. Həyatının elə məqamlarında dərk edirsən ki, həyat yoldaşı sənə nə qədər vacibdi. Onun varlığı sənin üçün nə qədər önəmlidir. Bilirsiz evlilik, ailə insanı biri-birinə bağlayır. Bir də həyatda elə bir yaş həddinə çatırsan ki, o dönəmdə ömür gün yoldaşının dəyərini daha dərindən anlaya bilirsən. Yaşar son illər xəstə yatdı, çətin günlərimiz oldu. Maraqlısı isə o idi ki, məhz onun xəstəliyi dönəmində Yaşarla ən böyük sevgimiz yaşanıb. O illərdə onunla daha böyük sevgi yaşamış oldum. Bunu gizlətmirəm. Yaşar da xəstəliyi dövründə mənə tam başqa bir sevgi ilə yanaşmağa başladı.
Düzdü, xəstə olan vaxtları ağır günlər yaşamışıq. Amma o xəstəliyi dövründə yaxşı vaxtları da olurdu. Bir müddət ciyər əməliyyatından sonra özünü lap yaxşı hiss edirdi. Quş kimi olmuşdu. Bax o illərdə gözəl sevgi anlarımız olub. O vaxtlarda Yaşar mənə elə gözəl sözlər, etiraflar edirdi ki, mən çaşqın olurdum. Deyirdim ki, Yaşar, bu sözləri sən mənə deyirsən? Xəstəxanada mən onun yanında olanda, inanın elə sevgi ilə yanaşırdı ki, mən illərlə bəlkə də görmədiyim qayğını o müddətdə Yaşardan görmüş oldum. O sözləri eşidəndə deyirdim ki, ay Allah, Yaşarın ömrünü bir az da uzat. Çox yaşasın ki, mən onunla bu xoş anları doyunca yaşaya bilim. Qoy xəstə olsun, amma nəfəsini hiss edim, yaşasın. O arxa, o hissi Yaşar öləndən sonra itirdim.
- Yaşar Nuridən sonra arxasız qaldığınızı hiss etdiniz?
- Əlbəttə. Mən Yaşarı itirəndə anladım ki, arxasız qalmışam. Düzdü, 2 övladım, nəvəm var. Amma Yaşar bizə arxa idi. O bizim üçün vüqarlı dağ idi. Biz o dağa söykənəndə özümüzü arxayın hiss edirdik. İndi dağsız qalmışam.
- Deyirlər güclü qadınsız. Onsuz zəif hiss edirsiz özünüzü?
- Mən güclü qadınam. Başqa şəkildə ola da bilməz. Optimist insanam. Yaşarın yoldaşının zəif görünməyə haqqı yoxdu. Yaşarın adını üstümdə daşıyıramsa, zəif ola bilmək kimi bir seçimim ola bilməz. Amma bir qadın kimi Yaşara sox ehtiyacım var. İnsan cavan ikən deyil, müəyyən yaşdan sonra ömür yoldaşına daha çox ehtiyac hiss edir.
- Daha çox hansı məqamlarda onun varlığına ehtiyac hiss edirsiz?
- Hər addımda. Adicə bir misal çəkim. Hansısa məclisə, toya, nişana dəvət olunuram, gedirəm. İçəri keçəndə artıq hiss edirəm ki, o yanımda yoxdu. Təkəm. Elə nüanslar var ki, onları açıqlamaq istəməzdim. Həyatdı, tələbatlar, stereotiplər dəyişib. Həyata yanaşma fərqli olub. Mənəviyyat tərəfdən çox incə məqamlar var ki, o an Yaşarın yoxluğunu hiss edirəm.
- Yaşar Nuridən sonra münasibətlərmi dəyişdi?
- Bilirsiz, mən çalışıram ki, elə bir şəraitdə yaşayım ki, orda özümü daha rahat hiss edim. Mən bilirəm ki, ona qarşı olan münasibət yüz faiz qorunub, saxlanılır, mən ora daha çox getməyə maraqlı oluram. Ancaq tərəddüd edirəmsə, ora risk edib getmirəm. Bilmirəm orda münasibət necə ola bilər. Bəlkə də getsəm yenə də o hörməti görəcəm. Bunu bilmirəm. Amma risk də etmirəm. Çünki onun şəxsiyyətinə o qədər dəyərlə yanaşıram ki, istəmirəm xəyalımda olanları kimsə hansısa düşünülməmiş addımı, jesti ilə kölgələsin. Mən onun ruhuna hörmət edirəm. Sağlığında ona olan dəyər, hörmət necə idisə, yenə də insanlardan elə diqqət istəyirəm.
- Dəyişiklikləri hiss edirsiz?
- Bəli, var. Təəssüf, bəzən bunun da şahidi oluram. Bax bunları görməyim deyə, bir az daha həssas yanaşıram. Misal üçün, bu günlər nəvəmi yeni il şənliyinə aparırdım. Akademik Milli Dram Teatrına getdik. Teatra zəng etdim, dedim nəvəmlə gəlmək istəyirəm. Dedilər ki, "Teatr sizə qurbandı” bu söz mənə mənən bəs edir. Nəvəmlə getdik, bizi elə qarşıladılar, o qədər qayğı ilə əhatə etdilər ki, sanki quş oldum zala daxil oldum. Oturduğum yerdən tutmuş, nəvəmə olan qayğıya qədər dəyəri hiss etdim. Mənə bundan artıq nə lazımdı. Bilirdim ki, ora getsəm münasibət belə olacaqdı deyə rahat getdim. Bir də düşündüm ki, illər ötsə də, Yaşara olan dəyər dəyişməyib. Hətta Kukla Teatrına da nəvəmi apardım. İstədim nəvəm vaxtilə babasının o teatrda oynadığı Məşədi İbad rolunda geyindiyi geyimləri görsün. Teatrdan xahiş etdim, səhnə arxasına apardılar, nəvəmə o geyimləri göstərdilər. Babası haqqında ona məlumatlar verdim ki, nəvəmin ağlına, yaddaşına həkk olunsun babası kim olub. 3 yaş yarımlıq uşaqdı, bilir ki, babası sənətkar olub. Uşaqdı, amma mənə bu dəfə teatrda olan dedi ki, mən böyüyəndə qar qızı olmaq istəyirəm, Şaxta baba isə Yaşar babam olsun. Onunla səhnəyə çıxım. Mən adi insanlardan da xoş münasibət görürəm. Bu məni yaşadır. Amma elə insanlar var ki, onların münasibətindən çəkinirəm. Mən çalışıram ki, belə insanları axtarmayım, qoy onlar məni axtarsınlar. Hər halda müəyyən mesajlarımı göndərmiş oldum.
- Qızlarınız üçün ata itkisi nə qədər ağır oldu. Axı qızlar atalarına bağlı olurlar. Bu gün qızlarınız o hisslərini sizinlə bölüşürlərmi?
- Mən qızlarımı elə tərbiyə etmişəm ki, onlar mənimlə rəfiqə olmağa üstünlük verirlər. Biz üçümüz biri-birimizə arxa -dayaq olmağa çalışırıq. Yaşarın sağlığında da çalışırdıq ki, problemləri ona deyib onu yükləməyək. Analar yağlıyan, ballıyan olur axı. Bu gün də qızlar mənimlə fikirlərini, dərdlərini bölüşəndilər. Mən də imkan qədər onlara arxa-dayaq olmağa çalışıram. Yaşarı əvəz edə bilmirəm. Amma onlara mənən dəstəyimi göstərirəm ki, onlar təklik hiss etməsinlər. Qaldı arxamızı, dayağımızı itirməyə, əlbəttə ki, 200 faiz arxa, dayağımızı itirmişik. Yaşarın yoxluğunu həyatımızın hər anında hiss edirik.
- Yaşar Nuri ilə bağlı layihələr də həyata keçirmək istəyirsiz?
- Çox istəyirəm. Arzulayardım ki, efirlərdə Yaşar Nuri yaradıcılığı ilə bağlı silsilə layihələr təqdim edilsin, onun səhnə fəaliyyəti, tamaşaları bu günün tamaşaçısına çatdırılsın, teatrşünasların bu barədə fikirləri təqdim edilsin. Yaşar Nurinin zəngin yaradıcılıq toplusu var. İstərdim bu barədə araşdırmalar olsun. Mən bunu arzulayıram. Yaşarla bağlı o qədər sənədlərim, muzey üçün lazım olan eksponatlarım var ki, onlardan istifadə edilsin. Bəzilərini teatr xadimləri ittifaqına, teatr muzeyinə təqdim etmişəm. Bir çoxu məndə qalır.
- Elə bir əşya, eksponat var ki, onu hədiyyə etməyə ürəyiniz gəlmir? Daha özəldi...
- Bəli var. Onun fəxri adları, bir çox önəmli mükafatları var ki, onlar məndə qalacaq. Ən azı mən sağ olduğum müddətdə onlar mənimlə qalmalıdır.
- Onda Yaşar Nurinin ruhunu özünüzə daha yaxın hiss edirsiz?
- Xatirələrin hərəsi onun ömür yolundan bir iz qoyub mənə. Elə əşyalar var ki, onların hər biri Yaşarın ömür yolunun bir səhifəsidir. Mən onlardan uzaq qala bilmərəm. Onlar evdə olduqca mən Yaşarı da evdə, yanımda hiss edirəm. Bir də Yaşarın 70 illik yubileyinin daha möhtəşəm keçirilməsinin arzusundayam. İstərdim, Türkiyədən, Rusiyadan sənətkarlar, teatrşünaslar dəvət edilsin, maraqlı bir 70 illik yubiley təşkil edilsin. Ona görə də indidən bəlkə də sponsor axtarışına çıxmayılam. Düzdür, 70 illik yubileyin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçiriləcəyini güman edirəm. Amma o yubileyin tam mənim arzuladığım şəkildə keçirilməsi üçün bir az maddi vəsait də tələb olunur ki, qonaqlar dəvət edilsin, maraqlı, yaddaqalan yubiley kimi Azərbaycan teatr səhnəsində iz qoymuş olsun.
- Bu gün necə, Yaşar Nuri ilə dərdləşirsiz? Onun məzarına gedəndə nələri bölüşürsüz?
- Təbii ki, məzarını tez-tez ziyarət edirəm. Onunla danışıram, söhbət edirəm, bəzən dərdləşirəm. Deyirəm ki, Yaşar, bax sağ olsaydın bunlar olmazdı. Yoxsan bu çətinlikləri yaşayıram. İnsan həyat yoldaşı qədər heç kimlə rahat dərdlərini bölüşə bilməz. Mən təkcə ömür-gün yoldaşımı deyil, dərd ortağımı, həyatdakı ən yaxın dostumu itirdim. Şairin bir gözəl misrası var. Hər bir kişinin qəbri üstə bir qara paltarlı qadın ağlayır. Düzdü, bəlkə onun ruhu inciməsin deyə göz yaşımla məzarını isladıb onu incitmək istəmirəm. Amma həyatımızda olanları bölüşürəm. İndi onun yatdığı Fəxri Xiyaban, məzar daşı mənim dərd bölüşən məkanım olub.
Tahirə Məmmədqızı