Bütün millət vəkillərinin maaşları kəsilə bilməz

Amma 125 nəfərdən 70-nin vəsaitə ehtiyacı yoxdur
Cümşüd Nuriyev: “Bu, qarşılıqlı razılıq əsasında olmalıdı. Kimisə buna məcbur eləmək olmaz”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycan deputatlarının maaşlarının kəsilməsi ilə
bağlı açıqlama verib. O bildirib ki, 1500-2000 manat ehtiyacı olmayan, 10-15, 20-25 ildir
parlamentdə oturan deputatlar qoy bundan sonra millətə pulsuz xidmət etsinlər. Aldıqları pulu da şəhid ailələrinin 20 ildir verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə
yönəltsinlər!

"Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir. Təkcə bu qənaətlə dövlət 4 ilə şəhid
ailələrinə olan borcunu tam bağlaya bilər. Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75
manat verilməsinə səs verən adamlara pul düşmür. Şəhid ailəsinin 200 manatın ümidinə
buraxılmasına səs verən deputata pul düşmür!”- deyə R.Kərimoğlu bildirib.
Onun açıqlamasına münasibət bildirən "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad
Əsədov da Qaziler.az-a bu fikirlə razılaşdığını bildirib:

"Bəli, mən də bu təkliflə razıyam. Qarabağ müharibəsində iştirak edib əlil olan 18-19 yaşlı
gənclərimiz bu gün 75 manat pensiyanın ümidinə buraxılırsa, Milli Məclisdə əyləşən
deputatlarımız nəyə görə o qədər yüksək maaş almalıdırlar? Axı onların böyük əksəriyyəti
imkanlı şəxslərdir, geniş biznes şəbəkələrinə malikdirlər. Hamımız çox gözəl bilirik ki, 3-4
nəfəri çıxmaqla, yerdə qalanların 1500-2000 min manata ehtiyacları yoxdur. Elə yaxşı olmazmı
ki, onların maaşı şəhid ailələrinin qan pulunun ödənilməsinə yönəldilsin. Bu gün iki ayağını
itirmiş qazi qardaşlarımız acınacaqlı durumda yaşayırlar. Bu azmış kimi, hələ bir maaşlarının
artırılmasını da tələb edirlər. Xalqın övladları gedib vətəni qoruyur, sağlamlığını itirir, ömürlük
şikəst olurlar, yataq xəstəsinə çevrilirlər və bu parlament onlara 75 manat rəva görür, özlərinə isə
2000 manatı az bilirlər. Bu, böyük ədalətsizlikdir, haqsızlıqdır. Qoy o kürsülərdə əyləşib özlərinə
hər cür şərait yaradan "deputatlarımız” bundan utansınlar. Bu, biabırçılıqdır. Utancvericidir.
Sadəcə, ayıbdır!”.

Deputat Nizami Cəfərov hər bir millət vəkilinin ümumi qaydada dövlətdən maaş almasının
normal hal olduğunu bildirib. O deyib ki, heç də bütün millət vəkilləri bizneslə məşğul deyil:

"Deputatı tamamilə maaşsız buraxmaq düzgün ola bilməz. Dünyada belə bir praktika yoxdur.
Təbii olaraq millət vəkili maaş almalıdır. Az və ya çox ala bilər, bu artıq ayrı bir məsələdir. Elə
millət vəkilləri var ki, əlbəttə, onların maaşa ehtiyacı var. Hər bir millət vəkili aldığı maaşdan
imkansız ailələrə yardım edir. Əgər bütün deputatların maaşı kəsilsə və pula ehtiyacı olanlara
verilsə, bu, heç nəyi ifadə etməyəcək. Problem belə həll olunmur. Bu məsələ olduqca emosional
və özünü doğrultmayan bir məsələdi. Mən elə millət vəkilləri tanıyıram ki, imkansızlara çox
yardımlar ediblər. "Millət vəkillərinin maaşı kəsilsin və onların buna ehtiyacı yoxdur” kimi
fikirlər olduqca absurddur. Ola bilsin ki, hansısa millət vəkilləri həyəcanlanıb belə bir bəyanat
verib, amma bu, heç bir prinsiplə özünü doğrultmur”.

Sabiq millət vəkili Cümşüd Nuriyev isə deputatların maaşlarının şəhid ailələrinə verilməsini
məqsədəuyğun hesab edir. Lakin o söyləyib ki, bunun üçün millət vəkillərinin razılıqları əsasdır:
"Parlamentdə olan deputatların 125 nəfərindən təxmini 70 nəfərinin həmin maaşa ehtiyacıyoxdur. 
Onlar rəsmi şəkildə həmin maaşlarını ərizə yazıb ehtiyacı olanlara köçürə bilərlər.
Yaxud da onlar 2 ailəni götürə bilər və pulu onlar arasında bölüb köməklik göstərə bilər.
Bununla ən azı 100-150 qazi ailəsinin tam təmin olunması mümkündür. Ancaq bu, deputatlar
tərəfindən razılıqla qarşılanmalıdır. Etiraf edək ki, biznesi olmayan imkansız deputatlar da var.
Amma imkanları olanlar daha çoxdur deyə, düşünürəm ki, bu, ağıllı bir təklifdir. Bu, qarşılıqlı
razılıq əsasında olmalıdı. Kimisə buna məcbur eləmək olmaz. Bu gərək deputatın içindən gələn
bir addım olsun”.

Yeganə Bayramova