Buzlu yollara çınqılların tökülməsi qəzalar yarada bilər

Bu məsələdə birbaşa rayon icra hakimiyyətləri məsuliyyət daşıyır



Son günlər ölkə ərazisində şaxtalı, qarlı hava şəraiti hökm sürür. Qar ətrafda xoşagələn mənzərə yaratsa da, bəzi çətinlikləri də özü ilə birgə gətirib. Elə əsas problemlərdən biri yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsidir. Hətta paytaxtın bəzi yerlərində asfalt örtüyünün təmizlənməsi zamanı problemlər yaşanıb.

Sosial şəbəkə istifadəçiləri Bakının bəzi ərazilərində, o cümlədən Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yolların buz tutmasının qarşısını almaq üçün qum deyil, çınqıl töküldüyünü, nəticədə asfalt örtüyünün yararsız hala düşdüyünü yazıblar. İstifadəçilər yeni təmir edilən və yüksək səviyyədə olan yolları çınqılın dağıtmasından və bununla da dövlət büdcəsinə milyonlarla manat ziyan vurulduğundan şikayətləniblər.

"Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında çınqıl üzərində hərəkət edərkən avtomobillərdə tormozlanma sisteminin pisləşdiyini və nəticədə bunun qəzalara səbəb ola biləcəyini vurğulayıb: "Həmin çınqıllar yol örtüyünü yararsız hala salıbsa, deməli, həmin asfalt normal deyil. Bu çınqıllar hərəkət üçün müəyyən çətinliklər yarada bilər. Ümumiyyətlə, yollarda qumdan istifadə edəndə çox da narın olmayan, buzun üstünə tökmək üçün normal qumdan istifadə edirlər. Çınqılların yolda olması hər halda yaxşı deyil və onları aradan qaldırmaq lazımdır. Bu məsələ ilə "Azəravtoyol” və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İdarəsi məşğul olmalıdı”.

"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə ölkəmizdə bu cür problemlərin həlli üçün ilk növbədə icra strukturlarının düzgün fəaliyyət və məsuliyyətinin vacib olduğunu düşünür. Onun sözlərinə görə, məsələni dəqiq koordinasiya edən müvafiq sistemlərin olması əsas şərtdir: 

"Xarici ölkələrdə bu proseslərlə bələdiyyə məşğul olur. Əlbəttə ki, ölkəmizdə də bələdiyyənin məsuliyyəti var, amma bələdiyyələr demək olar ki, qeyri-formal olaraq icra hakimiyyətlərinə tabedirlər. Hər bir rayonda icra orqanları prosesi izləyir, idarə edir və müəyyən tapşırıqlar verir. Yolların belə olması birinci növbədə yerli icra hakimiyyəti orqanlarının məsuliyyətidir. Məlumdur ki, şəhər icra hakimiyyətinin müəyyən aparatı və funksiyası var. 

Ancaq rayonlarda birbaşa məsuliyyəti həmin rayonun icra hakimiyyəti daşıyır. Onların da fəaliyyəti bərbad vəziyyətdədir. Əksər rayonlarda ətraf mühit, yolların vəziyyəti, insanların qaz və su ilə təchizatı çox pis gündədir. Hesab edirəm ki, Azərbaycanda icra hakimiyyəti orqanlarının böhranı var. Bu, real faktdır. Mən birbaşa bu prosesin iştirakçısıyam. Məsələn, məktub yazanda ki, "filan nöqsanlar aradan götürülməlidir” onların cavabı "bu bizlik deyil” ya da "məsələni həll edəcəyik” şəklində olur. Əslində isə məsələ həll olunmur və təzədən yazışmalar gedir. Əlimdə icra orqanlarının necə işlədiklərinə dair müəyyən faktlar da var. İlk növbədə icra orqanlarının fəaliyyəti və məsuliyyətlərinə ciddi fikir verilməlidir. Yəni, ölkəmizdə əsas islahat buradan başlanılmalıdır. Ya onlar ləğv olunmalı, ya da həqiqətən seçilən bələdiyyə sistemi olmalıdır”.

Yeganə Bayramova