Canındanmı bezmisən, ay eyvandakı?..

Gah yaşlı qadın yerə düşür, gah gənc xanım pəncərə silərkən yıxılır"Xadimə işləyən qadınları təhlükəli şəraitdə işlədən ev sahibi məsuliyyətini anlamadıqca belə hallar təkrar olacaq” Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yerləşən 11 mərtəbəli binada xadimə işləyən Tovuz rayon sakini Zəminə Ələkbərova iş görərkən 7-ci mərtəbədən yıxılaraq ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə dekabrın 14-də baş verib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, oxşar bədbəxt hadisələr son zamanlar tez-tez baş verir. Gah yaşlı qadın eyvandan yıxılır, gah da gənc xanım pəncərə silərkən yıxılır. Amma dünən baş verən bədbəxt hadisədə diqqət çəkən bir məqam da mərhumun xadimə işləməsidir. Gündəlik ev işlərini görmək üçün müəyyən bir vəsait qarşılığında fəaliyyət göstərən xadimələrin kifayət qədər təhlükəli və ağır işlərə cəlb olunması günümüzün reallığıdır.Ailə üzvlərindən olan qadınlar xəsarət almasın deyə, 15-20 manat qarşılığında "qul bazarı”nda dayanan qadınlardan biri ilə sövdələşib, ev-eşiyini təmizlədən insanlar var. Belə olan halda isə həmin qadınların nə hüquqları, nə də təhlükəsizliyi təmin edilir.
 Bəs görəsən, qadınlar niyə təhlükəli olduğunu bildikləri halda həyatlarını riskə atırlar? 
Sağlam Toplum İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə "Şərq”ə açıqlamasında deyib ki, onların niyə risk etdiyi məlum məsələdir: 
"Xadimə qadınlar evindən qazanc üçün çıxır, nə iş olsa qazanıb evinə çörək aparmalıdır. Onların arasında da təhlükəsizlik üçün qoruyucu kəmərdən istifadə haqqında məlumatlı olanları var, amma o haqqını bilsə də, bunu ev sahibindən tələb edə bilmir. Çünki ev sahibi onun həyatı üçün narahat deyil, əlavə xərc çəkib təhlükəsizlik kəməri, sığorta ilə məşğul olmaq istəmir. Bunu tələb edən xadiməyə bir də iş vermir. Xadimə belə olduğu halda işini itirir, digər evlərdə bu barədə tələbini dilə gətirmir”. 
L.Mehralının sözlərinə görə, xadimə işləyən qadınları təhlükəli şəraitdə işlədən ev sahibi məsuliyyətini anlamadıqca belə hallar təkrar olacaq: 
"Hündür, çoxmərtəbəli binaların pəncərə və balkonlarında qoruyucu barmaqlıqlar qoyulmadığı və təhlükəsizlik kəməri istifadə edilmədiyi təqdirdə, bu cür hadisələr həmişə olacaq. Məsələyə ictimai yox, hüquqi yöndən əncam çəkilməlidir”. 
Psixoloq Dəyanət Rzayev isə bu cür bədbəxt hadisələr hər kəsin başına gəldiyi üçün məsələyə ümumi yanaşıb və insanların əksəriyyətinin aldadıcı özgüvənə sahib olduqlarını bildirib: 
"İnsanların çoxu bu qənaətlə hərəkət edir, "bu, mənim başıma gəlməz”. Hər gün ətrafımızda neçə-neçə bədbəxt hadisələr baş verir. Biri pilləkəndən, biri eyvandan, biri damdan yıxılır, biri pəncərə silərkən, ev təmizləyərkən qolunu-qıçını sındırır, hamamda, ayaqyolunda sürüşüb əl-qolunu şikəst edənlər var. Amma yenə də insanlar səhv hərəkətlərindən, səhv yanaşmalarından əl çəkmirlər. Mətbəxin, hamamın döşəməsi təmir edilərkən sürüşkən olmayan materialdan istifadə etmək olar, amma bizim camaat ən bahalı materialı seçir. Halbuki, o material həyat üçün təhlükəlidir. Döşəməyə bir balaca su tökülən kimi xanımın ayağı buzun üstündəki kimi sürüşür, yerə dəyir. Əlindəki də çiling-çiling olur, qolu-qıçı da. Bunlar hamısı insanların başına ehtiyatsızlıqdan gəlir. Həm də bilməməzlikdən. Ev təmir edilərkən ustalara müraciət edilməlidir ki, hansı materiallar istifadə olunsa, yaxşıdır. Hündür mərtəbəli binada yaşayırsınızsa, eyvandan, pəncərədən yıxıla biləcəyinizi gözə almalısınız və buna qarşı tədbir görməlisiniz. Xüsusilə əgər evdə yaşlı, qoca insan və uşaq varsa. Eyvanda, pəncərədə dəmir məhəccərlər olmalıdır. Bunlar yoxdursa, qapılar, pəncərə tağları möhkəm bağlanmalıdır. Mənzildə hər bir şey diqqətlə, ciddi nəzərdən keçirilməlidir. Elektrik naqilləri necə qoşulub, üzəri açıq qalanı yoxdur ki. Otaqda yelçəkən vəziyyətdirsə, qapı, pəncərə gərək çırpılmasın. Qapının, pəncərənin də örtülməməsi üçün müxtəlif vasitələr var. Bunun qarşısı alınmırsa, bir gün şüşə qırılıb ya öz başınıza düşəcək, ya da yoldan keçən birinin. Təəssüf ki, bizim əhali belə məsələlərə fikir vermir. Səhlənkarlıq edir”. 
Psixoloq mənzildə təmizlik işlərinin xüsusi işçilərə həvalə edilməsininin daha məsləhətli və məqsədəuyğun olduğunu deyib: 
"Mən də ailə üzvlərim üçün pəncərələrin silinməsini qadağa qoymuşam. Təmizlik işləri üçün adam çağırıram və fikir verirəm ki, bu adam, qadın xeylağı olmasın. Pəncərə silmək üçün xüsusi xidmət növü var. İldə bir neçə dəfə onlara sifariş verirəm, gəlirlər, təhlükəsizliyə riayət etməklə pəncərələri silirlər. 50 manat verirəm, silirlər. Yaxşısı budur, 50 manat xərcə düşüm, amma heç kim yıxılıb ölməsin, əzilməsin. Heç vaxt icazə vermirəm ki, təhlükəsizlik kəməri olmayan fəhlə eyvana çıxıb orada nəsə bir iş görsün. Yayda kondisioner quraşdıranda fəhlələri təhlükəsizlik kəməri vurmağa məcbur etdim. Şirkətlərinə zəng etdim, dedim, bu fəhlələrin təhlükəsizlik kəmərləri yoxdur, icazə vermirəm quraşdırma işləri aparsınlar. Fəhlələr and-aman edirdilər ki, birinci dəfə deyil, bu işi görürük, o qədər mənzildə kondisioner quraşdırmışıq. Dedim, yox, mən icazə vermirəm. Sənin də balaların var, yıxılıb başına bir iş gəlsə, kim məsuliyyət daşıyacaq?! Ümumiyyətlə, hər bir insan iş görməyə başlayarkən təhlükəsizliyini də düşünməlidir. Adam evin damına çıxır antena düzəltməyə, nə bilim, damı təmir etməyə, navalça vurmağa, yerdəkilər dayanıb onu "seyr edir”. Bu adamın birinci növbədə yıxılmaması, Allah eləməmiş yıxılsa da, əzilməməsi üçün nəsə bir tədbir görmək lazımdı. Yenə deyirəm, belə işlər üçünbacarıqlı adamlar, ustalar dəvət edilməlidir. İnsanın qazdan başı çıxmır, qaz plitəsi təmir edir, su borusu dəyişir. Belə işlər üçün xüsusi xidmət əməkdaşları var. Ehtiyat tədbirləri hər mənzildə görülməlidir. Bir də görürsən qadın pəncərənin məhəccərinə çıxıb arxaya qanrılıb pəncərə silir. Bu, aşkar ölümdür!.. Etiraz edəndə deyirlər, birinci dəfə deyil ki, həmişə silirik. İş adamın başına bir dəfə gəlir”. 
Şəymən