Çay süfrəsi arxasında 40 dəqiqəlik görüş

Ərdoğan İncə ilə görüşdü, siyasi xatirələrdən danışdılar



Türkiyədə CHP tərəfindən prezidentliyə namizəd göstərilən Məhərrəm İncə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. 40 dəqiqə davam edən görüşün təfərrüatları da məlum olub. Görüşdə Məhərrəm İncə prezident Ərdoğana ana tərəfinin Rizəli olduğunu deyib.
Ərdoğan İncədən Rizədə yaşayan qohumlarının olub-olmadığını soruşub. Söhbət əsnasında hər iki siyasətçinin şəhərdə birgə tanışlarının olduğu üzə çıxıb. Çay süfrəsi arxasında davam edən söhbət zamanı, siyasi xatirələrdən də söhbət açılıb. Həmçinin, Məhərrəm İncənin namizədliyi də müzakirə olunub. Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunun təsvir etdiyi namizəd profilini xatırladaraq "Partiyadan fərqli açıqlamalar edilirdi, amma namizəd kimi siz çıxdınız” deyib. Məlumat üçün deyək ki, CHP sədri iqtisadiyyatdan anlayan, davakar olmayan bir namizəd göstərəcəklərini açıqlamışdı. Bu tərifə gəlməyən İncənin namizədliyi hər kəsi təəccübləndirmişdi.
Gözlənilməz görüşü "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyədə baş verən proseslər fonunda iki siyasi xadimin görüşməsində təəccüblü bir şey yoxdur: "Türkiyədə iqtisadi böhran dərinləşə bilər. Budəfəki seçkilər digərlərindən fərqlidir. Prezident Ərdoğanın iki ciddi rəqibi var, biri İncə, digəri Meral Akşenerdir. Əgər seçki 2-ci tura qalarsa, kimin qələbə qazanacağını söyləmək qəlizdir. Düzdür, Ərdoğanın şansı yüksək görünür, lakin elə hadisələr baş verə bilər ki, seçicinin rəğbətinə təsir edər. Digər tərəfdən bölgədə yaşanan proseslər Türkiyəni hədəf edə bilər”.
İsmayıl