“Məqsədimiz basqın edərək əsgərləri öldürmək olub”
“İtkiləri ağır olacaq, hər təxribata qarşı ermənilərə sarsıdıcı zərbə vurulacaq”
İyunun 20-də axşam saatlarında Ermənistanın kəşfiyyat-təxribat qrupu təmas xəttində müdafiə xəttimizi keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı qabaqlayıcı tədbirlər görülüb və kəşfiyyat qrupu itki verərək geri çəkilib.
Təxribat qrupunun bir üzvü isə ələ keçirilib. Nazirlik cəbhədə ələ keçirilmiş erməni kəşfiyyatçısının görüntülərini yayıb. Erməni hərbçisi Zaver Hovanis Karapetyan deyib ki, 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olub:
"Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram. Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram. Əlverişsiz hava şəraitindən yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. Mən qaça bilmədim və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.
Təxribatla bağlı "Şərq”ə açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, düşmənin bütün həmlələri Azərbaycanın silahlı qüvvələri tərəfindən dərhal alınır və bundan sonra da alınacaq. Ekspertin sözlərinə görə, hər təxribatın cavabı olaraq ermənilərə sarsıdıcı zərbə vurulacaq:
"Ağılsız ermənilər təxribatlarına son vermədikcə, ağır itkilər verməyə məhkumdurlar. Müdafiə Nazirliyi qeyd edib ki, təxribata cəhd cəbhənin qərb istiqamətində olub. Milli ordumuzun ayıq-sayıqlığı nəticəsində düşmən əməliyyatının qarşısı alınıb və bir kəşfiyyatçı sağ ələ keçirilib. Erməni tərəfi isə açıqlama verib ki, guya onların heç bir itkisi yoxdur, hərbi qulluqçuları əsir düşməyib. Əslində ermənilərdən fərqli yanaşma gözləmirdik. Aprel döyüşləri zamanı da ermənilər itkilərini gizlədir, ölü və yaralı əsgərlərinə sahib çıxmırdılar”.
Ü.Cəfərov bildirib ki, təxribat məqsədi ilə Azərbaycana göndərilmiş kəşfiyyatçıların məhv edilməsi və bir nəfərin əsir düşməsi düşmən üçün böyük rüsvayçılıqdır:
"Ona görə də hazırda Ermənistan hökuməti bəhanələr fikirləşməklə məşğuldur. Yəqin deyəcəklər ki, həmin erməni həqiqi hərbiçi deyildi, yolu azmışdı və s. Biz çalışırıq ki, vicdansız erməniləri yola gətirək, özlərinin ziyanına işləyən təxribatlardan çəkindirək, amma təəssüflər olsun ki, düşmən çirkin əməllərinə son qoymur. Düşünürlər ki, Azərbaycan silahlı qüvvələrinin başı hərbi təlimlərə qarışdığı üçün təxribatlara cavab verə bilməyəcək. Amma ermənilər yanıldı və ağır zərbə aldı. Hesab edirəm ki, Ermənistan tərəfi bundan ciddi nəticə çıxartmalıdır”.
İsmayıl