Cəmiyyətin 90 faizi DİM-in işindən razıdır







Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Şura üzvlərinə Azərbaycan Prezidenti İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə Prezidentinə təqdim olunacağı qeyd olunub.

DİM-in qəbul imtahanlarının nəticələrinin Prezidentə təqdim ediləcəyi xəbərini şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu qurumun konkret olaraq hansı məlumatları Prezidentə təqdim edəcəyi barədə məlumatlı olmadığını deyib: "Mən ancaq öz fərziyələrimizi deyə bilərəm və dediklərim yanlış da ola bilər. Hesab edirəm ki, ölkə başçısı təhsilin inkişafı barədə konkret məlumat almaq istədiyi üçün DİM belə bir hesabat hazırlayıb. Onu deyə bilərəm ki, biliyin qiymətləndirilməsində Dövlət İmtahan Mərkəzi çox vacib rol oynayır. Qurumun keçirdiyi imtahanların nəticəsi cəmiyyətin 80-90 faizi tərəfindən qəbulolunandır. Bu mənada ölkə başçısının təhsilin səviyyəsi ilə bağlı nəticələri DİM-dən istəməsi təbiidir”.

Digər təhsil eksperti Kamran Əsədov isə xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı sərəncama əsasən TQDK ləğv edilib yerinə publik hüquqi şəxs olan DİM yarandı. DİM öz fəaliyyəti zamanı təkcə ali təhsil müəssisələrinə qəbul imtahanlarını təşkil etmir, eyni zamanda bu qurum bütün dövlət qurumlarına qəbulu, orta ixtisas təhsili müəssisələrinə qəbul kimi ciddi fəaliyyəti yerinə yetirir.

Qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq, publik hüquqi şəxs müstəqil qurum olsa da, DİM dövlətin ən strateji əhəmiyyətli işlərini yerinə yetirir və buna görə də, onun Azərbaycan Respublikası Prezidentinə yalnız hesabat təqdim etmək öhdəliyi var: 

"Hesab edirəm ki, fəaliyyəti dövründə dövlət büdcəsinin vəsaitindən istifadə etməməklə, yalnız öz xidmətləri ilə maliyyələşən DİM ölkədə publik hüquqi şəxs institutlarının formalaşdırılmasında ciddi rol oynayacaq. 2 il ərzində DİM əhatə dairəsi yüz mindən çox insanı birləşdirən imtahanlar keçirib. Müsbət tərəfi odur ki, DİM təkcə yerli əhəmiyyətli imtahanlar yox, eyni zamanda SAT kimi beynəlxalq imtahanları yüksək səviyyədə təşkil edib ki, bütün bunlar da hesabat dövründə baş verib.

Əlbəttə ki, bütün bunlarla yanaşı dövlət qulluğuna qəbul imtahanlarının iki illik fasilədən sonra yeni qaydalar və formatda təşkil edilməsi DİM-in mütərəqqi uğurlarından hesab olunur. Azərbaycan idarəetmə formasına görə prezidentli respublikadır və bütün dövlət qurumları Prezidentə illik fəaliyyətləri barədə hesabat təqdim edirlər. Ölkə başçısı da bu fəaliyyəti qiymətləndirib öz irad və təkliflərini verir. Düşünürəm ki, DİM-in bundan sonrakı fəaliyyəti də Azərbaycan təhsilinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək. Çünki onların təşkil etdiyi obyektiv, qərəzsiz, ədalətli və şəffaf imtahanlar istər ölkədə, istərsə də xaricdə yüksək qiymətləndirilir”.

Şəymən