Cəza yüngülləşdirilir

Qanunun nəticəsinin müsbət olacağı gözlənilir



Milli Məclisin payız sessiyasında "Yuvenal ədliyyə haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bu barədə Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: "Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq”.

R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib”.

Qanunun hazırlanmasına bir neçə il əvvəl başlanılsa da, layihə hələ tam olaraq qəbul edilməyib. Qeyd edək ki, "Yuvenal ədliyyə haqqında” qanun ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud problemlərin həlli istiqamətinə yönəlib. Maraqlıdır, layihə qəbul edildiyi təqdirdə müsbət nəticələr əldə oluna bilərmi?

Hüquqşünas İradə Cavadovanın "Şərq”ə açıqlamasına görə, Yuvenal ədliyyə ilə bağlı uzun müddətdir ki, müzakirələr gedir. Müzakirələrin bir neçə dəfə BMT-nin Uşaq Fondu tərəfindən təşkil olunduğunu deyən vəkil sözügedən layihədə daha çox BMT-nin maraqlı olduğunu da diqqətə çatdırıb: 

"2012-2013-cü illərdə ATƏT-in Bakı ofisi də bu məsələdə çox maraqlıydı və ofisin rəhbəri layihənin əhəmiyyəti barədə xeyli danışıqlar aparmışdı. Hətta o zaman Hadi Rəcəbli də qanun layihəsi ilə bağlı çıxış etmişdi. Bundan başqa, 2012-ci illərdə Milli Məclisin UNİCEF-lə əməkdaşlığı da var idi. Keçən il yenidən bu qanun gündəmə qayıtdı. Buna baxmayaraq müzakirələr hələ davam edir. Ümid edirəm ki, qanunun nəticəsi müsbət olar. 

Lakin çox yaxşı olardı ki, layihə haqqında ictimaiyyətin də bir məlumatı olsun. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzən müəyyən qanun layihələri müzakirəyə çıxarılır, amma ictimaiyyət bundan xəbər tutmur. Nəticədə qanun qəbul ediləndən sonra yekun olaraq cəmiyyətə təqdim olunur. 

Düşünürəm ki, yeni layihələr qəbul edilməzdən öncə vətəndaşlar da bundan xəbərdar olsa yaxşı olar. Ümumiyyətlə, "Yuvenal ədliyyə haqqında” qanun uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur”.

Yeganə Bayramova