"Çıxış yolu problemli kreditin dövlət, banklar və müştərilər arasında bölünməsidir"

"Bütün problemli kreditlər 2015-2016-cı illərdən indiyə kimi qalıb. Birinci devalvasiyanın təsirlərindən çıxmamış ikinci devalvasiyanın baş verməsindən sonra banklar çətin vəziyyətə düşdü".
Bunu "Sherg.az"a iqtisadçı- ekspert Ruslan Atakişiyev bildirib. 
Onun qənaətincə, həqiqətəndə vətəndaşlar borclardan dolayı çox əziyyət çəkir:
Devalvasiyaların təsiri ilə yaranan borclar istehlakçılar üçün böyük bir problem oldu. Bu hadisələrin üzərindən uzun vaxtın keçməsi müştərilərin borclarını daha da artırdı. Baş verən hadisələr müştərilərlə bankların münasibətlərinin korlanmasına, iki tərəf arasında məhkəmə məsələlərinin gərginləşməsinə və əhalinin banklara inamının itirməsinə gətirib çıxardı. 
Problemli kreditlər haqqında əvvəllər də, indi də iqtisadçı ekspertlər olaraq müəyyən fikirlər söyləmişik. Bu məsələnin alternativ çıxış yolu yaranmış borcları banklar, müştərilər və dövlət arasında bərabər şəkildə ödəməkdir. Məsələnin bu qədər uzanmasının bir səbəbi də dövlətin bu sahədə konkret çıxış yolunu tapa bilməməsidir. Dövlət müqavilə bağlanan zaman bankların müştərilərə şərtlərin əvvəlcədən deməməsi məsələsinə toxunur. Banklar isə bildirir ki, onlar bütün şərtlər haqqında ətraflı məlumat verilib. 
Müştərilər də bankların açıqlamasını inkar edir. Onlara kredit verilən zaman ətraflı məlumat verilmədiyini söyləyir. İkinci tərəfdən, banklar borcu 1.05 manatla hesablayıb müştərilərə yardımçı ola bilər. Bəzən bunları praktikalarda müşahidə etmişik. Bu məsəslədən ən sağlam çıxış yolu yaranan problemli borcun dövlət, banklar və müştərilər arasında bərabər bölünüb, ödənməsidir".
Kənan Eynuroğlu