"Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin imkanları məhduddur" - Müsahibə

Pənah Hüseyn:"Torpaqlarımızın qaytarılması üçün ölkənin hərbi gücü möhkəmləndirilməlidir. Yalnız bu halda vəziyyətin dəyişməsinə, torpaqlarımızın azad olmasına ümid etmək olar"




Azərbaycan Xalq Partiyasının lideri, sabiq millət vəkili Pənah Hüseyn "Sherg.az”a müsahibə verib. Onunla Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, bu səfər çərçivəsində onun səsləndirdiyi fikirlər, Dağlıq Qarabağ münaqişəsində Moskva və Ankaranın rolu, probelmin həllinə dair Azərbaycanın atmalı olduğu addımlar barədə maraqlı söhbət apardıq.

Müsahibəni təqdim edirik:

-S.Lavrov Bakıdakı çıxışlarının birində qeyd etdi ki, ABŞ-la Rusiya arasındakı münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki əməkdaşlığa təsir etmir. Sizcə, bu bəyanatın arxasında hansı mesajlar dayanır?

Lavrovun çıxışı, Bakıda görüşdən sonra söylədikləri yeni bir şey deyil. Əslində Rusiya və ABŞ arasında Dağlıq Qarabağa münasibətdə fikir ayrılıqlarının olmaması xoşagəlməzdir. Azərbaycan ictimaiyyəti bilir ki, Qarabağın işğalı yalnız Rusiyanın Ermənistanla müttəfiq olması sayəsində davam edir. Rusiya da bunu gizlətmir. Odur ki, Lavrovun açıqlamalarında münaqişənin həqiqətən həlli istiqamətində real addımların olmasını müşahidə etmədim. Bu, təəssüf doğurur.

-Rusiyalı nazir digər açıqlamasında isə münaqişənin həlli üçün hazırlanmış menyunun masa üzərində olduğunu bəyan edib. Bunu necə şərh edərsiniz?

-Cəmiyyətə ictimaiyyətə saxta gözləntilər vermək, sonrada bunları məruzə etmək nəticədə bizim milli və müdafiə maraqlarımıza xidmət etmir. Torpaqlarımızın azad olunması işinə zərər vurur.

Azərbaycan öz potensialına arxalanmaqda davam etməlidir. Torpaqlarımızın qaytarılması üçün ölkənin hərbi gücü möhkəmləndirilməlidir. Yalnız bu halda vəziyyətin dəyişməsinə, torpaqlarımızın azad olmasına ümid etmək olar. Danışıqlar 30 ildən çoxdur davam edir və davam edəcək. Diplomatik addımlara qarşı çıxmaq da mümkün deyil.

-Lavrov Azərbaycanı Avrasiya İqtisadi Birliyinə (AİB) qatılmasından da söz açıb. Bildirib ki,Azərbaycan bu addımı atarsa, Rusiya çox razı qalar...

-Bu, Rusiyanın strateji xəttidir. Rusiya Azərbaycanı və keçmiş SSRİ-yə daxil olan ölkələri bu şəkildə AİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək istəyir. Bu mənada S.Lavrov və Rusiya rəhbərliyi Azərbaycanı həmin təşkilatlarda görməkdən şad olar.

-Azərbaycan bu təkliflə hansı halda razılaşa bilərmi?

Azərbaycan hakimiyyətini müdafiə edən şəxslər belə fikir səsləndirirlər ki, Qarabağ işğaldan tamam azad olunsun, Azərbaycan torpaqlarını azad etsin, sonra bu məsələyə baxmaq olar. Lakin çox ciddi geopolitik dəyişikliklər Azərbaycanın bu məsələyə yenidən baxmasını təmin edə bilər. Bu isə Türkiyənin və başqa region ölkələrinin geosiyasi mövqelərində baş verən dəyişikliklərlə bağlıdır. Azərbaycanın Avrasiya İttifaqına daxil olması Qarabağ işğal altında olduğu şəraitdə ölkəmizin strateji maraqlarına cavab vermir. Hazırda bu müzakirə edilə bilməz.

-Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş Türkiyə həlledici rola malikdirmi?

Türkiyə bu istiqamətdə müəyyən səy göstərməyə çalışır. Lakin sonuncu, Soçi görüşü də göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyənin imkanları məhduddur.

Münaqişənin həlli istiqamətində Azərbaycan hansı addımlar atmalıdır?

Dövlətimiz ordusunu genişləndirməlidir. Ölkədə Qarabağ məsələsinə münasibətdə milli birlik nümayiş olunmalı, ictimai rəy hazırlanmalıdır. Dünya və region ölkələri, işğalçı bilməlidir ki, Azərbaycan BMT nizamnaməsində nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edəcək. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün Silahlı Qüvvələrdən də istifadə edə bilər. Yalnız bu halda məsələnin köklü həllinə ümid etmək olar. Elə situasiya yaranmalıdır ki, Azərbaycan cəmiyyəti, öz torpaqlarını işğaldan azad etmək qətiyyəti ortaya qoysun və buna qadir olsun. İstər hərbi, istərsə də siyasi, ictimai, psixoloji cəhətdən kompleks işlər görülməlidir. Hələlik bu istiqamətdə addımlar atılmırsa, bunun həm daxili, həm xarici səbəbləri var. Hər iki faktor aradan qaldırılmalıdır. İlk növbədə daxili problemlərin həlli əsas götürülməlidir.

Hazırladı: Aysel Aslan